Yuxarı

Kremldən Qarabağ mesajı

Kremldən Qarabağ mesajı

"2017-ci il Dağlıq Qarabağ münaqişəsi bölgəsində təhlükəli eskalasiyadan uzaqlaşma və danışıqlar prosesinin bərpası ilə əlamətdardır”.

"Cümhuriyət” qəzeti xəbər verir ki, "Rossiya Seqodnya” agentliyində keçirilən Moskva - Vyana telekörpüsündə çıxış edən Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç belə deyib. Lukaşeviç bildirib ki, Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində keçirdikləri görüşləri alqışlayır: "Bu məsələ ilə bağlı olduqca intensiv işlər görülüb. Vyanada keçirilən ATƏT XİN başçılarının Şurasının toplantısında Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub. Həmsədrlərin dəstəyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının ayrıca görüşü keçirilib. Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü hamımızı ümidləndirdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesini intensivləşdirməyə razılaşmışıq”.

Diplomat yanvar ayında Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşünün gözlənildiyini də xatırlayıb. Lukaşeviç danışıqlar prosesini hərtərəfli dəstəklədiklərini söyləyib: "Tərəflər arasındakı ziddiyyət nazirlərin ATƏT-in fəaliyyətinin aspektləri ilə bağlı müəyyən razılığa gəlməsinə mane olurdu. Təəssüflənirik, bu faktdır. Belə vəziyyət iqtisadi səbət üzrə daha geniş qərarlara çıxmağa imkan vermir. Lakin bu ilin tendensiyası ümidvericidir. Rusiya Dağlıq Qarabağ prosesinin nizamlanması ilə bağlı danışıqlar prosesinə, Bakı və İrəvandakı dostlarımıza qarşılıqlı məqbul olan həll yolunu tapmaq üçün vacib təsir funksiyasını özündə saxlayır”.

Rusiyanın Qarabağ problemindəki yeri

Aleksandr Lukeşeviçin açıqlamasında diqqətçəkən məqam, Rusiyanın Bakı və İrəvana təsir funksiyasını özündə saxlaması ilə bağlı səsləndirdiyi fikirdir. Əlbəttə, bura qədər də istər Ermənistan, istərsə də Azərbaycanın ictimai-siyasi çevrələrinə də məlumdur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxmasında və uzun illərdir bu problemin həll edilməməsində əsas tərəfdir. Ermənistanın bu prosesdə tərəf olmadığı və Moskvadan verilən tapşırıqlar üzərindən hərəkət etdiyi də hər kəsə məlumdur. Düzdür, Avropa Parlamenti, ATƏT və BMT kimi beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə Ermənistan rəsmi qaydada işğalçı tərəf kimi qəbul edilir və işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması tələb edilir, lakin 1990-cı illərin əvvəllərində hazırda işğal altında olan Azərbaycan ərazilərinə ordu yeridən ilk tərəf Rusiya idi. Dağlıq Qarabağın ələ keçirilməsi ilə yanaşı, ətraf rayonların işğal edilməsi və Xocalıda baş verən dəhşətli soyqırımda da Rusiya ordusu (366-cı Motoatıcı Alay) əsas rolu oynayırdı. Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı əvvəldən elan edilməmiş bu müharibədə sadəcə, hədəfə alınmış bölgələri yaxşı bilən bələdçi və əsirləri, mülki insanları işgəncələrlə qətlə yetirməklə Azərbaycan cəmiyyətinə psixoloji təzyiqlər edən qorxulu cəllad rolunu oynayırdı.

Torpaqlar niyə geri qaytarılmır?

Başqa sözlə, münaqişənin həllində Azərbaycan Ermənistanla yox, Rusiya ilə danışıqlar aparır. Ermənistan sadəcə bu prosesdə Moskvanın şərtlərini Azərbaycana çatdıran "kuryerdir”. Yəni, Rusiyanın işğal edilmiş əraziləri Azərbaycana qaytaracaq yeganə gücüdür. Bu məsələnin gündəmə gəlməsinə gəlincə, bu, Rusiyanın həll qarşılığında Azərbaycan qarşısında qoyduğu şərtlərlə bağlıdır. Yəni, Moskva Bakıya o mesajı vermək istəyir ki, Ermənistanla aparılan danışıqlar Azərbaycan Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan günədək heç bir hüquqi və siyasi qüvvəyə malik olmayacaq, yəni, ərazilər geri qaytarılmayacaq. "İşğal edilmiş ərazilərin qaytarılması”, - deyəndə Rusiya Dağlıq Qarabağı yox, ətraf rayonların Azərbaycana qaytarılmasını nəzərdə tutur. Məhz Azərbaycanın bu ittifaqlara üzv olmağa məcbur edilməsi planı da bu məsələ üzərində qurulub.

Moskvadan verilən bu açıqlama həmçinin Qərbə də mesajdır ki, Qərb dövlətlərinin, xüsusilə, ATƏT-in Minsk qrupuna üzv olan dövlətlərin - Fransa və ABŞ-ın burada oynaya biləcəyi rol yoxdur. Zatən, bura qədər də Qərb Qarabağ probleminə ciddi yanaşmırdı, nə Ermənistana təzyiq edilir, nə də Rusiyaya barmaq silkələnir. Ağ Evdən verilən son açıqlamada da o diqqətə çatdırıldı ki, ABŞ indiyədək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ciddi məşğul olmayıb. Başqa sözlə, Qərbin münaqişənin həll prosesində oynadığı nəzəri rola uyğun olaraq, Rusiya münaqişənin mərkəzindəki yeri möhkəmlədərək bütün "ipləri” öz əllərinə yığıb. Moskva da sadəcə olaraq, ara-sıra bu məsələ Qərbdə gündəmə gələndə, Lukaşeviç kimi nüfuzu yüksək olmayan diplomatların dilləri ilə xatırlatmalar edir.

"Mesaj Qərbə ünvanlanıb”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya Dağlıq Qarabağ probleminin həll prosesində münaqişə tərəflərinə təsir imkanlarına malikdir. Politoloq Moskvanın həll prosesində işğalçı tərəfi dəstəklədiyini də diqqətə çatdırıb: "Lukaşeviç onu diqqətə çatdırmaq istəyir ki, Rusiya Qarabağ problemində həlledici fiqurdur. Bu mesaj Azərbaycan və Ermənistandan çox, Qərbə ünvanlanıb. Rusiya son iki ildə regional münaqişələrin ortaya çıxmasında və bu proseslərin nizamlanmasında, terrorizmə qarşı mübarizədə və ayrı-ayrı dövlətlərdə eksterimizmin qızışdırılmasında aparıcı dövlət rolundan çıxış edir. Azərbaycan, Ukrayna, Moldova və Gürcüstandakı regional münaqişələrin mərkəzində yer alan Rusiya digər yandan, Suriyadakı müharibədə güclü mövqeyə malik olduğunu göstərdi. Rusiya bununla göstərməyə çalışır ki, o, regional münaqişələrlə yanaşı, qlobal siyasətin müəyyən edilməsində də böyük gücə malikdir. Moskva bu mövqeyini Qarabağ probleminə də proyeksiya edib. Bu baxımdan, Ermənistan Qarabağla bağlı gedən danışıqlardakı qeyri-konstruktiv mövqeyi Rusiyanın diktəsi ilə tutub”.

Z.İbrahimli Rusiyanın həll prosesində oynadığı rolun bir sıra suallar yaratdığını vurğulayıb: "Bəs, Rusiya bu vacib təsir funksiyasından nə qədər obyektiv istifadə edir? Bu, regionda davamlı sülhü təmin edə bilərmi? Əlbəttə, Rusiyanın münaqişədəki yeri barədə səslənən bu fikir Azərbaycan cəmiyyəti üçün sürpriz deyil. Fürsət düşdükcə beynəlxalq ictimaiyyətin və ayrı-ayrı dövlətlərin diqqətinə çatdırmaq lazımdır ki, Rusiya bu təsir funksiyasından qeyri-konstruktiv məqsədlər üçün istifadə edir. Əlbəttə, Rusiya böyük dövlətdir, nüvə gücüdür və bu baxımdan, qonşuluğunda yerləşən bu münaqişədə iştirak edən tərəflərə böyük təsir imkanları var”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları