Yuxarı

Rusiya ilə diplomatik qalmaqal

Rusiya ilə diplomatik qalmaqal

Azərbaycanın Rusiyanın yeni təyin olunmuş səfiri Georgi Zuyevə aqreman verməkdən imtina etdiyi bildirilir. Rəsmi Bakının bu mövqeyi G.Zuyevin ermənipərəst olması ilə izah edilir. Artıq xəbər rəsmən təsdiqini tapıb və Rusiya G.Zuyevi Azərbaycana göndərməkdən imtina edib. "Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov deyib. Onun sözlərinə görə, mətbuatda adı hallanan Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır.

Qeyd edək ki, 59 yaşlı G.Zuyev ikinci dərəcəli fövqəladə və səlahiyyətli səfir dərəcəsinə malikdir. Sabiq səfir Vladimir Doroxinin geri çağırılması protokol qaydasına əsasən gözlənilən idi. Çünki onun səlahiyyət müddəti hələ 2012-ci ildə başa çatmışdı. Lakin rəsmi Moskva indiyə qədər Doroxinin fəaliyyət müddətini uzatmağa üstünlük vermişdi. Bu əsasən V. Doroxinin Azərbaycan-Rusiya münasibətlərinin yaxınlaşmasındakı rolu ilə zah edilirdi. Məsələn, Rusiyanın 1995-2000-ci illərdə Bakıda səfiri işləmiş Aleksandr Bloxin əsasən Azərbaycanın milli maraqlarına zidd bəyanatları ilə yadda qalıb. Onun fəaliyyəti dövründə Azərbaycan-Rusiya münasibətləri heç də isti olmayıb. Ondan sonra Nikolay Ryabov və Vasili İstratov da həmin diplomatik missiyanı yerinə yetirib. Rusiyanın səfirləri sırasında Vladimir Doroxin ən uzunmüddətli və Azərbaycana loyal mövqeyi ilə seçilən bir diplomat hesab edilirdi. 2009-cu ildən Azərbaycanda səfir kimi çalışan V.Doroxinin fəaliyyət müddətini təbii ki, Rusiya-Azərbaycan əlaqələrinin ideal dövrü adlandırmaq olmaz. Çünki bu dövr, xüsusilə də, Vladimir Putinin 2012-ci ildə üçüncü dəfə başlanan prezidentlik dönəmi Rusiyanın post-sovet ölkələrinə hərbi təcavüzünün başlanması, Gürcüstan, Ukrayna kimi ölkələrlə diplomatik münasibətlərin böhran həddinə çatması ilə yadda qalıb. Siyasi müşahidəçilərin fikrincə, belə bir vaxtda Azərbaycanla Rusiya arasında gərginliyin yaşanmamasında Doroxinin fəaliyyəti də rol oynayıb. Ona görə də V.Doroxinin səfir vəzifəsindən azad edilməsi ilk baxışdan adi rotasiya qaydasında həyata keçirilən bir qərar təsiri bağışlasa da sonradan Putinin sərəncamı ilə bağlı yeni məqamlar ortaya çıxmağa başladı. Məlum oldu ki, Rusiyanın xarici işlər naziri V.Doroxindən narazı qalıb. Bu da rusiyalı diplomatın rəsmi Bakı ilə isti münasibətlərə malik olması ilə bağlıdır. Bundan başqa, Kremlin son addımı Cənubi Qafqazla, o cümlədən, Azərbaycanla bağlı siyasətində Rusiyanın xarici siyasətində yeni strateji məqamlarla izah edilir. Yəni, Moskvaya loyal deyil, daha sərt mövqe nümayiş etdirəcək, Rusiyanın imperialist maraqlarından çıxış edən biri lazımdır. Görünür, G.Zuyevin təyinatındakı "ermənipərəst” cizgilər də elə bununla bağlıdır. Georgi Zuyev bəlkə də Dağlıq Qarabağ probleminə münasibətdə və digər məsələlərdə ermənilərin maraqlarını müdafiə edən hər hansı bəyanatla çıxış etməyib. Amma aqremanının qəbul edilməməsi Zuyevə həvalə edilmiş diplomatik missiyası ilə bağlı Azərbaycan tərəfinə çox mühüm informasiyanın daxil olması ilə də əlaqədar ola bilər. Hətta, Sergey Lavrovun noyabrın 20-də Bakıya səfəri zamanı G.Zuyevin təqdimatını etməyə çalışdığını, ancaq rəsmi Bakının bu qərarla razılaşmadığı bildirilir. 

"Turan” İnformasiya Agentliyinin açıqlamasına görə, rusiyalı politoloq Denis Korkordinov səfirin təyinatı ilə bağlı yaranmış narazılığın Rusiya-Azərbaycan münasibətlərində gərginliyə səbəb olacağını istisna etməyib. 2017-ci il noyabrın 28-də Azərbaycan XİN Rusiya tərəfə RF-nin Azərbaycandakı səfiri namizədliyi hələ 5 iyul 2017-ci il tarixində Dövlət Dumasının MDB işləri üzrə Komitəsi tərəfindən təsdiq edilmiş Georgi Zuyev üçün razılıq verməkdən imtina edib. "İmtina üçün, guya, rusiyalı diplomatın ermənipərəst mövqeyi əsas olub. Amma Azərbaycan mənbələri öz fikirlərini əsaslandırmaq üçün Georgi Zuyevin nə vaxtsa Azərbaycanın ərazi problemlərinə düşməncə yanaşmasının və ya rəsmi Bakıya və onun vətəndaşlarına qarşı açıq-aşkar düşmən mövqe sərgiləməsinin səbəbləri barədə heç bir obyektiv dəlil təqdim etməyiblər", deyə Korkordinov sosial şəbəkədə bildirir. 

"Azərbaycan tərəfinin imtinası Moskvanın Cənubi Qafqaz ərazisində irimiqyaslı hərbi münaqişələrin həllinə yol verilməməsi mövqeyini əks etdirən "Rusiyapərəst lobbi"ni Bakıdan sıxışdırıb çıxarmaq niyyəti ilə əsaslandırıla bilər”-politoloq belə qeyd edib.

Məsələni "Cümhuriyət” qəzetinə şərh edən politoloq Natiq Mirinin sözlərinə görə, G.Zuyevin təyinatında S.Lavrovun xüsisi siyasi maraqları olub: 

"Rusiyanın xarici işlər naziri erməni ideologiyasına bağlı və milliyyətcə erməni olan bir şəxsdir. Erməni lobbisinin başında məhz Lavrov dayanır. Ona görə də bu diplomatların hansı ölkəyə göndərilməsi siyasətini də Lavrov müəyyən edir. Azərbaycanla Rusiya arasında barışdırıcı mövqe tutan Doroxinin fəaliyyəti təbii ki, Lavrovu qane edə bilməzdi. Lavrovun yürütdüyü siyasət birbaşa Rusiyanın maraqları çərçivəsində deyil. Dağlıq Qarabağ probleminin həlli prosesi də bu kontekstdə düşünülməlidir. Onu da nəzərə almaq lazımdır ki, Doroxinin Azərbaycandakı fəaliyyət müddəti başa çatmışdı və onun getməsi gözlənilən idi. Bu baxımdan onun geri çağırılması yaxşı və pis fəaliyyəti ilə bağlı deyil. Ancaq ermənipərəst Zuyevin Azərbaycana təyinatı tamamilə başqa məsələdir. Çünki ermənipərəst bir diplomatın Azərbaycanda fövqəladə və səlahiyyətli səfir olması dövlətlərarası münasibətlər baxımından müsbət əlamət deyil. Çünki sabiq səfir barışdırıcı mövqeyi ilə seçilən bir diplomat idi. Amma Zuyev birbaşa ermənipərəst mövqeyə malik olmaqla bərabər həm də xüsusi xidmət orqanlarında fəaliyyət göstərmiş bir şəxsdir. Bu isə onu deməyə əsas verir ki, Zuyevin təyinatı baş tutsaydı və rəsmi Bakı bununla razılaşsaydı, Rusiya kəşfiyyatının Azərbaycanda fəaliyyəti daha da güclənə bilərdi. Bu da təhlükəsizlik baxımından Azərbaycanın dövlət maraqlarına xidmət etmir. Ona görə də biz son zamanlar Gürcüstanın timsalında bu cür vəziyyəti müşahidə etdik. Məlumdur ki, Gürcüstan Ermənistanın yeni təyin etdiyi səfiri Minosyana birmənalı münasibət ortaya qoydu və onun aqremanını qəbul etmədi. Rusiya nə qədər böyük dövlət olsa da Azərbaycanın bu siyasi iradəni ortaya qoyması vacibdir. Zuyevin təyinatı ilə bağlı baş verənlər də Rusiyanın Azərbaycanda kəşfiyyat fəaliyyətini genişləndirmək istəyindən xəbər verir. Bu da Azərbaycanı heç cür qane edə bilməz”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları