Yuxarı

Ənənəvi müxalifətin seçki marafonu: Uğursuz və yorğun adamlar

Ənənəvi müxalifətin seçki marafonu: Uğursuz və yorğun adamlar

2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə 1 ilə yaxın vaxt qalmasına baxmayaraq, ənənəvi müxalifəti təmsil edən siyasi partiyalara yaxın çevrələr mövzunu tərəfdarları vasitəsilə gündəmə gətirirlər.Hər kəs də yenə öz adamını əsas və şanslı nmizəd kimi görür.Birbaşa olmsa da, dolayısı ilə sədrləri, yaxud liderləri ilə seçkiyə gedəcəklərini bildirirlər. Bu isə o ehtimalı yaradır ki, ənənəvi müxalifət əvvəlki uğursuzluqları əsas götürərək, bu dəfəki "marafona” blok şəklində yox, öz namizədləri ilə qatılmaq niyyətindədir.

Ənənəvi düşərgənin təmsilçiləri yenə də eyni adlarla bəxtlərini sınamağı düşünürlər.Yəni, fərqli ad yoxdur. Müsavat Partiyası keçmiş başqan İsa Qəmbər, Milli Şuraya qurumun sədri Cəmil Həsənli, ya da "Yurd” təşkilatının sədri  Əli Kərimli ilə qatılmaq niyyətini gizlətmirlər. Bakıdakı bir qrup tərəfdarı isə Azərbaycanın ABŞ-da yaşayan keçmiş spikeri Rəsul Quliyevlə öz gücünü göstərmək kimi miflərə uyurlar.

Müsavatın namizədi

Müsavat Partiyası son qurultayda sabiq başqan İsa Qəmbərin namizədliyini irəli sürüb. Lakin İsa Qəmbərin seçki kampaniyası və sonucu hər zamankı kimi bu dəfə də uğursuz ola bilər. 2014-cü ildə Müsavatda keçirilmiş başqanlıq seçkilərindən sonra partiya iki yerə parçalandı və elektoratının böyük hissəsini itirdi.Hazırda da kütləvi istefalar davam edir, digər yandan da son zamanlarda İsa Qəmbərin özü də siyasi proseslərdə o qədər də aktiv deyil.Müsavatdan getmiş nüfuzlu müsavatçılar və Arif Hacılının başqanlığından narazı olan elektorat da partiyada baş verən parçalanmalarla əlaqədar keçmiş başqanı ittiham edirlər.Parçalanmış elektoratı və aşağı düşmüş nüfuzu ilə Müsavatın seçkilərdə İ.Qəmbərə heç bir halda uğur qazandıracağı   inandırıcı görünmür.

Məğlubiyyəti hiss edən Əli Kərimlinin hiyləgər gedişi

Əli Kərimliyə gəlincə, son illərdə keçirdiyi mitinqləri az sayda iştirakçı ilə "yola verən” "Yurd” sədri yenə də Milli Şuraya ümid edir. O, şuranı ənənəvi müxalifətin birliyi kimi yalançı təqdimatı ilə gündəmə qaytarmaq niyyəti güdür. Lakin düşərgədəki əsas rəqiblərinin və müttəfiq sayıla biləcək siyasi partiyaların seçkilərə öz namizədləri ilə qatılmaq istəkləri Əli Kərimlinin bu gözləntilərinin üzərindən qara xətt çəkir.Digər tərəfdən, 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hüquqi təmsilçiliyi üzərində yaranmış vəziyyət də "Yurd” sədrinə baha başa gəldi.Partiya əlindən çıxmaqla yanaşı, AXCP-nin seçici elektoratının böyük hissəsindən də məhrum oldu.Hazırda fəaliyyətini məhdud sayda üzvün olduğu və "Yurd”dan başqa heç bir siyasi təşkilatın təmsil olunmadığı Milli Şura ilə məhdudlaşdıran Əli Kərimli yenə də məğlubiyyəti özündən uzaqlaşdırmaq üçün Cəmil Həsənli, yaxud bir başqası üzərində təcrübə keçmək istəyir. O, dəfələrlə əvvəldən məğlub olduğunu bildiyi üçün bu addımları atıb və indiyədək namizəd kimi seçkilərə qatılmayıb. Həmişə də gözü hakimiyyətin ən yuxarı kürsüsündə yox, "ana müxalifət” iddiasında olub və bu ambisiyasına görə müxalif düşərgəsinin bütün siyasi qüvvələrini özündən ayrı salıb.

Eks-spikerin "nəfəslik” axtarışları

Amerikada yaşayan və okeanın o tayından məsləhətlər verən Rəsul Quliyev də uzun illərdir ənənəvi müxalifətin əsas simalarından sayılır.Eks-spiker artıq seçkilərə namizəd kimi qatılacağını bəyan edib. Bununla əlaqədar gələn il Azərbaycana gələcəyini istisna etməyən Rəsul Quliyevin Azərbaycandakı bir qrup tərəfdarı artıq təbliğat işlərinə başlayıb. 

Lakin onun seçkilərdə uğurlu nəticə əldə edəcəyi ən az onun dəfələrlə verdiyi vədlərə baxmayaraq, ölkəyə qayıdışının baş tutacağı qədər də müəammalıdır. Digər yandan, Rəsul Quliyev Azərbaycanda böyük dəstəkləyici elektorata malik insan deyil, həmçinin siyasi partiyalarla yaxından-uzaqdan heç bir əlaqələri də yoxdur.

Vaxtilə maliyyələşdirdiyi bir-iki siyasi partiya isə Rəsul Quliyevi seçkilərdən "üzüağ” çıxarmaq gücündə deyil.Bir özləri, bir də "papkaları” olan bu partiyaların sədrlərinin onun namizədliyini dəstəkləyəcəkləri də naməlumdur. Buna görə də ən az uğurlu nəticə üçün Rəsul Quliyev böyük kapitallarla ənənəvi müxalifətin təmsilçilərini bir blokda yığıb vahid namizəd olmaq imkanlarını da dəyərləndirir. Lakin bu cəhdləri də baş tutmur.

Mənsur






Həftənin ən çox oxunanları