Yuxarı

Səfir getdi, Əli Kərimlinin "əli havada qaldı”

Səfir getdi, Əli Kərimlinin

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini vəzifəsindən azad edib.

Qeyd edək ki, Vladimir Doroxin 2009-cu il fevralın 24-də Rusiyanın Azərbaycandakı səfiri təyin edilib. Kifayət qədər sadə diplomat kimi görünən Doroxini bu illər ərzində bir sıra tədbirlərdə görmüşük. Fürsət düşdükcə rayonlara da gedirdi, jurnalistlərə açıqlamalar da verirdi. Yəni, qeyri-adi bir insan deyildi, sadəcə olaraq, öz missiyasını yerinə yetirdi və getdi. Lakin yol üstə  olan Doroxin bir müddət əvvəl heç də göründüyü qədər "sakit adam” olmadığı barədə özü haqda qarışıq fikirlər yaratdı.

Vladimir Doroxin, Vilyam Hacıyev, Əli Kərimli, bir də Cəmil Həsənli

O, iki məsələ ilə yadda qaldı. Birincisi, bu idi ki, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev prezident tərəfindən ordenlə təltif ediləndə onu ilk təbrik edənlərdən biri Vladimir Doroxin oldu. Vilyam Hacıyevə müəmmalı şəkildə məktub yazan rusiyalı diplomat onu gen-bol təriflədi, təbrik etdi. Bəlkə də indiyədək Vilyam Hacıyevi heç kəs belə tərifləməmişdi. Lakin Rusiya kimi nəhəng bir dövlətin diplomatının bir icra başçısına məktub yazmasının sirri bu gün də açılmayan müəmmadır. Aparılan araşdırmalar da Hacıyevlə Doroxin arasında nə kimi bir əlaqənin olduğuna dair faktlar üzə çıxarmadı. Bu, heç ehtimal yaradan məsələ də deyildi. Nə bir fikir vardı, nə də bir iz. Beləliklə, sirr açılmadan öz müəmmalığında qaldı, jurnalistlər də bu məsələnin üzərinə çox getmədilər.

Doroxini son zamanlarda qəribə göstərən digər nüans isə "Yurd” sədri Əli Kərimli ilə bağlıdır. Bu günədək Rusiyaya qarşı soyuq münasibətdə olduğu iddia edilən Əli Kərimli bu haqda təəssüratı Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə alt-üst etdi. Həmin gün "Yurd” sədri tədbirin başlamasından xeyli əvvəl səfirliyin qapısında idi. Yaxınındakı adamlarla söhbət edən Əli Kərimlinin kimisə gözlədiyi həyəcanından da görünürdü. Həyəcanının pik həddində Vladimir Doroxinin öz xidməti avtomobilindən düşməsi Əli Kərimlinin sinir sistemlərinin üstünə soyuq su kimi çiləndi. O, bir qədər yumşaldı və Doroxinin sağ tərəfinə yan aldı. Xeyli bir-birindən məmnun və dostyana halda əllərini əllərindən götürmədilər. Qapıdan tədbirin keçirildiyi zaladək bir addımladılar, tədbirin gedişində də bir-birindən əl çəkmədilər. Ağızdolusu danışdılar, məmnun-məmnun gülümsədilər, ətrafa sanki nəyinsə mesajını verdilər. Milli Şura sədri Cəmil Həsənli də ordaydı. Qoca professor isə qara kölgə kimi axıradək Əli Kərimli və Doroxinin arxasında süründü. Arada o da Doroxinlə danışmaq fürsəti tapıb foqoqraflar qarşısında verdiyi pozlarla tozunu silkələdi.

"Yurd” sədrinin narahatlığı

Başqa sözlə, Vilyam Hacıyev kimi adi bir icra başçısı və özünü "Qərb demokratiyasının təbliğatçısı” kimi təqdim edən Əli Kərimli ilə Rusiya diplomatını nə kimi tellərin bağladığını tam çılpaqlığıyla bilməsək də, hər halda bunların təsadüfdən yox, zərurətdən doğan bir əlaqə olduğuna da şübhə yoxdur. 

Vilyam Hacıyevlə bağlı məsələ hələ də qaranlıq qalsa da, Əli Kərimli göründüyü qədər Rusiyaya uzaq adam deyil. 2013-cü ilin prezident seçkilərində Əli Kərimlinin Rusiyadan Milli Şura layihəsi üçün nə qədər pul aldığını Azərbaycanda bilməyən adam yoxdur. Elə həmin vaxt da Vladimir Doroxin Rusiyanın Azərbaycandakı səfiri idi.

Beləliklə, səfir və "Yurd” sədrinin səmimi görüntülərinin yaratdığı təəssürat budur ki, Əli Kərimlinin vaxtilə ona pul verən Rusiya və bu ölkənin diplomatına qarşı bir mənəvi borcu var. Lakin burada yeni əməkdaşlığın da nəzərdən keçirilməsi istisna deyil. "Yurd” sədri Doroxindən özündən sonra yerinə gələcək səfirlə də əlaqə qurmağa yardımçı olmağını xahiş edə bilər.

Mənsur






Həftənin ən çox oxunanları