Yuxarı

Müxalifətin xilas formulu - AXCP-nin birlik təşəbbüsü

Müxalifətin xilas formulu - AXCP-nin birlik təşəbbüsü

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hər zaman müxalifətin birliyinə, əməkdaşlığına yönəlik çağırışlar səsləndirib. Razi Nurullayevin rəhbərlik etdiyi partiya sonuncu dəfə sentyabr ayında müxalifəti birliyə səslədi.

Qeyd edək ki, AXCP-nin təşəbbüsü ilə  sentyabr ayının 26-da "Müxalifətin prezident seçkilərində iştirakı və perspektivlər” mövzusu ilə bağlı "dəyirmi masa” keçirilib. Tədbirdə AXCP ilə yanaşı, müxalifəti təmsil edən digər siyasi partiyalar iştirak ediblər.

Tədbirdə çıxış edən AXCP sədri Razi Nurullayev bildirib ki, müxalifət həmişə seçkiyə 1 ay qalmış belə, namizəd müəyyən edə bilmir: "Müxalifət hər zaman ya seçkiyə dava-qırğınla, ya da boykot etməklə gedir. Bizim mövqeyimiz budur ki, heç bir seçki boykot edilməməlidir. Bu, hakimiyyətin işinə yarayır. Biz Azərbaycanda hakimiyyəti dinc yolla, Konstitusiyada göstərildiyi kimi, seçki yolu ilə əldə etmək istəyirik. Azərbaycanda zor gücü ilə hakimiyyəti dəyişməyə çağırış edən siyasi partiya olmayıb. AXCP mənim namizədliyimi verməyimi tələb edir. Düşünür ki, seçkiyə 10-11 ay qalmış bütün məsələləri müəyyən etməliyik. Dekabr ayının 31-nə qədər müxalifət toplaşıb qərar verməlidir. Əgər 31 dekabra qədər müxalifət qərar verməsə, AXCP özü öz yolu ilə gedəcək və digər müxalif partiyalarla heç bir danışıqlara oturmayacaq”.

Xalqa veriləcək vədlərə gəldikdə isə Razi Nurullayev bildirib ki, ölkədə azad və demokratik seçki keçirilməlidir.

Ənənəvi müxalifət iş başında

Seçkinin əhəmiyyətini nəzərə alsaq, zaman çox qısadır. Lakin hələ də özünü iddialı sayan siyasi təşkilatlardan AXCP-nin bu çağırışına adekvat cavab gəlməyib. Ümid və BAXCP kimi siyasi partiyalardan müəyyən bir dəstək olsa da hələlik, digər qurumlar susurlar. Müxalif düşərgəni təmsil edən kifayət qədər partiyanın olduğunu, indiyədək də bu təklifin nəzərdən keçirilmədiyini və birlik prosesinin özünün uzun prosedur tələb etdiyini nəzərə alsaq, ilin sonunadək bu çağırışın müxalifət daxilində birlik yaradacağını gözləmək real görünmür.

Əlbəttə, AXCP-nin - artıq iki ildən çoxdur ki, yeni baxışlar və daha çox kütləvi formada özünü göstərən bir siyasi partiyanın bu təşəbbüsünə lazım olan dəstəyin verilməyəcəyi də gözlənilən idi. Bu, AXCP-yə olan münasibətdən asılı deyil, özünü müxalifət sayan bir sıra qüvvələrin gücsüzlüyü, qayə və məqsədlərinin aydın olamamasından irəli gəlir. Eyni zamanda isə ənənəvi müxalifəti təmsil edən siyasi partiyalar arasında uzun illərdir ki, mənasız didişmə və fikir ayrılıqları var. Bu didişmə, mövqe savaşı ənənəvi müxalifəti birləşməyə qoymur, düşərgənin başını iç savaşla qatır. Mövqe savaşı ənənəvi müxalifəti toparlanıb mübarizəyə səfərbər olmağa qoymur.

Bu, özünü yenidən qızışan ənənəvi "Yurd” - Müsavat gərginliyində də göstərdi. "Yurd” sədri Əli Kərimlinin "əsl müxalifət bizik, Müsavat satılıb” ittihamına, qarşı tərəfin cavabı da "Satqın sizsiniz, biz yox”, formasında oldu. Beləliklə, 1993-cü ildən hər iki siyasi qurum mübarizəni hakimiyyətə gəlmək və ölkədə demokratik seçkilərin bərpa edilməsi uğrunda yox, müxalifətçilik mövqeləri uğrunda aparır. Əlbəttə, bunun müxalifətin birləşə bilməməsində oynadığı dağıdıcı rol da göz önündədir. 1993-2013-cü illər aralığında keçirilmiş bütün parlament və prezident seçkilərində müxalifətin məğlub olmasında da "Yurd” və Müsavatın müxalifətçilik davasının oynadığı rol gözlə görünən idi.

2018-ci ildən gözləntilər

Qarşıdan gələn prezident seçkilərində müxalifətin birləşəcəyi ilə bağlı ehtimallara  gəlincə, indidən demək mümkündür ki, ənənəvi müxalifət yenə  pozuculuqla məşğul olacaq. 

"AXCP-nin namizədi Razi Nurullayevdir”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, siyasi müxalifətin birləşməsi, aktiv şəkildə gələn il prezident seçkilərinə getməsi üçün real imkanlar var. Buna baxmayaraq, AXCP yetkilisi ənənəvi müxalifətin dağıdıcı missiyası və digər siyasi partiyaların isə ambisiyalarının, bu birliyin qurulmasında ən başlıca maneə olduğunu deyir: "Prezident seçkiləri ölkənin siyasi həyatında ən əlamətdar hadisədir. Belə bir situasiyada müxalifət birləşməli, vahid şəkildə öz namizədini irəli sürməlidir. Neçə ildir ki, iqtidarın apardığı siyasətdən xalq kifayət qədər narazıdır. Həmçinin, ənənəvi müxalifətin fəaliyyətindən də narazılıq var. Buna görə də bu birliyin olması labüddür. Hesab edirəm ki, ənənəvi müxalifətin seçkiqabağı sakitliyi, elektoratının zəif olmasından qaynaqlanır. İqtidar da bundan məharətlə istifadə edir”.

M.Əsədullazadənin sözlərinə görə, AXCP sədri Razi Nurullayev dəfələrlə müxalifətin birləşməsi və vahid namizəd məsələsini qaldırıb, partiyalara bununla bağlı müraciət edib:

"AXCP həmişə birlik nümayiş etdirir və bu istiqamətdə səylərini əsirgəmir. İlin sonu yaxınlaşır. AXCP öz namizədi Razi Nurullayevin namizədliyini irəli sürəcək. Bu imkanı və şansı siyasi müxalifət əldən verir. Xalqla işləmək, xalqı seçki prosesinə qatmaq lazımdır. Xalq siyasi müxalifətə inanmalıdır. AXCP xalqla təmasdadır və seçkilərdə xalqın böyük dəstəyini alacağımıza inanırıq. Xalq yeni dəyişikliklərə gedən siyasi lideri dəstəkləyəcək. Ənənəvi müxalifət və iqtidar bu illər ərzində xalqın dəstəyindən məhrum olub. Yeni imkanlarla biz seçkiyə gedib, ölkədə böyük siyasi proseslərə dəstək verəcəyik”.

Mənsur






Həftənin ən çox oxunanları