Yuxarı

2018 həyəcanı: Partiyalar necə hazırlaşır?

2018 həyəcanı: Partiyalar necə hazırlaşır?

2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək.Artıq bir sıra partiyalar seçkilərdə iştirakla bağlı qərar qəbul ediblər. Bu günlərdə hakim Yeni Azərbaycan Partiyası da (YAP) 2018-ci il prezident seçkiləri ilə bağlı hazırlıq prosesinə start verdiyini açıqlayıb. Maraqlıdır, müxalifət partiyaları seçki prosesinə necə hazırlaşır?

"Plan qurmağın əhəmiyyəti yoxdur”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə açıqlamasında seçkiyə formal olaraq hazırlaşdıqlarını deyib:

"Partiyada seçki ilə bağlı məsələ artıq həll olunub. Ancaq seçki o qədər formaldır ki, konkret bir qərar qəbul etməyin, plan qurmağın əhəmiyyəti yoxdur. Ona görə də sadəcə olaraq seçkilərə formal olaraq hazırlaşırıq”.

"Ümidvarıq ki, hakimiyyət bu dəfə bizi prosesdən kənarda qoymayacaq”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə seçkilərə tam gücləri ilə çalışdıqlarını bildirdi:

"2018-ci il seçkilərində iştirak etməklə bağlı ilk qərar verən partiyayıq. Rəhbərlik etdiyim partiya ilk olaraq öz namizədi ilə seçkidə iştirakla bağlı qərar verib.Bizim fəaliyyətimiz həm seçki, həm də cari məsələlərə köklənmiş planlar ətrafında həyata keçirilir.Keçirdiyimiz tədbirlərdə də seçkini ələ alaraq müzakirələr aparırıq, qərarlar qəbul edirik.2013-cü ildə qeydiyyata qədər bu prosesdə iştirak etmiş, təcrübəli bir partiya kimi imkanlarımızı, addımlarımızı təftiş edirik.Bu prosesdə iştirakçı olmuş şəxslərin hazırlıq səviyyəsini yoxlayırıq. O dönəmdəki fəaliyyət keyfiyyətinə qiymət veririk. 2018-ci il imzatoplama kampaniyasını həyata keçirmə mexanizmlərini cilalayırıq. Ümidvarıq ki, hakimiyyət bu dəfə bizi prosesdən kənarda qoymayacaq.Paralel olaraq təbliğat işlərini hazırlayırıq, layihələri toplamaqla, gələcəkdə seçki komissiyalarına irəli sürəcəyimiz insanların siyahısını müəyyən etməklə məşğuluq”.

2018-ci il üçün yol xəritəsi hazırlamışıq”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev isə təmsil olunduğu partiyanın seçkilərə 2015-ci ildən hazırlaşdığını deyib:

"Gələn il keçiriləcək prezident seçkiləri öncəsi partiyamız rayon təşkilatları ilə demək olar ki, hər həftə qərargahda toplanıb, müzakirələr aparır. Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkilərinə digər siyasi partiyalardan daha tez start vermişdi. Hələ 2015-ci ildə keçirdiyimiz qurultayda bununla bağlı partiyanın qərarı var idi.Biz bu illər ərzində boş dayanmadıq. 2018-ci il üçün yol xəritəsi hazırladıq, konfranslar, regional müşavirələr keçirdik. Ümumiyyətlə, hər bir partiya üçün prezident seçkilərinə qatılmaq özünü təqdim etmək və əlavə divident qazanmaq üçün əlverişli şansdır.Ölkədəki mövcud siyasi vəziyyəti nəzərə alaraq, partiyamızın seçkilərə yanaşması ondan ibarətdir ki, müxalifət mümkün qədər prezident seçkilərinə təmərküzləşmiş halda qatılmalıdır.Əks halda, şanslar minimaldır”.

"Seçkidə iştirakı vacib hesab edirik”

Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı da seçkidə öz namizədləri ilə iştirak edəcəklərini vurğuladı:

"Müsavat Partiyasının 2014-cü ildə keçirilən qurultayında qərar verilib. Partiyanın namizədi İsa Qəmbər olacaq.Seçki ilə bağlı partiyanın qərargahında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbir keçirilib. Sonuncu dəfə isə İsa Qəmbərin sədri olduğu Milli Strateji Düşüncə Mərkəzi seçki ilə bağlı "İştirak və boykot” mövzusundə bir tədbir keçirdi və tədbir iştirakçılarının əksəriyyəti seçkilərdə iştirakı vacib saydılar. Müsavat Partiyası isə bu istiqamətdə öz işini davam etdirəcək”.

"Geniş areallı iş aparılmasını nəzərdə tutmuşuq”

Ağ Partiyanın sədri Tural Abbaslı seçki ilə bağlı konsepsiyanın hazırlanmasına, fəaliyyət planının qurulmasına başladıqlarını deyib:

"Partiyanın İdarə Heyəti artıq bir neçə ay öncə seçkidə iştirakla bağlı qərar verib. Ağ Partiya olaraq 2018-ci ildə öz namizədimizlə iştirak edəcəyik.Bu istiqamətdə artıq müəyyən işlər görürük.Təbliğat, təşviqat işləri, seçki konsepsiyasının hazırlanması və digər məsələlərlə bağlı işlər görürük.Digər tərəfdən, seçki kampaniyasını uğurla başa vurmaq üçün alt infrastrukturun hazırlanmasına başlamışıq.Bununla paralel olaraq təbliğat, təşviqat işlərini aparacaq şəxslərin siyahısını hazırlayırıq. Geniş areallı iş aparılmasını nəzərdə tutmuşuq”.

"Partiya başqa namizədi də dəstəkləyə bilər”

Ümid Partiyası sədrinin müavini Taleh Əliyev isə hələ də seçkidə iştirakla bağlı vahid qərarlarının olmadığını deyib:

"Partiyanın namizədi haqqında qərarı qurultay verəcək. Qurultay isə gələn il keçiriləcək. Ona görə də partiyanın bu istiqamətdə vahid qərarı yoxdur.Ancaq çox güman ki, seçkidə iştirak edəcəksə, partiyanın namizədi hazırkı sədri, qurucusu İqbal Ağazadə olacaq.Amma partiya seçkidə başqa namizədlə də iştirak edə bilər.Amma bu barədə qərarı Ümid Partiyası verəcək.Əgər o şəxs Azərbaycanın demokratikləşməsi, təhlükəsizliyi və beynəlxalq aləmdə mövqeyinin güclənməsi baxımından uğurlu namizəd olacaqsa, ona dəstək verəcəyik”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları