Yuxarı

İqtidar-müxalifət münasibətləri: Yeni müstəviyə keçəcəkmi?

İqtidar-müxalifət münasibətləri: Yeni müstəviyə keçəcəkmi?

Bu gün cəmiyyətdə iqtidar-müxalifət münasibətləri ürəkaçan səvyyədə deyil.Müxalifət və iqtidar arasında nə qədər siyasi mübahisələr olsa da, dövlət və xalq mənafeyi onları bir araya gətirməlidir.Müxalifət dövlətin və xalqın mənafeyinə, maraqlarına uyğun addımlar atmalı, təkliflər verməlidir.Hökumət də səslənən fikirləri, təklifləri dəyərləndirməli, dövlətin və xalqın maraqlarına uyğun olanlarını həyata keçirməlidir.Bu günlərdə Rusiya prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi geniş mətbuat konfransında vurğulayıb ki, əsl müxalifət iqtidara ölkənin mövcud problemləri ilə bağlı konkret və inandırıcı konsepsiyalar verməlidir.

Maraqlıdır, Azərbaycanda iqtidara bu cür  konsepsiyalar verən müxalifət partiyaları varmı? 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində deyib ki, AXCP müxtəlif dövrlərdə təkliflər paketi hazırlayıb hökumətə təqdim edib:

"Böhran dövründə ölkənin düşdüyü vəziyyətdən çıxması üçün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hökumətə 3 hissəli Təkliflər Paketi təqdim etdi. Təkliflər paketi turizmin, eləcə də ağır və yüngül sənayenin inkişafı və siyasi islahatları əhatə edirdi.AXCP-nin konsepsiyalarına hökumətin aidiyyatı qurumlar tərəfindən rəsmi cavab göndərilməsi, qeyd olunmuşdu ki, təkliflər dəyərləndiriləcək.Daha sonra ölkənin ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı AXCP "Vahid Qərar Şurası” adlı konsepsiyasını ictimaiyyətə və hökumətə təqdim etdi.Bu konsepsiyanın müzakirəsində iştirak edən hərbçilər, ekspertlər və ziyalılar AXCP-nin bu təklifini yüksək qiymətləndirdilər.Son olaraq isə AXCP dini məsələlərlə bağlı ideoloji konsepsiya və Təkliflər Paketini müzakirəyə çıxartdı.Partiyanın qərargahında bununla bağlı dəyirmi masa keçirildi. Qeyd edim ki, AXCP-nin verdiyi anti-böhran təkliflər paketində yer alan müəyyən müddəalar hakimiyyətin iqtisadi siyasətində yer alıb. Hesab edirəm ki, iqtidar taleyüklü iqtisadi və siyasi məsələlərdə müxalifətlə əməkdaşlıq etməli, müxalifətin irəli sürdüyü təklifləri nəzərə almalıdır.Bugünkü iqtisadi durum, dünyada neft qiymətlərinin aşağı olması, qeyri-neft sektorunun inkişafını tələb edir.Ona görə də iqtisadi islahatlar həyata keçirilməli, rəqabətli bazar iqtisadiyyatı yaradılmalıdır.Həmçinin demokratik islahatlara hüquqi cəmiyyət qurucluğu istiqamətində islahatlar sürətlənməlidir.Ölkəmizin inkişafı naminə AXCP bundan sonra da təkliflər paketi ilə çıxış edəcək.İqtisadiyyatın müəyyən sahələrini əhatə edən proqram gələn il prezident seçkilərində ictimaiyyətə təqdim olunacaq”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də rəhbərlik etdiyi partiyanın hökumətə müxtəlif təkliflər verdiyini bildirib:

"Təbii ki, hökumətə təkliflər vermişik. Bizim mövqeyimiz elə hökumətə verilən təklifdir.Bu məsələnin birinci tərəfidir.İkincisi isə İspaniya hadisələri baş qaldıranda təklif etdim ki, Azərbaycan hökuməti fəal olsun, dövriyyəyə girsin, Madrid və Barselona arasında vasitəçilik eləsin.Təklif etmişdim ki, Bakıda beynəlxalq konfrans keçirilsin.Həmin o konfrans Bakıda yox, Brüsseldə keçirildi.Demirəm ki, bu mənim təklifimə görə keçirildi.Amma hər bir halda konfransdan 2 həftə öncə rəsmi olaraq bu təkliflə çıxış etmişdim.Bundan öncə də müxtəlif təkliflərlə çıxış etmişik.Əsas məsələ rəqabətli mühitin yaradılmasıdır.Rəqabət olması üçün də siyasi qüvvələr arasında mübarizənin olması lazımdır.Ancaq hökumət müxtəlif vasitələrlə müxalifəti damğalamağa çalışır.Müxalifətin olduğunu inkar edir.Bunu Azərbaycandakı rifahla və mövcud siyasətlə əlaqələndirməyə çalışır.Belə olduğu şəraitdə müxalifətin verdiyi təkliflərin həyata keçiriləcəyi inandırıcı görünmür”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da həmçinin hökumətə dəfələrlə təklif verdiklərini deyib:

"Əvvəla həm örtülü, həm də açıq şəkildə hökumətə dəfələrlə təkliflər vermişik. İqtidar və müxalifətin siyasi dialoqa getməsi, ölkənin inkişafı ilə bağlı çoxlu sayda rasional təkliflər irəli sürmüşük.Ancaq Azərbaycan hökuməti təklif eşitmək iqtidarında deyil. Əgər məqsəd iş görməkdirsə, onda istənilən təklifə reaksiya olacaq. Yox, əgər məqsəd iş görmək deyilsə, təkliflərin nə kimi əhəmiyyəti ola bilər? Yəni, tələb-təklif məsələsi var. Amma iqtidarın tələbi yoxdur.Hökumət elə bilir ki, dünyada hər kəsdən çox bilir.Amma ölkənin inkişafı, ədalətli cəmiyyət qurmaqla və xalqın problemləri ilə bağlı heç bir təklifə maraq göstərmirlər.Ona görə də bizim verdiyimiz təkliflər göydən asılı qalır.Putinin dediyi normal cəmiyyətlərdə mümkündür”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları