Yuxarı

Azərbaycan Kremlin şərtini qəbul etsə

Azərbaycan Kremlin şərtini qəbul etsə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə noyabrın 13-də Soçidə Dağlıq Qarabağ probleminə dair apardığı müzakirələrdən danışıb."Biz cənab Putinlə Dağlıq Qarabağ problemini müzakirə etdik.Rusiyanın Ermənistana təsir gücü var. Daha öncə qəbul edilmiş və işğal olunmuş yeddi rayondan beşinin qaytarılması ilə bağlı qərar mövcuddur.Biz bunun üzərində dayandıq ki, həmin qərarlar icra edilməlidir.Cənab Putin müsbət yanaşır, lakin xüsusi ümid bəsləmir.Düşünürəm ki, onun ümidsizliyi iki ölkə arasında münasibətlərlə bağlıdır”.

Qeyd edək ki, Putinlə Ərdoğan arasında danışıqlar bir neçə gün bundan əvvəl baş tutub.Prezidentlər və onların mətbuat xidmətləri görüşlərin Dağlıq Qarabağ münaqişəsi üzrə nəticələrini şərh etməyiblər, halbuki Ərdoğan Azərbaycan üçün çox vacib olan bu mövzunun müzakirəsini anons etmişdi.Noyabrın 22-də Rusiya və Türkiyə prezidentləri Soçidə yenidən görüşəcəklər.

Lakin cənab Ərdoğan V.Putinin işğal altındakı ərazilərin boşaldılmasına nə üçün ümidsiz yanaşmasına aydınlıq gətirməyib.Hər halda, Dağlıq Qarabağ probleminin açarı Rusiyanın əlində olduğundan Putinin məsələyə ümidlə yanaşması, yəni razılığı işğal altındakı torpaqların boşaldılması üçün həlledici qərar rolunu oynaya bilər.Deməli, Putinin Ərdoğanla danışıqlara soyuq yanaşma nümayiş etdirməsi ya Rusiya rəhbərliyinin güzəştə getmək istəmədiyini göstərir.Digər ehtimal kimi ərazilərin qaytarılması müqabilində Rusyanın irəli sürdüyü şərtlərin Azərbaycan tərəfindən müsbət qarşılanmadığını söyləmək olar.Bu səbəbdən Ərdoğanın Azərbaycanla Rusiya arasında vasitəçilik qurmaq cəhdləri alınmayıb.Siyasi müşahidəçilərin qənaətincə, Türkiyənin Rusiya ilə əlaqələri strateji müttəfiqlik səviyyəsinə qaldırması Dağlıq Qarabağ probleminin nizamlanmasında Azərbaycanın əleyhinə işləyən amilə çevrilib.Yaxın Şərqdəki geosiyasi proseslərlə bağlı Moskva ilə anlaşmaya gedən Ərdoğan hakimiyyəti Cənubi Qafqazda Rusiyanın dominant rolunu tanımaq məcburiyyətindədir.Bu da Rusiyanın həm Ermənistana, həm də Azərbaycana əvvəldən mövcud olan güclü təsir imkanlarını bir qədər də artırır.

Politoloq Elşən Manafovun sözlərinə görə, Putinin aşıqlaması Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə qeyri-səmimi münasibətindən xəbər verir.Münaqişənin həllində vasitəçilik edən ABŞ və Fransadan fərqli olaraq, Rusiya üstün imkanlara malikdir. Bu baxımdan, Moskva münaqişənin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində maraqlı olsa, bütün vasitələrdən istifadə edə bilər:

"Rusiyanın Ermənistana təsir göstərmək üçün kifayət qədər çeşidli imkanları var. Ermənistan Rusiyadan tam mənada asılı bir dövlətdir. Bir müddət öncə Ermənistanın NATO -nun təlimlərində iştirak etməsi və Qərbə inteqrasiya istiqamətində atdlığı addımlar Rusiyanın təsir dairəsindən çıxmağa xidmət etsə də, rəsmi İrəvan buna qadir deyil.Ermənistanda Rusiyadan asılı olmayan və Qərbin maliyyə dəstəyi ilə hakimiyyətə gələn siyasi qüvvə Kremllə münasibətlərə fərqli baxışdan yanaşa bilər.Sarkisyan iqtidarının belə imkanları yoxdur.Bu mənada düşünürəm ki, Putin öz açıqlamalarında səmimi deyil.Sadəcə olaraq, münaqişənin həllini tapması Ermənistanın Rusiyanın təsir dairəsindən çıxıb Qərblə yaxınlaşmasına şərait yarada bilər.Moskva bundan narahat olur.Xüsusilə də Yaxın və Orta Şərqdə Suriya problemi öz həllini tapmaq üzrə olduğu bir vaxtda Rusiya Cənubi Qafqaz kimi həyati maraqları olan bir bölgədə özü üçün problem yaratmaq istəmir. Məlumdur ki, ABŞ MDB məkanında bir sıra geosiyasi inqilabların həyata keçməsini təmin etməklə Rusiyaya alternativ mövqedə dayanan qüvvələrin hakimiyyət başına gəlməsinə nail ola bilib. Buna misal olaraq, Gürcüstanda, Ukraynada baş verən inqilabları göstərmək olar.Ona görə də Rusiya Cənubi Qafqazda Gürcüstanın ardınca daha bir dövlətin öz təsirindən çıxıb Qərbə meyilli siyasət yürütsün.Rusiya anlayır ki, Dağlıq Qarabağ problemi aradan qalxacağı təqdirdə, Azərbaycana təsir imkanları məhdudlaşacaq.Moskva yalnız münaqişənin həllində maraqlı olacağı halda belə bir addımı ata bilər.Azərbaycan Rusiya üçün strateji əhəmiyyət kəsb edən bir dövlətdir.Putin iqtidarı onu da bilir ki, Azərbaycan Rusiyanın patronajlığı aıtında yaradılmış Avrasiya İqtisadi Birliyinə qoşulsa, bu iqtisadi baxımdan kifayət qədər cəlbedici olacaq.Amma Rusiya hazırda dünyadakı iqtisadi reallıqları nəzərə alaraq, Ermənistana təzyiq göstərmək niyyətində deyil.Moskva onu da anlayır ki, Azərbaycanla münasibətlərin Türkiyə-Rusiya münasibətləri kontekstində qurulması bölgədə təhlükəsizlik problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.Görünür, beynəlxalq siyasi şərait Cənubi Qafqazın ən böyük problemlərindən biri olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli səviyyəsinə çatmayıb.Eyni zamanda, Serj Sarkisyan iqtidarı ilə bağlı Rusiyanın əlində olan kompromat materiallar Kremlin Ermənistanda növbəti iqtidarın hakimiyyət başına gəlməsində maraqlı olmadığını göstərir.Ona görə də Rusiya Ermənistanla münasibətləri fərqli müstəviyə keçirmək niyyətində deyil”.

Elşən Manafov hesab edir ki, Türkiyə rəhbərliyi danışıqlarda münaqişənin nizamlanması məsələsini Azərbaycanın maraqlarına uyğun qaldırsa da Rusiyaya təsir etmək imkanlarına malik deyil. Bu da Türkiyənin digər geosiyasi problemlərin həllində Rusiyaya ehtiyacının yaranması ilə bağlıdır:

"Hazırda Türkiyə Rusiya ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa üstünlük verir. Çünki Türkiyənin enerji təminatında Rusiyanın oynadığı rolu Azərbaycan yerinə yetirə bilmir.Rəsmi Ankara bunu nəzərə alır.Digər tərəfdən, Türkiyə Rusiya ilə hərbi-texniki əməkdaşlığın genişlənməsində maraqlıdır.Ərdoğan iqtidarı dönəmində ABŞ-la münasibətlərdə xeyli problemlər yaranıb.Bu mənada Türkiyə və Rusiya əməkdaşlığa məhkum ediliblər.Türkiyə-Rusiya münasibətlərinin hazırkı vəziyyətini XX əsrin 20-ci illərində Atatürk Cümhuriyyətinin Lenin Rusiyası ilə münasibətlərinə bənzətmək olar.Kommunist ideologiyasına mənfi münasibət bəsləyən Mustafa Kamal Atatürkün Antantaya qarşı mübarizədə Lenin Rusiyasının dəstəyinə ehtiyacı var idi.İndi də Türkiyənin Rusiyaya ehtiyacı, Yaxın və Orta Şərqdəki vəziyyət, Suriya böhranının həlli, İŞİD-ə qarşı mübarizə çərçivəsində anlaşılmalıdır.Həmçinin, Birləşmiş Ştatların Fətullah Güləni Türkiyəyə qaytarmaq istəmədiyini nəzərə alsaq, Ərdoğan hakimiyyətinə qarşı paralel dövlət təhlükəsi amili qalır.Bu mənada, ABŞ-ın ciddi təzyiqinə qarşı Türkiyə Rusiya ilə münasibətlərin yaxınlaşmasında maraqlıdır.Ona görə də Türkiyənin Rusiyaya qarşı fərqli mövqe nümayiş etdirəcəyi inandırıcı görünmür”.

Türkiyə prezidentinin açıqlaması Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə paralel olaraq, rəsmi Bakıya ünvanlanmış mesaj kimi də başa düşülə bilər.Yəni R.T.Ərdoğan Rusiyanın hazırkı mərhələdə güzəştə getmək istəmədiyini Azərbaycan tərəfinə çatdırmağa çalışır.Bununla da cənab Ərdoğan Türkiyənin vasitəçilik missiyasına qoşulması ilə münaqişənin həllində situasiyanın Azərbaycanın xeyrinə dəyişəcəyinə dair rəylərin reallıqdan uzaq olduğunu bildirmək istəyir.

Elşən Manafovun fikrincə, Azərbaycan iqtidarı Türkiyənin üzləşdiyi durumu anlayır. Ona görə də bu məsələdə dönüş yaratmaq imkanları ola bilmədiyinə görə rəsmi Ankaradan inciməyə zərurət yoxdur. 

Müşfiq Abdulla







Həftənin ən çox oxunanları