Yuxarı

İrandan ikibaşlı oyun

İrandan ikibaşlı oyun

Ermənistana rəsmi səfər edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Edvard Nalbandyanla görüşüb.

E. Nalbandyan İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı balanslaşdırılmış mövqeyinə görə həmkarına təşəkkürünü bildirib. İran və Ermənistanın yaxşı qonşu olduğunu vurğulayan M. C. Zərif isə deyib ki, hər iki ölkə arasında son illər siyasi və iqtisadi sahələrdə əməkdaşlıq daha da fəallaşıb. O qeyd edib ki, Ermənistan regionda sülh və sabitliyin qorunması üçün çalışır.

İran və işğalçı Ermənistan

İlk dəfə deyil ki, İran və bu ölkənin diplomatı, yüksək rütbəli dövlət adamı Azərbaycan ərazilərini işğal etmiş və beynəlxalq terrorizmə dəstək verən Ermənistanı dəstəkləyir, bu işğalçı və separatçı ölkəninin qanlı rejimini "sülhün təminatçısı” adlandırır. Hələ Ermənistan hərbi birləşmələri Azərbaycan ərazilərinə işğalçı müdaxilələr etməyə başlayandan bu günədək işğalçı Ermənistanın tərəfində yer alan İran bir dəfə də ərazilərimizin bu ölkə tərəfindən işğal edildiyini dilə gətirməyib. Üstəgəl, işğalçılıq siyasətinə görə dünyadan təcrid edilən Ermənistana "nəfəs” verən İran bu ölkə ilə iqtisadi layihələr həyata keçirir. Ermənistanı əlaltdan silahlandırır, ucuz neft və qaz, elektrik enerjisi, kənd təsərrüfatı məhsulları satır. İran açıq formada Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan suverenliyini tanımayaraq, Ermənistana dəstək verir. Bir sıra hallarda İran şirkətlərinin işğal altında olan Dağlıq Qarabağ və digər bölgələrdə metallurgiya sahəsində axtarışlar apardığı, separatçı rejimin işğalında olan bu bölgələrə investisiya yatırması haqda da məlumatlar eşidirik.

İran və beynəlxalq terrorizm

İran təkcə erməni terrorizmini yox, dünyanın bir çox ölkələri tərəfindən terror təşkilatı kimi tanınan "Hizbullah”ı da dəstəkləyir. Tarixi qanlı terror aktları ilə zəngin olan bu terror təşkilatının ideoloqu və qurucusu da İranda hakimiyyətdə olan teoktarik rejimdir. Təsadüfi deyil ki, İrana qarşı ABŞ-dan olan son sanksiyaların mahiyyətində də İranın beynəlxalq terrorizmə dəstək verməsi məsələsi dayanırdı. Qətərlə birlikdə beynəlxalq terrorizmə dəstək verdiyi iddia edilən İranın gizli şəkildə terrorçu qruplaşmaları silahlandırması və maliyyə yardımı ayırmasına görə Amerika prezidenti Donald Tramp bu ölkəyə müharibə elan etdi. 

İranın 3 ildən çoxdur Yəmənin legitim hakimiyyətini devirməyə çalışan və bir çox dövlətin terror təşkilatı kimi tanıdığı "Husilər”i silahlandırmasını da bura aid edə bilərik. Əlbəttə, bu baxımdan Güney Azərbaycanda yaşayan 35 milyondan çox Azərbaycan türkünü bütün konstitusion haqlardan məhrum edən, türkləri assimiliyasiya ilə yox etməyə çalışan, türkləri həbs etdirən və edam etdirən İranın işğalçı Ermənistanı dəstəkləməsi, bu ölkəni idarə edən molla rejimi üçün normal hal olmalıdır.

Ermənistan "məşuqə rolu”nda

Siyasi şərhçi Oqtay Hacımusalı "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İran və Ermənistan arasında inkişaf edən münasibətlər bölgədə hökm sürən geosiyasi və iqtisadi vəziyyətlə əlaqədardır.

Ekspert hesab edir ki, İranın Qərb tərəfindən sıxışdırılması, Azərbaycana qarşı işğalçılıq siyasətinə görə isə Ermənistanı dünyadan təcrid olması, bu, iki ölkənin yaxınlaşmasına şərait yaradır: "Lakin İranın geosiyasi maraqları da var. İran Rusiyaya göstərməyə çalışır ki, onun da Ermənistanda nüfuzu kifayət qədər yüksəkdir. Ümumiyyətlə, Ermənistan yarandığı ilk gündən xarici dövlətlərin vassalı və forpostu olmağa meyilli olub. Hansı dövlət ki onun maraqlarını və işğalçılıq siyasətini dəstəkləyir, Ermənistan o dövlətin əlində oyuncaq olmağa hazırdır. Həm buna, həm də ölkədəki siyasi xaosun qarşısına keçmək istəyən Ermənistanın cinayətkar rejimi İran və Rusiya ilə yanaşı, Avropanın da qucağına yıxılmağa hazırdır.

Ermənistanın "məşuqə rolu”na nə İran etiraz edir, nə də Rusiya. Çünki onlar bu ölkəni çox yaxşı tanıyırlar. Başqa sözlə, İran Ermənistandan öz maraqları üçün istifadə etməyə çalışır, amma buna görə Rusiya ilə münasibətləri pozmayacaq. Lakin İran Rusiyanın Təbriz - İrəvan qaz boru kəmərinin həcmini azaltdığını da yadından çıxarmır. İndiki halda isə İran xarici ölkələrdəki erməni lobbisindən yəhudi lobbisinə qarşı istifadə etməyi düşünür.

Digər yandan da İran və müttəfiqləri Ermənistan vasitəsilə bölgədəki geosiyasi və geoiqtisadi vəziyyətə təsir etməyə çalışırlar. Lakin bu, baş tuta bilməz. Çünki blokadada olan Ermənistanın Rusiyadan tamamilə asılılığı onun müstəqilliyini də əlindən alıb. Bölgədə həyata keçirilən qlobal layihələr İran və Rusiyanın region dövlətlərinə təsir imkanlarını da azaldıb. İranı narahat edən məqamlardan biri də budur ki, həmin beynəlxalq layihələrin əsas iştirakçısı və müəllifi Azərbaycandır”.

O.Hacımusalı qeyd edib ki, indiyədək İranın Ermənistanın oyuncaq rejimi vasitəsilə planlaşdırdığı oyunların heç biri baş tutmayıb: "Bunların gələcəkdə də reallaşması perspektivi yoxdur. İran da bunu bilir. İranın son zamanlarda Türkiyə ilə münasibətləri istiləşdirməyə çalışması da bundan qaynaqlanır”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları