Yuxarı

Həm danışır, həm atışır

Həm danışır, həm atışır

Erməni silahlı bölmələrinin işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimlər davam edir."Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, təlimlərdə artilleriya qurğularından və ağır döyüş texnikasından istifadə olunub.İşğal altında olan Dağlıq Qarabağdakı separatçı rejimin "müdafiə naziri” Levon Mnatsakanyan təlimlərin gedişini izləyib.Qeyd edək ki, işğalçı ölkənin ordusunun təlimləri Dağlıq Qarabar münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri görüş keçirdiyi vaxta təsadüf edir.Həmsədrlər noyabrın 15-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, noyabrın 16-da isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıblar.

Ermənilərin təlimləri nəyə hesablanıb?

Qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi sürətlənib.Yaxın günlərdə prezidentlər səviyyəsində keçirilən görüşdən sonra xarici işlər nazirlərinin görüşü planlaşdırılır.Üstəgəl, gələn ilin əvvəllərində Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün baş tuta biləcəyi də ATƏT-in Minsk qrupu tərəfindən gündəmə gətirilib. Lakin keçirilmiş görüşlərdə həllə dair hansısa anlaşmalar olmasa da Rusiya tərəfindən 5, yaxud, 7 rayonun Azərbaycana qaytarılması məsələsi yenidən gündəmi gətirilib. Kremlin ideoloqu, Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin son açıqlamasında Qarabağ ətrafındakı rayonların qaytarılmasında Azərbaycan və Ermənistan arasında razılaşdırıldığını iddia etdi.Duqin qeyd etdi ki, əgər anlaşmanın şərtlərinin yerinə yetirilməsində hansısa pozucu fəaliyyət olmasa, müəyyən zaman kəsiyində rayonlar azad oluna bilər.

İrəvanda Qarabağı itirmək qorxusu

Ətraf rayonların qaytarılmasına dair ilginc gəlişmələrin baş verdiyi vaxt Rusiyada yenidən Azərbaycanın Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsi gündəmə gəlib.Erməni politoloqların qənaətinə görə, rayonlar Azərbaycanın bu ittifaqlara üzv olması şərti ilə qaytarılacaq.Erməni mənbələr hətta, uzun müddətdir Rusiya və Azərbaycan arasında müzakirə olunan bu məsələnin həll olmaq üzrə olduğunu iddia edərək, Ermənistanın ətraf rayonlarla yanaşı, Dağlıq Qarabağı da itirməyə yaxın olduğunu bildirirlər.Üstəgəl, münaqişənin Rusiya və Türkiyə prezidentləri arasında keçirilmiş görüşdə müzakirə olunması və son zamanlarda ABŞ-dan Azərbaycanın mövqelərini müdafiə edən açıqlamaların verilməsi İrəvanın narahatlığını bir qədər də artırır.Buna görə də cəbhə xəttində vəziyyəti gərginlikdə saxlamaq taktikasına qayıdan Ermənistan bununla danışıqlar prosesini dalana dirəyərək, Rusiyanın heç bir şərti ilə razılaşmayacağı mesajını verməyə başlayıb.

"Bu, Ermənistanın ənənəvi taktikasıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bldirib ki, ermənilərin Qarabağdakı təlimləri danışıqlar prosesini pozmağa hesablanıb. Politoloq bunun işğalçı tərəfin ənənəvi taktikası olduğunu diqqətə çatdırıb:

"Ermənilər danışıqlara adekvat cavab verib atəşkəs rejiminə riayət etsəydilər, bu, təəccüb doğuracaqdı. Ermənistan həmişə danışıqlar prosesi sürətlənəndə və münaqişənin həllinə dair hansısa irəliləyiş gözləntisi yarananda, təxribatlar törədərək vəziyyəti gərginləşdirirlər.Bununla danışıqlar prosesinin qarşısını kəsirlər. Bu, Ermənistanın ənənəvi taktikasıdır: həllə maneə yaradacaq şəraiti aradan qaldırmaq və vəziyyəti gərginlikdə saxlamaq. Situasiyanı gərginləşdirməklə ziddiyyətləri daha da dərinləşdirirlər.Bununla da danışıqlar prosesində atəşkəs rejiminin qorunub saxlanılması məsələsinin müzakirəsini uzadırlar.Bu strategiya uzun illərdir ki, davam edir.Hesab edirəm ki, nəyin bahasına olursa olsun, Ermənistanın bu təxribatlarının qarşısını alacaq addımlar atılmalıdır”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları