Yuxarı

İsrailin müttəfiq seçimi: Niyə Azərbaycan?

İsrailin müttəfiq seçimi: Niyə Azərbaycan?

İsrailin müdafiə naziri Aviqdor Liberman Rusiyada fəaliyyət göstərən "RTV 1” telekanalına müsahibəsində ölkəsinin Azərbaycanla münasibətlərindən və qondarma erməni soyqırımından danışıb. Aparıcının "Bəzi beynəlxalq təşkilatlar Türkiyəyə təzyiq etmək məqsədilə İsraili "erməni soyqırımını” tanımağa çağırırlar, siz buna necə baxırsınız” sualına cavab olaraq, müdafiə naziri bildirib ki, bu, hər şeydən əvvəl, tarixi, həm də, mübahisəli məsələdir: "Erməni soyqırımı” ilə bağlı İsrailin mövqeyi dəyişməzdir”. Nazir xüsusilə, qeyd edib ki, İsrailin qondarma "erməni soyqırımı”nı tanımaması birbaşa olaraq ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlıdır. Yəni, İsrail qondarma soyqırımı Azərbaycana görə tanımır. "Sözsüz ki, Azərbaycanla əlaqələrimiz bizim üçün daha vacibdir”,- deyə Aviqdor Liberman bəyan edib.

Azərbaycan İsrail üçün niyə əhəmiyyətlidir?

Qeyd edək ki, son zamanlarda Rusiya, İran və Ermənistan KİV-lərində İsrail - Azərbaycan münasibətlərinin pozulmasına dair iddialar yer almağa başlayıb. Azərbaycana qonşu olan dövlətlərin ikitərəfli münasibətləri pozmağa yönəlik "təxribat maşını”nın işə düşdüyü vaxt, Aviqdor Libermanın bu açıqlaması bu təxribatçı iddialara tutarlı cavab sayılmalıdır.

Açıq şəkildə görünür ki, qonşu dövlətlər İsrail - Azərbaycan münasibətlərindən narahatdırlar və hansısa naməlum səbəblərə görə bu münasibətləri pozmağa yönəlik cəhdlər edirlər. Əlbəttə, bu hücumlar fonunda Azərbaycanın hansı səbəbə görə İsrail üçün əhəmiyyətli dövlət olması da müzakirə mövzusudur. Şübhəsiz ki, müsəlman ölkəsi olan Azərbaycanın İsraillə yüksək səviyyədə münasibətdə olması diqqətçəkicidir. Hesab etmək olar ki,  Azərbaycanın enerji resursları ilə zəngin olması və yerli silahlarının əsas alıcılarından biri olması ilə yanaşı, ölkəmiz İranla qonşu olması baxımından da İsrail üçün önəmlidir. Yəni, Azərbaycanın coğrafi mövqeyi də İranla geosiyasi mübarizədə olan İsrail üçün ayrıca əhəmiyyət təmin edir. Amma bütün hallarda islam və müsəlman ölkələri içində ikinci bir nümunə yoxdur ki, İsrail - Azərbaycan münasibətləri kimi olsun. BMT-nin Nyu-Yorkda (ABŞ) keçirilən son sammitində də İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin Azərbaycanla əlaqələrini bütün müsəlman dövlətlərinə nümunə kimi göstərdi. Beləliklə, bir sıra maraqların üst-üstə düşməsi çərçivəsində qurulmuş münasibətlərdə İsrail daha aktivdir. Lakin inkişaf edən münasibətlər Azərbaycana qarşı İran kimi böyük bir problemi yaradıb.

İranın Azərbaycanla qarşıdurma qorxusu

İran hakimiyyəti özünün absurd İsrail - Azərbaycan münasibətlərinin özünə qarşı yönəldiyi, hətta, Azərbaycanın milli təhlükəsizliyinin bu yəhudi ölkəsi tərəfindən qorunduğu iddiasına inanır. İran nə vaxtsa Azərbaycanla ərazi (Güney Azərbaycan) qarşıdurması yaşaya biləcəyini ehtimal edir və buna görə də özünün "əbədi düşməni” elan etdiyi İsrailin Azərbaycanla münasibətlərini inkişaf etdirmək səylərini təsadüfi hesab etmir. İran açıq formada ehtimal etdiyi ərazi qarşıdurmasında İsrailin Azərbaycandan öz ərazilərinə dağıdıcı zərbələr endirəcəyindən ehtiyat edir. İranın rəsmi dairələri hesab edirlər ki, İsrail və ABŞ-da fəaliyyət göstərən yəhudi lobbisinin "Azərbaycanın bütövləşdirilməsi”, yəni, Güney Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsi planı var və İsrail gizli şəkildə bu planın icrasını həyata keçirir.

Teokratik rejimin cəfəng düşüncəsi və həqiqətlər

İranın hansı ehtimallarına və absurd iddialarına inanmasından asılı olmayaraq, yüksək səviyyədə olan qarşılıqlı münasibətlərin tarixi kökləri var. İlk növbədə bu münasibətlərin inkişaf etməsində əsrlərdir Azərbaycanda yaşayan yəhudilərin böyük rolları var. Azərbaycandakı yəhudilər İsraillə sıx təmas içindədirlər, eyni zamanda İsrail də bu təmaslara ciddi əhəmiyyət verir. Üstəgəl, İsraildə 10 minə qədər Azərbaycan kökənli yəhudi və Azərbaycan türkü yaşayır. Bu da münasibətlərin müsbət məcrada davam etməsində əhəmiyyətli amildir. 

Azərbaycanda yaşayan yəhudilərə bütün konstitusion haqlar tanınır. Yəhudilərin Azərbaycanda fəaliyyət göstərən QHT-ləri, qəzetləri, məktəbləri, liseyləri, dini qurumları və sinaqoqları var. İsrail dövləti də öz ərazilərində yaşayan azərbaycanlılara bu haqları tanıyır. Azərbaycana gəlincə, yəhudilərin Azərbaycandakı fəaliyyətləri 1905-ci ildən başlayır. 1905-1928-ci illərdə yəhudilərin Azərbaycanda qurduqları "Paoley Sion” adlı təşkilat dünya yəhudiləri ilə geniş əlaqələrə malik idi. Təşkilatın Bakıda yayımlanan qəzeti də vardı. Başqa sözlə, əsrlərdir Azərbaycanda təhlükəsizlik içində yaşayan yəhudilərə dövlət səviyyəsində də böyük dəstək var. Yəhudilər qarşılarında heç bir əngəl görmədən burada öz mədəniyyətlərini və dillərini qoruyub saxlayıblar. Üstəgəl, Qarabağ müharibəsində yəhudilər vətəndaşı olduqları Azərbaycana sədaqətli olduqlarını nümayiş etdirərək, müharibəyə qoşuldular və işğalçıya qarşı savaşdılar. İran isə Güney Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycan türkünə heç bir konstitusion haqq tanımır. Assimiliyasiya siyasəti ilə türkləri yox etməyi qarşısına məqsəd qoymuş teoktarik rejim, digər yandan Azərbaycan türklərinin haqları uğrunda mübarizəsini ən amansız formada alır. İrandan fərqli olaraq, İsrail yəhudilərə göstərilən bu qayğıya görə Azərbaycanla dost olmaq səyləri içindədir.

İsrail Azərbaycan üçün yeganə dövlətdir ki...

Unutmaq lazım deyil ki, 1990-cı illərdə Ermənistanla müharibədə Azərbaycan ABŞ, İran, Rusiya və bütün Qərb dövlətləri tərəfindən təklənəndə İsrail Türkiyə ilə yanaşı, ölkəmizi bu işğalçı blokadadan çıxarmağa cəhd edən yeganə dövlətlərdən idi. Üstəgəl, SSRİ-dən ağır itkilərlə çıxmış Azərbaycana hələ ən böhranlı vaxtlarda - 1990-cı illərdə az da olsa investisiya yatıran ilk ölkə də İsrail idi. ABŞ və Qərbin bütün qadağalarını tanımayaraq, ən bahalı və heç bir dövlətə satmadığı nadir silahlarını Azərbaycana verən yeganə dövlət də İsraildir.

"İranlı rəsmilər İsrailin adından Azərbaycana şər atırlar”

Yaxın Şərq və İran üzrə mütəxəssis, politoloq Sədrəddin Soltan "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İsrail - Azərbaycan münasibətləri uzun bir tarixin məsələsidir. Politoloq qeyd edib ki, tarixən də türk hökmdarlar yəhudilərə qarşı pis münasibətdə olmayıblar:

"Məsələn, Osmanlı sultanları dünyaya səpələnmiş yəhudilərə türk torpaqlarında yer verdilər, onları müdafiə etdilər, haqlarını qorudular. Azərbaycanda da uzun illərdir yəhudilər yaşayırlar, onların ölkəmizə qarşı münasibətləri də xoşdur. Yəhudilər Azərbaycanın milli azadlıq mübarizəsində, Ermənistanla müharibədə iştirak ediblər. Yəni, Azərbaycan və İsrail arasında münaqişəyə, gərginliyə səbəb olacaq heç bir məsələ yoxdur. Münasibətlərdə İranın narahatlığına səbəb olacaq məsələ də yoxdur. Sadəcə olaraq, İran İsraili özünə düşmən elan edib, həmçinin İran İsraili dövlət kimi tanımır. Amma münasibətlər İrana elə görünür ki, guya İsrail - Azərbaycan münasibətlərində İran faktoru əsas rol  oynayır. Zaman-zaman İsrail - Azərbaycan münasibətləri, Güney Azərbaycanda yaşayan türklərin milli haqlarının təmin olunması məsələləri gündəmə gələndə iranlı rəsmilər və İran KİV-ləri bunlarla bağlı Azərbaycana İsrailin adından şər atırlar. Amma İsrail - Azərbaycan münasibətləri nə İrana, nə də digər dövlətlərə qarşı yönəlməyib. Bizim bu ölkə ilə normal münasibətlərimiz var. Tərəflər arasındakı münasibətlərdə heç bir ziddiyyətli məqam yoxdur”.

Sədrəddin Soltan vurğulayıb ki, İsrail Azərbaycana dost dövlətdir:

"İsraildə bizə dost deyirlər. Həmçinin, Azərbaycanda yaşayan yəhudilərin milli haqları yüksək səviyyədə qorunur. İsraildə yaşayan Azərbaycan türklərinin də milli haqları qorunur, müdafiə olunur. İndiyədək İsraildə Azərbaycan türklərinin haqlarının pozulması ilə bağlı xəbər eşitməmişik. Sadəcə olaraq, İsrail və Azərbaycan arasındakı münasibətləri pozmağa cəhd edirlər. Heç İsrailin Ermənistanda səfirliyi yoxdur. Ermənistan çox çalışdı ki, İsraillə münasibətlərini normallaşdırsın, İsrailin İrəvanda səfirliyi olsun, qondarma erməni soyqırımı məsələsi Knessetin gündəliyinə salınsın. Amma İsrail ağıllı və soyqırım anlayışını yaxşı bilən dövlətdir. Müasir dünyada tanınan yeganə soyqırım da faşistlər tərəfindən yəhudilərə qarşı törədilmiş soyqırımdır. İsrail Osmanlı ərazilərində yaşayan erməniləri də yaxşı tanıyır. Aviqdor Liberman da bu məsələyə çox tutarlı münasibət bildirdi. Liberman dəfələrlə bu məsələyə toxunub və müsahibələrində bu haqda danışıb”.

"İsrail İrandan fərqli olaraq....”

Mütəxəssisin sözlərinə görə İsrail və Azərbaycanın bir sıra məsələlərdə mövqeləri üst-üstə düşür:

"Həmin maraqlar da İranı qıcıqlandırır. Nəticədə İran rəsmiləri İsrail - Azərbaycan münasibətlərinə yönəlik qıcıqlandırıcı, hədələyici açıqlamalar verirlər. Amma Azərbaycan müstəqil dövlətdir və ərazilərində gözü olmayan hər bir ölkə ilə yaxşı münasibətdədir. Ermənistan da ərazilərimizi işğaldan azad etsə, müstəqilliyimizi və suverenliyimizi tanısa, bu ölkə ilə də münasibətlərimizi normallaşdıracağıq. İşğal davam edən günədək, işğalçı ilə dost ola bilmərik. Amma İsraildən fərqli olaraq, İranın Ermənistanda səfirliyi də var, bu işğalçı ölkə ilə hərtərəfli - iqtisadi, siyasi və mədəni əlaqələr də qurub. İran - Ermənistan münasibətləri İsrail - Ermənistan münasibətləri səviyyəsində deyil. Yəni, bizi İsraildən "qoruyan” İran İsraildən fərqli olaraq, işğalçı Ermənistana geniş "qucaq” açıb”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları