Yuxarı

Qarabağ: Minsk Qrupu prosesdən uzaqlaşıb?

Qarabağ: Minsk Qrupu prosesdən uzaqlaşıb?

Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin nizamlanmasında aktivliyini artıran Rusiya ATƏT-in  Minsk qrupunu prosesdən uzaqlaşdıra bilib.

Son 2 ayda problem ətrafında gedən proseslərdə də Minsk qrupu yox, Rusiya daha çox nəzərə çarpır. Xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfərlərindən sonra Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviçin səsləndirdiyi fikirlər də bir daha təsdiq etdi ki, Qarabağ probleminin yeganə həll formulu Kremldədir. Kreml isə torpaqların Azərbaycana qaytarılması üçün şərtlərini verib və gözləyir. 

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, əgər Azərbaycan 5 rayon müqabilində Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olsa, Rusiya sülhyaratma missiyası və statusun müəyyən edilməsi adı altında qoşunlarını Dağlıq Qarabağa yeridəcək. Azərbaycan buna razı olacağı halda, Dağlıq Qarabağ Ermənistan və Azərbaycan arasında tarazlığı qorumaq üçün Rusiyanın "hərbi qərargah”ı rolunu oynayacaq. Yəni, bölgə nə Azərbaycanın, nə də Ermənistanın nəzarətində olacaq. Azərbaycan isə buna razı deyil. 

ABŞ niyə passivdir?

Minsk qrupunun digər həmsədr dövləti - ABŞ Rusiyadan fərqli olaraq nə öz dövlət maraqları, nə də bu formatın nizamnaməsinə gərəyincə münaqişənin həllində aktiv deyil. Rusiya da bu aktivliyi Minsk qrupu daxilində yox, təktərəfli formada göstərir. Amerika isə özünü tamamilə kənara çəkib. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə qoşulduğu 1994-cü ildən bu günədək mövqeyi ondan ibarət olub ki, problem dinc yolla həll edilməlidir. Dövlət Departamentindən son günlərdə verilən hər 2 açıqlamada da məsələyə bu münasibət sərgilənib. Halbuki Rusiyanın münaqişədə tərəf olmasını nəzərə alan ABŞ-dan ən az gözlənti bu idi ki, geosiyasi maraqlar baxımından Vaşinqton Moskvaya əks cəbhədə - Azərbaycan tərəfində yer alacaq. Amma bu gözlənti də özünü doğrultmur.

Başqa sözlə, Gürcüstan və Ukrayadan fərqli olaraq, ABŞ-ın Qarabağ probleminin həllindəki fəaliyyəti nəzəridir. Gərginliyin ən pik həddində də Dövlət Departamenti 3-4 cümləlik bəyanat verərək, tərəfləri sakitləşdirməyə çağırır. Amerika prezidentlərinin dilindən isə Dağlıq Qarabağ münaqişəsinə dair bir cümlə eşitmək Azərbaycan üçün "tarixi hadisə” sayılır. Donald Trampın hakimiyyətə gəlməsindən keçən 1 il ərzində bir dəfə də bu məsələni dilə gətirməyib. Amerika Qarabağ problemi həlli daxilindəki fəaliyyətini ara-sıra bölgəyə göndərdiyi Minsk qrupundakı həmsədri (Endryu Şaffer) ilə yekunlaşdırıb.

Şafferin qəribə açıqlaması

Şaffer isə Qarabağ məsələsini az bilən adam olduğunu anlaşılmaz açıqlaması ilə nümayiş etdirdi. Həmsədrin bu dəfəki açıqlaması digərlərindən ziddiyyətli olması ilə yadda qaldı. Müsahibələrindən birində Şaffer dedi ki, ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır və münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəflərlə aktiv işi davam etdirəcək: "Minsk qrupunun qəbul etdiyi siyasət ondan ibarətdir ki, ədalətli həll - beynəlxalq hüquqa güc tətbiq etməmək, ərazi bütövlüyü, bərabərlik və xalqların müqaddaratını təyin etmə prinsiplərinə əsaslanmalıdır”. 

Amerikalı həmsədrin bu açıqlaması onu təsdiq edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın xarici siyasətində prioritet deyil. Yəni, burada maraqları təmin edilsə də, edilməsə də etiraz etməz.

"Qarabağ məsələsi ABŞ üçün o qədər də əhəmiyyətli deyil”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ kimi Rusiyanın da Dağlıq Qarabağ məsələsi ətrafında gedən proseslərdə xüsusi aktivliyi yoxdur. Münaqişənin həlli istiqamətində heç bir yeniliyin olmadığını deyən partiya sədri qeyd edib ki, problem əvvəldən necə idisə, indi də o formada qalır: "Rusiya sadəcə olaraq  münaqişənin qonşuluğunda yerləşdiyinə və bu bölgənin onun maraq dairəsində olduğuna görə aktiv olmağa çalışır. Bu baxımdan, Rusiya Amerikaya nisbətən məsələyə daha həssas yanaşır.  Çünki münaqişə istənilən vaxt genişlənə və Amerika proseslərə qoşula bilər. Bu da Rusiya üçün problemlər yarada bilər. Amerika siyasi coğrafiya baxımından bu bölgədən uzaqdır. Buna görə də Dağlıq Qarabağ münaqişəsi ABŞ üçün Rusiya qədər önəmli deyil. Digər yandan, xarici siyasi prioritetlər var.

Əgər ortaya daha ciddi problemlər çıxırsa, daha az ciddi olan problemlər arxa plana keçirilir. Məsələn, ABŞ üçün İran, İraq, Suriya, İsrail - Fələstin münaqişəsi və Şimali Koreya problemləri daha ciddidir, nəinki Dağlıq Qarabağ münaqişəsi. Yəni, Amerika xarici siyasətdə onun dövlət maraqlarına zərbə vura biləcək məsələlərə daha ciddi yanaşır. Məsələn, indiki halda Amerika İraq və Suriyada maraqlarını təmin etmək üçün göstərdiyi səylərin, mində birini Ukraynada etmir. Halbuki Ukraynanın Rusiyadan ayrılması, Avropa və ABŞ-ın maraqlarına uyğundur. Sadəcə olaraq, Ukrayna məsələsinin Amerikanın maraqlarına vura biləcəyi zərbə az olduğu üçün bu problemin həllinə o qədər də ciddi yanaşmır”. 

S.Cəlaloğlu vurğulayıb ki, Amerika özünün dövlət maraqları üçün ciddi əhəmiyyət kəsb edən yerlərdə aktiv olur: "Rusiya da öz dövlət maraqlarını qorumağa çalışır. Yəni, Amerika Qarabağ probleminin həllində ona görə aktiv deyil ki, buradan onun dövlət maraqlarına təhlükə yoxdur”.

"Azərbaycan Qərbin dəstəyini təmin etməlidir”

"Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ABŞ və Rusiyanın vasitəçi kimi iştirak etdiyi Qarabağ probleminin həll prosesində heç bir irəliləyiş yoxdur. Politoloq hesab edir ki, indiyədək Qərb tərəfindən irəli sürülmüş bütün həll variantları Rusiya tərəfindən sabotaj edilib: "ABŞ məsələni həll etməyə çalışdı, hətta bir dönəm Azərbaycan və Ermənistanı ortaq mövqeyə yaxınlaşdırdı, amma Rusiya buna imkan vermədi. Halbuki imkan yaranmışdı ki, Qərb Ermənistana təzyiqlər etsin. Bu ilin avqust ayında Amerika Azərbaycanın maraqlarına uyğun olan prinsiplər ("Hoqland prinsipləri”) irəli sürdü. Amma hansısa səbəbə görə ABŞ geri çəkildi və Rusiyanın moderatorluğu ilə aparılan danışıqlara qoşuldu. Həmçinin Azərbaycanın balanslı siyasəti, Bakının "Hoqland planı”na ciddi yanaşmamasına görə də ABŞ aktivliyini azaltdı. 

Azərbaycandan fərqli olaraq, Qərbə inteqrasiya edən Ukrayna və Gürcüstan ABŞ-dan hərtərəfli dəstək alır. Azərbaycan da xarici siyasətdə Qərbə inteqrasiya xəttini seçsə, Amerikadan istənilən dəstəyi ala biləcək”.  M.Əsədullazadə bildirib ki, Rusiyanın moderatorluğu ilə gedən danışıqlar isə münaqişəni dalana dirəyib: "Heç bir irəliləyiş yoxdur. Çünki Rusiyanın irəli sürdüyü şərtlər Azərbaycan üçün qəbuledilməzdir. Azərbaycan Qərbdən dəstək ala bilməyən günədək Rusiya bizə öz şərtlərini diktə edəcək”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları