Yuxarı

"Facebook”da hakimiyyəti dəyişənlər

Robert Muqabe parlamentin onun 40 illik hakimiyyətinə son qoyan impiçment prosesinə başlamasından sonra Zimbabve prezidenti kimi vəzifəsindən istefa verdi. 93 yaşlı Muqabe ordunun hakimiyyəti ələ almasından və onun özünün mənsub olduğu ZANU-PF partiyasının istefa çağırışlarından bir həftə sonra hələ də hakimiyyətdə qalmaqda davam edirdi. Muqabenin qəfil süqutunun əsas səbəbi onun hakimiyyətinə qarşı ümumxalq etirazı ilə deyil, onu hakimyyətdə əvəz edəcək iqtidar nümayəndələri arasında rəqabətlə bağlıdır. Ordu hakimiyyəti Muqabenin ZANU-PF partiyasının favoriti olan Emmanuel Mnanqaqvanı vəzifəsindən kənarlaşdırmasından sonra ələ keçirib. 

İnqilabı yaradan şərtlər

Zimbabveli diktatorun 40 illik hakimimiyyətinə son qoyulması dünyanın əsas gündəm mövzularından biridir. İnqilab kimi dəyərləndirilən məsələ ətrafında gedən müzakirələrdə Azərbaycandan olan siyasət adamları da fəaldırlar. Son günlərdə bununla bağlı yerli KİV-lərə saysız açıqlamalar verilib, sosial şəbəkələrdə paylaşımlar edilir. "Üçüncü dünyanın dövləti”, qeyri-demokratik, yaxud, yerli avtoritar siyasi rejim və beynəlxalq siyasi güclərin təsirləri altında olan Zimbabvedə baş verən gözlənilməz dəyişiklikdən təsirlənən bir sıra siyasət adamları dünyada son zamanlarda gedən tərs çevrilmənin Azərbaycandan da yan keçməyəcəyini iddia edirlər. "Yurd” sədri Əli Kərimli isə yaxın gələcəkdə Azərbaycanda baş verəcəyini ehtimal etdiyi inqilabdan danışır. O, cəmiyyətin üzləşdiyi problemlərin mövcud hakimiyyətin devrilməsinə yol açacağını iddia edir. Əlbəttə, inqilab etmək, başqa sözlə, hakimiyyəti dəyişmək, yaxud devirmək Əli Kərimlinin dediyi qədər asan deyil. Bu, pencək dəyişmək üçün bir əlini qarderoba atmaq qədər rahat da deyil. Şübhəsiz ki, inqilabı ortaya çıxaran şərtlər, cəmiyyəti alternativ və son çıxış yolu kimi bu vasitəyə əl atmağa məcbur edən konkret və subyektiv səbəblər var. 

İnqilab şəraiti

Cəmiyyət daxilində baş verən tərs çevrilmənin, dəyişikliyin, yaxud inqilaba yönəlməyin obyektiv və subyektiv səbəbləri var. Karl Marksa görə cəmiyyət daxilində çevrilmə, yaxud inqilab üçün şərait istehlakçı siniflə (xalq) istehsalçı sinif arasındakı münasibətlərdə ziddiyyətlər ortaya çıxanda yaranır. Cəmiyyətin etirazı iqtisadi sektordan siyasi meydana daşınanda siniflərin siyasi iqtidara qarşı mübarizəsi başlayır. Əlbəttə, istehlakçı siniflər - xalq kütlələri arasında inqilabi dəyişiklik baş verəndə, proseslər ziyalıların bu hadisələrin mərkəzindəki tribunada yer almaları, başqa sözlə desək, etirazlar özünə siyasi məna ilə yanaşı, elmi anlayış qatanda inqilaba çevrilir. Şübhəsiz ki, inqilabları anlayışlar yox, iqtisadi və siyasi şərtlərin ağırlığı - konkret səbəblər (böhran) müəyyən edir. Əlbəttə, obyektiv səbəblər cəmiyyət daxilində hakimiyyətə qarşı baş verən kəskin dəyişikliyin əsasını təşkil etsə də başlayan mübarizə əsas gücünü cəmiyyəti fərdlər şəklində təşkil edən vətəndaşların subyektiv etiraz səbəblərindən alır. 

Bu, paylanılmış enerjinin bir mərkəzdə birləşməsi hadisəsidir. Yəni, inqilab etmək, yaxud hakimiyyəti dəyişmək paltar dəyişmək qədər asan məsələ deyil, bu, incə şəkildə planlaşdırılmış bir məsələdir. Yəni, siyasət meydanındakı subyektivliyi anlayış və elmə, anlayış və elmdəki subyektivliyi də siyasət və konkret mübarizəyə qarışdırmamaq lazımdır. Başqa sözlə, inqilabı yetişdirən şərtlər subyektivlikdən uzaq tutulmalıdır, əks halda baş verəcək inqilab ictimai şərtlərin içində inkişaf edən dinamika yox, yalnış istiqamətlərin kürsüyə çıxarılması hadisəsi olacaq.

Obyektiv şərtlər

Cəmiyyətin istək və tələbləri siyasi hakimiyyət tərəfindən yerinə yetirilməyəndə bu, inqilab üçün obyektiv səbəbləri ortaya çıxarır. Bu, istehlakçı siniflərlə istehsal arasındakı münasibətləri qırır, nəticədə istehsal münasibətlərindəki tarazlıq tamamilə cəmiyyətin tələbləri tərəfinə əyilir. Beləliklə istehsalçı güclər cəmiyyətin təkamül prosesində inqilabın əsas tərəfini təşkil etdiyi halda, istehsal prosesləri bu inqilaba mane olan mühafizəkar tərəfini formalaşdırır. Bu böhran daxilində isə münasibətlərdəki ziddiyyətlər ən son həddədək dərinləşir. Bu təzadlar proseslər ikişaf etdikcə və sürətlə etiraz meydanına çıxdıqca, cəmiyyətin mübarizəsində inqilaba təkanverici obyektiv səbəbləri əmələ gətirir. İstənilən halda konstitusion haqların hakimiyyət tərəfindən tanınmadığı bir zəmində siyasi sistemin spesifik mülkiyyəti idarə etmək qaydaları bu ziddiyyətli münasibətləri tamam fərqli mərhələyə qaldırır. Bu, cəmiyyətin mübarizəsi və obyektiv şərtləri tamamilə yetişdirir. 

Subyektiv şərtlər

Əlbəttə, hakimiyyətin təzyiqləri altında olan cəmiyyətin bütöv və ayrı-ayrı fərdlər şəklində etiraz etməsi təbii haldır. Bu, sinif mübarizəsinin başlanğıcı deməkdir. Cəmiyyət üzərində artırılan təzyiqləri cəmiyyəti əmələ gətirən bütün fərdlər də ayrı-ayrılıqda hiss edirlər. Nəticədə bu, iradə birliyi və inqilab perspektivləri ilə hərəkət edən subyektiv gücü formalaşdırır. Subyektiv güc yaranmağa və inkişaf etməyə başlayanda obyektiv şərtlərə müdaxilələr başlayır. Əks halda, mövcud obyektiv şərait inqilaba səbəb ola bilmir. Bu halda obyektiv səbəblər nə qədər inkişaf edirsə etsin, heç bir təşkilatlanmadan söhbət gedə bilməz. Əlbəttə, liderlik rolu və təşkilatlanmaq inqilabın ön cəbhəsini təşkil edir. 

Proqram, lider, təşkilatlanmaq və birləşmək

Bolşevik inqilabının lideri Lenin yazırdı ki, öncül şərtlərin yaratdığı və proseslərə bələdçilik etdiyi bir partiya yoxdursa, obyektiv şərtlərə müdaxilə etmək olmaz, yəni, köhnə sistemin içindən yeni sistem çıxarmaq mümkün deyil: "Obyektiv şərtlərin və inqilabi vəziyyətin ən yüksək həddə olduğu vaxtda belə, kütlələr meydanlara çıxsa da əgər inqilabi nəzəriyyə yoxdursa və kütlələr qucaqlaşmayıblarsa, cəmiyyət inqilab etmək fürsətini əldən verəcək. Problem, inqilab nəzəriyyəsinin yaradılması və istismar edilən kütlələrə ötürülməsidir. Marksın dediyi kimi, nəzəriyyə kütlələri qucaqladığı və kütlələri eyni istiqamətə doğru yönəltdiyi vaxt inqilab baş verir”.

Anomiya, yaxud ictimai şərtlər

Amerikalı sosioloq Robert Mertona görə cəmiyyətin öz-özlüyündə sürətlə fundamental quruluşunu dəyişmək istəyi inqilabın ilkin əlaməti sayılır. Merton yazır ki, sürətli dəyişiklik dönəmlərində köhnəlmiş qanunlar və dəyərlər öz yerlərini itirdikləri vaxt yeni dəyərlər və qanunlar meydana çıxmağa başlayır. Sosioloq bu vəziyyəti anomiya, yəni, qanunsuzluq adlandırır.

İsrailli sosioloq Şumel Eynştadt deyirdi ki, cəmiyyətin bütövləşməsinə imkan yaradan elementlərin öz funksiyalarını itirməsi inqilabi prosesi qızışdırır: "Hər cəmiyyətdə hüquq, vəzifə otaqları, bazar mexanizmi, ailə, siyasi partiyalar kimi insanların bərabər formada yaşamalarını təmin edən qanunlar və mexanizmlər var. Bunlar fərqli mahiyyətlərdə olan və fərqli maraqlara sahib olan insanların bərabər şəkildə yaşamaq funskiaylarını yerinə yetirirlər. Bunlar sıradan çıxdığı, yaxud, ortadan qaldırıldığı vaxt öz funksiyalarını yerinə yetirə bilmirlər. Bu vəziyyət də şübhəsiz ki, şəraiti inqilab üçün ən uyğun formaya gətirir”.

Azərbaycanda inqilab...

Ölkəmizin indiki vəziyyətində inqilabın baş verəcəyi ehtimalına gəlincə, bunun üçün münbit şərait yoxdur. Əlbəttə, inqilabın ilkin şərti iqtisadi böhran və bu böhranın yaratdığı sosial partlayışın siyasi tələblərlə müşayiət olunmasıdır ki, Azərbaycanda indiki halda iqtisadi problemlər o həddə kritik deyil. Praktiki olaraq sosial etirazlar da yoxdur. Üstəgəl, yaranmış ağır vəziyyət daxilindən inanılmış siyasi partiya və lider də yoxdur. Cəmiyyət belə bir axtarışda olsa da, ənənəvi müxalifətin köhnəlmiş siyasi resursları, yaxud siyasi liderləri bu tələblərə cavab vermir. Leninin  təbirincə desək, köhnəlmiş sistem içindən yeni sistem çıxarmaq mümkün deyil. Digər yandan, etiraf edilməlidir ki, cəmiyyətlə hakimiyyət arasında münasibətlər qırılmış həddə deyil, lakin nöqsanlar gözə dəyir, amma bu, inqilabi prosesə təkanverici gücdə deyil. 

Deməli, hər dəfə olduğu kimi bu dəfə də Əli Kərimli "blef” edir. Məqsədi isə xalqı da, havadarlarını da aldatmaqla əlavə maliyyə vəsaiti əldə etməkdir. 

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları