Yuxarı

Deputatları MSK niyə cəzalandıracaq?

Deputatları MSK niyə cəzalandıracaq?

Mərkəzi Seçki Komissiyasına (MSK) deputatları cəzalandırmaq hüququ verilib. Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi təklifinə baxılıb və Seçki Məcəlləsinə dəyişiklik edilib.

Qeyd edək ki, qanun layihəsinin müzakirəsi zamanı bir sıra deputatlar bu dəyişikliyə etiraz edib. Hələ qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa "Cümhuriyət” qəzetinin 9 dekabr sayında bu məsələyə münasibət bildirərək "Bu yanlış qərardır. Bu uyğun olmayan bir müddəadır. Bu müddəa müzakirə olunacaq və fikirlərimizi söyləyəcəyik. Hesab edirəm ki, yalnız Konstitusiya Məhkəməsində bunun həlli mümkündür” - deyib.

Milli Məclisin üzvü Zahid Oruc isə bildirib ki, atılan hər bir addım parlament üzvünün sərbəstliyini, mustəqilliyini qoruyub saxlamalı, onun fəalliyyət azadlığını təmin etməlidir: "Hazırkı parlament tərkibindən çıxış etsək, burada üstünlüyü qazanan məhz hakim partiyanın nümayəndələridir. Ona görə də ümidvaram ki, ən sonda müzakirələr açıq və hərtərəfli getdikdən sonra optimal bir qərar veriləcək”.

Məlumdur ki, MSK-ya deputat mandatını ləğvetmə hüququnun verilməsi onun statusunun genişləndirilməsidir. MSK-ya deputatı cəzalandırmaq üçün yeni bir status verilir. Artıq bəzi deputatlar da dəyişiklikdən narahatlıqlarını bildiriblər.  

"Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, bu yanlış qərardır: 

"Ümumiyyətlə, MSK-ya bu cür səlahiyyətlərin verilməsi nə dünya təcrübəsinə, nə də məntiqə uyğundur. Çünki bir orqan həm seçirsə, həm də seçdiyini cəzalandırırsa, onda səlahiyyətlərin hamısı bir əldə cəmləşir. Belə bir mexanizm ola bilməz. Ona görə də bunu yanlış hesab edirəm. Faktiki olaraq bir orqan seçirsə, baş bir orqan ona qiymət verməlidir, deputatlıqdan geri çağırmalıdır. Ancaq bu halda bu proses demokratik ola bilər. Seçki özü demokratik prosedurdur. Onun taleyini totalitar qaydada həll etmək bir o, qədər də məntiqli olmaz”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev idə deyib ki, bu məsələyə təkcə deputat mandatının ləğvi prizmasından baxmaq doğru deyil: "Bu, çox yanlış bir xətdir. Bundan öncə də 2016-cı il referendumunda Konstitutsiyaya edilən dəyişikliyə görə deputatın mandatını ləğv etmək səlahiyyətləri həm də parlamentin aidiyyatı üzrə komitəsinə verilmişdi. Ancaq indi MSK-ya belə bir səlahiyyətin verilməsi onu göstərir ki, hətta parlament komissiyasına belə etibar edilmir. 

Deputatın səlahiyyətləri, hüquqları ilə digərləri arasında elə də ciddi fərq yoxdur. Hər ikisi cəmiyyət tərəfindən seçilib, formalaşmış qurumlardır. Deputatların mandatlarını bu qədər asan itirməsi ölkənin böhrana yuvarlanmasının ən bariz nümunələrindən biridir. Buna bir az geniş çapda qiymət vermək lazımdır. Buna idarəçilik fəlsəfəsinin tərkibi kimi baxmaq lazımdır. Son dövrdə qanunvericilik səviyyəsində eyni cür dəyişikliklərin şahidi oluruq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları