Yuxarı

Kremldən zəng Ukraynada nəyi dəyişəcək?

Kremldən zəng Ukraynada nəyi dəyişəcək?

Ukraynada proseslər getdikcə daha da fərqli məcralara yönəlir.Belə ki, yayılan məlumatlara görə, yaxın prespektivdə Donbasın müstəqil qurum kimi tanınması istiqamətində addımlar atılır.Xatırladaq ki, Donbas Ukrayna ərazisi kimi tanınır, ancaq hal-hazırda Rusiyanın nəzarəti altındadır.Bu günlərdə Ukrayna hakimiyyətindəki mənbəyə istinadən "Apostrof” nəşri yazıb ki, sülhməramlılarla bağlı qətnamə layihəsi 2017-ci ilin sonuna kimi qəbul edə bilər.2019-cu ildə isə Donbas məsələsinin qəti həlli üçün şans var.

"Qətnamə layihəsi ilin sonuna kimi qəbul edilərsə, yarım il ərzində detallar araşdırılacaq.Bu, o deməkdir ki, növbəti ilin payızında missiyanın genişləndirilməsi başlanacaq.2019-cu ilin mayında isə Donbasda seçkilərin keçirilməsi mümkündür”, - nəşrin həmsöhbəti qeyd edib.

Qeyd edək ki, bir müddət öncə Ukraynanın keçmiş müdafiə naziri Aleksandr Kuzmuk da mətbuata açıqlamasında müharibə ehtimalını təkzib etmişdi."Ukrayna ordusu Rusiya ilə sərhədə çıxa bilər.Bunu potensialımız və gücümüzlə edə bilərik.Bunun üçün Donetsk, Luqansk, Qorlovka və bütün digər şəhərləri yer üzündən silmək məcburiyyətində qalacağıq.Orada dinc əhali var və bunlar bizim sakinlərimizdir. Onlar oranı heç vaxt tərk etməyəcəklər, çünki onlara imkan verməyəcəklər”, - Kuzmuk deyib.

Bir neçə gün öncə isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov Rusiyanın öz ordusunu BMT sülhməramlıları adı altında Donbasa yeritmək istədiyini demişdi.

"Rusiya artıq öz ordusunu Ukrayna sərhədinə yığmağa başlayıb.Hazırda BMT sülhməramlılarının Donbasda yerləşdirilməsi ilə bağlı ciddi danışıqlar aparılır”, - deyə o bildirib.

Maraqlıdır ki, Rusiya prezidenti Putin də belə gərgin bir məqamda hər iki regionun liderinə ilk dəfə zəng edib.Ümumiyyətlə, son baş verənlərdən nə nəticə çıxarmaq olar?

"Cümhuriyət” qəzetinə şərhində politoloq Elxan Şahinoğlu bu ilin sonuna qədər prosesin bitəcəyinə inanmadığını deyib:

"Burada iki yanaşma var. Rusiya və Ukrayna deyir ki, sülhməramlılar bölgəyə yerləşdirilsin. Amma fərq böyükdür.Rusiya deyir ki, həmin sülhməramlılar ATƏT qüvvələri olsun və separaçılarla ordunun arasında ayrıca xətdə dayansınlar.Ukrayna isə deyir ki, ərazi bütövlüyünün təmin edilməsi üçün sülhmərəmlılar Rusiya-Ukrayna sərhədində yerləşdirilməlidir.Yəni, iki böyük fərq var və bu fərqin aradan qaldırılması çətin görünür.Ukrayna amerikalı sülhməramlıların tərkibində olmaq istəyir.Belarus da öz təklifini verib.İnanmıram ki, ilin sonuna qədər bu məsələ rəsmiləşsin”.

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, mövcud vəziyyət Rusiyanın geosiyasi maraqlarına cavab verir:

"Ukraynanın şərqində münaqişənin tənzimlənməsi istiqamətində aparılan Normand formatında müzakirələr və sülhməramlı qüvvələrin yerləşdirilməsi planı konfliktin həllinə böyük təsir etməyəcək. Putinin separatçı liderlərlə telefon əlaqəsi birinci deyil.Bu, sadəcə, rəsmi şəkildə elan edilib.

Putin münaqişənin həllini dondurmağa çalışır.Aparılan müzakirələr sülhməramlı qüvvələr yerləşdirilsə də separatçılara müstəqillik verməyəcək.Vəziyyətin mövcud statusda qalması Rusiyanın geosiyasi maraqlarına cavab verir.Ukrayna Qərb yönümlü siyasətində dəyişiklik edərsə, Rusiya ilə yaxınlaşmaq kursu götürsə, münaqişə həll edilə bilər.Hazırda isə bu mümkün deyil”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları