Yuxarı

Siyasi dəllalların güdazına gedənlər

Siyasi dəllalların güdazına gedənlər

Siyasi dəllalların güdazına gedənlər: "Mühacir biznesi” yüzlərlə insanı taleyin ümidinə buraxır

Əsasən ənənəvi müxalifətə, daha dəqiq desək, Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd”un fəalliyyət sferasına daxil olan "siyasi mühacir” biznesi bütün zamanlarda aktuallığını qorumağı bacarıb. İnsanlar Avropaya böyük ümidlərlə gedir.Kimisi Azərbaycandan gedib özünə daha yaxşı, firavan həyat qurmaq, kimisi müalicə almaq, kimisi övladlarına yaxşı təhsil vermək ümidilə qoca qitəyə üz tutur.Bəs onların sonrakı aqibəti necə olur?

Son vaxtlar Avropaya mühacirət etmiş azərbaycanlıların etdikləri etiraflar onu göstərir ki, qürbətə yollanan soydaşlarımızın heç də hamısı arzusuna çata bilmir.

Mühacirətdə olan bir sıra soydaşlarımızın acı etirafları göstərir ki, Avropa ölkələri hər şeyin asanlıqla əldə edildiyi  "cənnətməkan” deyilmiş. Bəlkə də Avropa, Qərb demokratiyası heç də göründüyü kimi deyil!? Bu günlərdə facebook sosial şəbəkəsində  Almaniyaya mühacirət etmiş bir soydaşımızın yazısına rast gəldim. Böyük ümidlərlə Almaniyaya yollanmış, ancaq siyasi mühacir statusu ala bilməmiş soydaşımız alman məhkəməsini "ədalətsiz qərar verməkdə” günahlandırırdı.

Adam gerçəkdən xəyal qırıqlığına uğramış, bəlkə də onun düşüncələrində formalaşmış "ədalətli Avropa”, "cənnət Almaniya” təəssüratı darmadağın olmuşdu.

O təəssüratı isə onların beynində yaradan siyasi mühacir biznesini gəlir mənbəyinə çevirmiş siyasi dəllallardır. Azərbaycanlıların Avropada "ikinci sort” vətəndaş münasibəti ilə qarşılaşması, aşağılanması  yalnız ciblərini doldurmağı qarşısına məqsəd qoymuş siyasət dəllallarının vecinə deyil. "Siyasi mühacir” kimliyi ilə Avropaya yollanan bir çox şəxslər  bilmir ki, onları hansı çətinliklər gözləyir. Bəlkə də onlar "cənnət ölkələrdə” yaşamağa deyil,  ölümə gedirlər. Özləri də bilmədən...

Bəllidir ki, Avropada yaşamaq istəyən soydaşlarımız birinci Almaniyanın adını yazırlar.Təsadüfi deyil ki, bu gün azərbaycanlıların əksəriyyəti də məhz bu ölkədə məskunlaşıb.İndi Almaniyada yaşayan mühacirlərdən biri yazır ki, alman polisi azərbaycanlı siyasi mühacirləri yoxlamağa başlayıb.Artıq bir neçəsinin statusu ləğv edilib və yoxlamaq üçün Azərbaycan tərəfinə göndərilib.İndi Almaniyada yaşayan mühacirlərin canına vəlvələ düşüb.Çünki bir çoxları deməsələr də, hansı yollarla, necə mühacir olduqlarını yaxşı bilirlər.Axı mühacirətə getmək üçün onlara yazılan ssenariləri canla-başla əzbərləyirlər.Əks halda, Qərb demokratiyasını aldatmaq mümkün olmazdı.Bəzən siyasi mühacir statusu almış elə adama rast gəlirsən ki, onun nəinki siyasi, ümumiyyətlə, hər hansı bir fəaliyyətini xatırlamaq mümkün deyil.Bəllidir ki, adamın siyasi fəalliyyəti olmayıb.Bəs bu statusu necə alır?Yüksək aktyorluq bacarığı ilə ona yazılan ssenarini oynamaqla və müəyyən qədər xərc çəkməklə o, da bu statusa "layiq” görülür.

Maraqlıdır ki, Avropaya yollanmış azərbaycanlıların bir qismi geri qayıtmaq istəyir.Bu günlərdə Almaniyada yaşayan xanım soydaşımız belə bir ailə haqqında yazmışdı.Qeyd etmişdi ki, azərbaycanlı ailə Almaniyaya sığınıb, ancaq ünsiyyət, adaptasiya problemləri yaşadığından orada yaşaya bilməyərək Azərbaycana geri dönüblər. Doğrudan da bu gün Avropada məskunlaşmış azərbaycanlı mühacirlərin heç də hamısı  firavan həyat yaşamırlar. Demək olar ki, hər birinin ən azı Azərbaycanda olduğu qədər problemləri var. Onların əksəriyyəti də geri qayıtmağı arzulayırlar.Sadəcə, bəziləri qorxularından, bəziləri də cəmiyyətin qınağından çəkinərək öz vətənlərinə qayıtmırlar.

Ortada qazanan isə insanı bir göz qırpımında  taleyin ümidinə buraxan siyasi dəllallar olur.  

Vilayət Muxtar






Həftənin ən çox oxunanları