Yuxarı

“Xalq müxalifətə yaxın gəlmir”

“Xalq müxalifətə yaxın gəlmir”

[caption id="attachment_898" align="alignleft" width="297"]tahir kerimli Tahir Kərimli: “Müxalifət o qədər dağınıqdır ki, hətta hakimiyyətə gəlsə belədövlət aparatın saxlamaq gücündə deyil”[/caption] Vaxtilə Azərbaycan müxalifətinin tanınmış simalarından biri olan Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin keçmiş sədri, hüquqşünas Tahir Kərimli uzun müddətdir ki, siyasi sferada görünmürdü. 1 noyabr Milli Məclisə seçkilər ərəfəsində Tahir Kərimli 87 saylı Ağsu-İsmayıllı dairəsindən deputatlığa namizədliyini irəli sürüb. "Cümhuriyət" qəzeti  Tahir Kərimli ilə müsahibəni oxucularına təqdim edir. QEYD: Tahir Kərimli 1956-cı ildə Ağsu şəhərində doğulub. 1983-cü ildə ADU-nun Hüquq fakültəsini bitirib. AXC hakimiyyəti dövründə Ali Məhkəmənin sədri postunu tutub. Dövlət Müstəqilliyi Aktına millət vəkili kimi səs verənlərdən olub. 1990-cı il 20 Yanvar qətliamına görə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən imtina etdiyinə və SSRİ Prezidenti Mixail Qorbaçova ölüm hökmü çıxardığı üçün xalq hakimi vəzifəsindən kənarlaşdırılıb.  1990-95-ci illərdə Ali Sovetin deputatı olub. 1998-ci ildən Vəhdət Partiyasının sədridir.  - Tahir müəllim, noyabrın 1-də keçirilən parlament seçkisində siz də iştirak edəcəksiz. İstərdik ki, ölkədəki mövcud siyasi-ictimai durumu qiymətləndirəsiz. Seçki ab-havası hiss olunurmu? - Ölkədə ictimai vəziyyət sabitdir. İqtidar əvvəllər necə mövcud idisə, indi də o cür mövcuddur. O cəbhədə elə bir dəyişiklik yoxdur. Baxmayaraq ki, bəzi məsələlər olur. Müxalifət düşərgəsində seçkiyə münasibətdə müəyyən qədər fərqlilik var. Müxalifətin radikal qismi-Milli Şura inkarçı mövqe tutub. Ancaq qalan qismi müəyyən narazılıqları olsa da, seçkidə iştirak edirlər. Bununla, onlar ölkənin ictimai-siyasi vəziyyətini parlament və islahatlar yolu ilə dəyişməyə çalışırlar. İndi seçki təbliğat-təşviqat vaxtı deyil. Çalışacağıq ki, təbliğat-təşviqat dövründə xalqımızı seçkiyə dəvət edək. Öz səslərini kimə verirlər versinlər, amma mütləq seçkidə iştirak etsinlər, aktiv olsunlar. Azərbaycana beynəlxalq təşkilatların təsiri, Avropanın ikili münasibəti var. Avropa Şurası seçkilərin monitorinqini üzərinə götürürsə, ATƏT hələlik inkarçı mövqeyində dayanır. Dünyada Rusiya və Qərb arasında gedən müharibə nəticəsində Azərbaycan kimi dövləti hər kəs öz yanına çəkmək istəyir, hərə bir cür öz təzyiqini göstərir. Amma buna baxmayaraq, Cənubi Qafqazda Gürcüstan birmənalı Amerikanın qucağında oturursa, Ermənistan Rusiyanın vassalıdırsa, Azərbaycan məsafə saxlayır, bu gün balanslı və müstəqil siyasətini yürüdür. Mən şəxsən bunu bəyənirəm. - Tahir müəllim, Vəhdət Partiyasından bu ilki parlament seçkisinə neçə nəfərin namizədliyin irəli sürüb? - Vaxtı ilə biz seçkidə 46 nəfərin namizədlə iştirak etmişik. Amma uğur qazanmamışdıq. Buna görə fikirləşdik ki, seçkidə nə qədər az namizədlə iştirak etsək yaxşıdır. Partiyadan 3 nəfərin namizədliyini vermişik. Amma üzvlərimizi sərbəst buraxmışıq ki, kim namizədliyini irəli sürsə, partiya buna dəstək olacaq. Vəhdət Partiyası Məclisinin qərarında 20 səlahiyyətli nümayəndə ayırdı və MSK-sı təsdiq elədi. - Bəzi partiyalar yaranmış bürokratik maneələri əsas gətirərək seçkidə iştirakdan imtina edirlər. Vəhdət Partiyasının sədri olaraq Sizin namizədliyinizi geri götürmək kimi bir ehtimal varmı? - Bu cür ehtimal yoxdur. Biz hər şeyi göz önünə almışıq. Olub ki, parlament seçkisində uğursuzluqlarımız da olub, hətta seçkidə müəyyən qədər uğur qazansaq da, nəticələrdə öz əksini tapmayıb. Buna baxmayaraq,şəxsən mənseçkidə iştirakda qərarlıyam. Ola bilər ki, Vəhdət Pariyasının hansısa üzvü namizədliyini geri götürsün. Ad çəkmək istəmirəm, amma bir nəfər namizədliyini geri götürmək haqqında düşünür, hətta mənə də müraciət edib. Amma şəxsən mənim axıra kimi mübarizə aparmaq fikirim var. - Tahir müəllim, namizədliyiniz 87 saylı Ağsu-İsmayıllı Dairə Seçki Komissiyası tərəfindən rəsmiləşib. Rəqiblərinizlə tanışsınızmı və seçilmək şansınız nə dərəcədə yüksəkdir? - Özüm barədə təbliğatı nöqteyi-nəzərdən olduğuna görə, cavab verməyəcəm. Amma həmin seçki dairəsindən namizədliyini irəli sürənlər arasında tanıdıqlarım var. Onların əqidələrinə və özlərinə hörmətlə yanaşıram. Açığını deyim ki, çoxunu tanımıram. Bəziləri çox gəncdirlər, onların valideynlərin tanıyıram. Bəziləri musiqiçidirlər, ailəsi ilə yaşamırlar, kənardan gəliblər. Amma vaxtı ilə bir seçkidə iştirak etdiyim adamlar da var. Hər birinə uğurlar diləyirəm. Kim öz işini yaxşı təşkil edəcəksə,kim yaxşı mübarizə aparacaqsa, onun da qalib gəlməsini arzulayıram. - Müxalifətin ən çox tanınan siması kimi bu gün müxalifət düşərgəsində baş verənlərə münasibətiniz necədir? - Təəssüf edirəm ki, bu gün müxalifət çox pərakəndədir. Müxalifətin bir qismi, ancaq dağıtmaqdan danışır. Bir evi dağıda bilərsən, amma fikirləşməlisən ki, dağıtdığı evin yerinə yenisini tikə biləcəksənmi?! Müxalifət o qədər dağınıqdır ki, hətta hakimiyyətə gəlsə belə, yeni hakimiyyət, dövlət aparatın qurmaq gücündə deyil. İddiaları və gücləri bəlli deyil. Ona görə də, istər liderlərlə söhbət zamanı, istərsə də ümumi iclaslarda açıq təklif etmişəm ki, güclərin toplayıb birləşsinlər. Belə bir güc olmayanda hansısa ambisiya avantüra xarakteri daşıyır. Sağlam liderlər var ki, bunu başa düşürlər. Ancaq hakimiyyətə gücü çatmayıb bir-birini gözdən salanlar da var. Artıq həmin müxalifətlər hər parlament seçkilərində yer alıblar. Müxalifət nəyə görə bu liderlərdən yan qaçır? Ona görə ki, bu insanlar parlamentdə təmsil olunanda hakimiyyətə çox loyal münasibət göstəriblər. Ancaq elə ki, yer almırlar radikallaşırlar. Bunu da xalq görür. 2000-ci ildə 27 partiya boykot qərarına imza atdıq. O vaxt Vəhdət Partiyası da çox kəskin müxalifətdə idi. Amma o qərara imza atan müxalifət düşərgəsindən olan partiyalar gedib seçkidə iştirak elədilər. Bunlar yaddan çıxmır. Buna görə də xalq müxalifətə əsaslı şəkildə yaxın gəlmir. Bu vəziyyətə təəssüflənirəm. Çünki bu dövləti bir yerdə qurmuşuq. Dövlətin müstəqilliyinə səs vermiş 43 nəfərdən biri olmuşam. Qurduğumuz ölkə konstitusyon sistemdir iqtidarla yanaşı güclü, xalqın inandığı müxalifət olmalıdır. İnamı itirilməmiş insanlar birləşməlidir. Ən yaxşı arzuları bildirmək olar. Amma o arzular ölkəmizi Suriya, Livan, İraq halına salacaqsa, bu düzgün deyil. Gücün o dərəcədə olmalıdır ki, sabitliyi təmin edib o ambisiyalarla çıxış edəsən. Hesab edirəm ki, müxalifətin və iqtidarın içərisində başa düşənlər də var, düşməyənlər də. - Yaxın günlərdə mediada belə bir informasiya yayıldı ki, hakimiyyət seçkidən sonra parlamentdə təmsil olunacaq müxalifət partiyalarının siyahısını hazırlayıb. İddialara görə, 13 siyasi partiyanın adı olan siyahıda sizin də adınız yer alıb. Bu məsələyə münasibətinizi bildirmənizi istərdik. - İstərdim ki, o yazılanlar doğru olsun. Çünki bu, bizim arzumuzdur. Mən 25 il əvvəl deputat seçilmişəm və deputatlığı görmüşəm. Amma sonrakı dövrlərdə partiyamız parlamentdə təmsil oluna bilməyib. Çox arzu edərdim ki, partiyamın güclənməsi üçün maddi və texniki çətinliklərimizi aradan qaldıraq. Ancaq bütün bunlar şayiədir. Hər kəs öz düşüncəsini etibarlı mənbə adı ilə yayır. "Alınar alınar, alınmaz da alınmaz" məntiqi ilə. İnanmıram ki, hansısa ciddi bir adam o siyahını verə. Allahın işini bilmək olmaz, öz namizədliyimi irəli sürmüşəm ki, qalib gəlmək üçün. - Əgər siyasi mühitdə canlanma baş versə, daha çox kimlə müttəfiqlik edərdiniz? - Gizləmirəm. Tarixən biz mübarizə apararkən şəxsi rəğbət bəslədiyim Mirmahmud Mirəlioğlunu daha çox dəyərləndirmişəm. Əlbəttə Müsavatın içərisində bizim rəğbət bəslədiyimiz adamlar var. Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyindən sonra ciddi qərar qəbul edib ki, heç bir partiyalarla bloka getməsin. Azərbaycanda sabitliyi təmin etməklə, eləcə də digər neqativ halların arada qaldırılmasını biz də arzu edirik. Əməkdaşlıq edərik, amma bir blokda yox. Fərqi yoxdur iqtidar və ya müxalifət qüvvəsi olsun, təki Azərbaycan üçün birləşək. - Tahir bəy, 2000-ci ildə demişdiz ki, ATƏT at və ət sözlərindən ibarətdir... At əti yeməyəcək və Qarabağ münaqişəsi həll olunmayacaq... İndi iqtidarın da ATƏT-ə münasibətindən görünür ki, siz haqlı çıxdız. Mİlli problemlərin həllində hansısa platformayla, hansısa konsepsiya ilə çıxış etmək planınız varmı? - Doğurdan da bu, belədir. Yaxşı ki, iqtidar da eyni fikirdədir. Həmişə demişəm ATƏT səhv modeldir. Doğrudur, hansısa ümidlər var, amma ATƏT-dən başqa Azərbaycan məkanı üçün maraqlı dövlətlər var. Bu, bizi istəyən və istəməyən dövlətlər də ola bilər. Bu dövlətlər Gürcüstan, Rusiya, Türkiyə və İrandır. Xəzərin o tərəfindəki Türkmənistan və Qazaxıstanı da əlavə etmək olar. Bu dövlətlərin sabitliyə, ədalətə maraqları var. ATƏT Qarabağ problemini həll edən deyil. Çünki ATƏT həmsədirliyi birbaşa Ermənistanın təəssüfkeşliyi üzərində qədim Azərbaycan torpağında xristian anklavını böyütməkdir. Hətta bir çoxları inanıb ki, ermənilər qədim xristian mədəniyyətinin mərkəzidir. Bu cür dövlətlər heç vaxt Azərbaycanın ədalətli haqqını müdafiə etməzlər. Əgər seçilərəmsə, çalışaram ki, bu format daha çox özünü göstərsin. Arzulayıram ki, bu seçkidən sonra cəmiyyətdə vəhdət güclənsin. Bizi birləşdirən müsbət cəhətləri tapaq. Qarabağımızın, eləcə də milli problemlərimizi həll edək. Kiçik Qarabağdan böyük Azərbaycana kimi bir yolun yolçuları olaq. Millətimiz üçün bu yolda uğurlar. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları