Yuxarı

Əli Kərimlinin növbəti məğlubiyyəti

Əli Kərimlinin növbəti məğlubiyyəti

"Yurd” sədrinin ənənəsi və Hacı Məmmədov

Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar etdi. Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verdi və həyatını xilas etmək mümkün olmadı. Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi "Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər. H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb. Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.

Hacı Məmmədova dəstək?

Hacı Məmmədovun intiharı cəmiyyətdə təəssüf hissi yaratmadı. Çünki avtobioqrafiyasını işlətdiyi saysız cinayətlərlə ləkələyən Məmmədov ünvanı göstərilmiş hər kəsi sualsız burnuna yanar alışqan tutub başının piyini burun deşiklərindən tökə biləcək qədər qəddar qatil idi. O, əsl seriya qatili idi. Buna görə də gözlənilməz intihara gözlənilən reaksiyalar verildi: heç kəs təəssüf etmədi. Lakin istisnalar da vardı. Məsələn, "Yurd” sədri Əli Kərimlinin hansı səbəbdən Hacı Məmmədovu müdafiə etdiyi sirli məqam idi. Amma Əli Kərimlinin istər doğru, istərsə də yanlış məqamlarda hər kəs kimi olmaq istəməməsi - bir sıra məqamlarda FETÖ terror təşkilatına simpatiysı (bəlkə İŞİD-ə də -müəl.), hakimiyyətdən xəyanət nəticəsində qovulmuş (xəyanətkarın isə məsləki yox, vərdişi olur - müəl.) və sistemdən uzaqlaşdırılmış şəxsləri dəstəkləməsi də bura aiddir. 

Eyni anda biri-birinə zidd olan ölkələri - İranı, Qərbi, ABŞ-ı, Rusiyanın ölkədəki "sözçülüyünə” də iddialı Əli Kərimlinin əliqanlı bir qanqsteri birbaşa, yaxud dolayısı ilə müdafiə etməsi nədən xəbər verir? 

"Yurd” sədrinin paylaşımı

Əli Kərimli ənənəsinə sadiq qaldı. İdeologiya, insan haqları, törədilmiş qətllər, işgəncəli ölüm faktları onunçün axa planda qaldı. Hacı Məmmədovun əməllərini unutdu. Bir qanqsterin etdiklərini unutmaq, onun hansı formada olur-olsun müdaifə cinayətinə haqq qazandırmaq olmasa da, laqeydlikdir və bir siyasətçi üçün, millətdən səs gözləyən bir adam üçün bundan artıq məğlubiyyət də yoxdur. Əli Kərimli Hacı Məmmədovdan yazanda da uduzdu.  

"Yurd” sədrinin Hacı Məmmədovu dəstəkləməsinə gəlincə, o bu məsələ haqda yenə Feysbukda yazıb. "Lənətə gəlmiş bu ölüm maşınını durdurmalıyıq”, başlıqlı paylaşımında Əli Kərimli açıq formada Hacı Məmmədovu dəstəkləyir və intiharını hakimiyyətin adına yazır. Düzdür, o, burada Hacı Məmmədov kimi şəxslərin intiharının arxasında siyasi məqamların olduğunu gündəmə gətirmək istəyir, lakin bu nöqtədə Əli Kərimlinin özünün şəxsi maraqlarının müdafiəçisi kimi çıxış etdiyinə də şübhə yoxdur. Əli Kərimli yazır: "Hacı Məmmədov və İlqar Əliyev kimi adamların həbsxanada intiharının (və ya intihara sövq edilməsinin) cəmiyyəti narahat etməməsi qismən başa düşüləndir. Bu şəxslər çox ağır cinayətlər törətmişdilər və törətdikləri cinayətlərlə özlərinə ümumxalq nifrəti qazanmışdılar. Ona görə də belələrinin həbsdəykən ölməsi nəinki etiraz doğurmur, əksinə, xeyli adam bu ölümləri hətta ilahi ədalətin təntənəsi kimi qiymətləndirir. Rejim də məhz ictimai rəydəki bu ovqatdan güc alıb həbsxanalarda ölüm maşını formalaşdırır”.

Bir cümlədə gizlənən şəxsi mənfəət

Burada "Yurd” sədrinin müxalifətçilik oyunu oynadığı növbəti qeydlərindən məlum olur: "Bizlər - ölkəmizdə hüquqi dövlət qurulmasını istəyənlər isə həbs yerlərindəki bu silsilə "intiharlara” başqa bucaqdan da baxmağı bacarmalıyıq. Baş verənləri sorğulamalıyıq. Hakimiyyətə suallar verməliyik. Ölkəmizdə ölüm hökmü bərpa olunub? Axır vaxtlar həbsxanalarda tez-tez baş verən intiharlar, sonu ölümlə bitən "istintaq hərəkətləri” ölüm hökmünə bənzəmirmi? Nəyə görə Azərbaycan həbsxanalarında cəza çəkən məhbuslar belə tez-tez intihar etmək fikrinə düşür? Nəyə görə bizim həbsxanalarda məhbusların intiharı üçün bütün şərait yaradılır?”.

Sonda o, Hacı Məmmədovu açıq formada müdafiə etdiyini bir cümlə ilə bildirir: "Sıra sənə çatmamış səsini ucalt, etiraz et”.

Mənsur





Həftənin ən çox oxunanları