Yuxarı

Sarkisyandan növbəti Qarabağ blefi

Sarkisyandan növbəti Qarabağ blefi

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş yoxdur. Daim sülh danışıqlarından, problemin həllindən qaçan işğalçı Ermənistan hakimiyyəti yenə də öz ampluasındadır. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan Tiflisdə gürcüstanlı həmkarı Georgi Marqvelaşvili ilə keçirdiyi birgə brifinqdə deyib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu və razılaşdırılmış formatlar çərçivəsində həll oluna bilər. Maraqlıdır, Sarkisyanın bu dəfəki blefi nəyə xidmət edir?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində Sarkisyanın dediklərinin statuskvonun saxlanılmasına xidmət etdiyini deyib:

"Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstan səfərində Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları növbəti dəfə bu ölkə rəhbərinin imitasiya siyasətinin bariz nümunəsidir. Onun konfliktin sülh və  danışıqlar yolu ilə həll olunması istiqamətində dediyi sözlər, münaqişənin real həllini deyil, status-kvonu saxlamaqdan ibarətdir. Qeyd edim ki, Sarkisyanın mütəmadi olaraq sülh və kompromisdən danışması onun ikiüzlü siyasətindən irəli gəlir. 20 ildən artıqdır davam edən danışıqlar sürəcində hər hansı irəliləyişin əldə olunmaması, məhz İrəvan-Moskva tandemindən qaynaqlanır.

ATƏT-in Minsk formatı çərçivəsində aparılan danışıqlarda müəyyən illərdə yaxınlaşma olsa da, proses Sarkisyanın hakimiyyətə gəlməsi ilə dalana dirəndi. Sarkisyan Qarabağ klanına və müharibə partiyasına mənsubdur, "Qarabağ kartı” ilə hakimiyyətdə qalır, bu baxımdan onun hər hansı güzəştə gedəcəyini gözləmək olmaz”. 

Ekspertin sözlərinə görə  Sarkisyanın hakimiyyəti dövründə cəbhədə gərginliklər artıb və danışıqlar prosesi bir neçə dəfə fiaskoya uğrayıb:

"Bu onu göstərir ki, indiki İrəvan hakimiyyətinin siyasi xəttində Qarabağ probleminin həlli nəzərdə tutulmayıb. Aprel hadisələri göstərdi ki, bu rejimlə yalnız güc dili ilə danışmaq lazımdır. Məhz Sarkisyan ATƏT-in Minsk qrupunun irəli sürdüyü yenilənmiş Madrid prinsiplərini qəbul etmir. Buna baxmayaraq sənədə öz razılığını bildirib. Diplomatik danışıqlarda sülh və kompromisdən danışan Sarkisyanın mahiyyəti erməni xislətinə uyğundur.  Sarkisyanın prezident İlham Əliyevlə 10-dan artıq geniştərkibli və təkbətək görüşləri olub. Bu görüşlərdə bir cür danışıb, görüşdən sonra isə başqa cür. Danışıqların mahiyyətinə zidd açıqlamaları ilə yadda qalıb.

Oktyabrın 16-da Cenevrədə aparılan danışıqlarda Sarkisyanın görüşdən sonra ermənilər qarşısında verdiyi vədlər bir daha göstərir ki, adi danışıqlarda razılığı pozan bir siyasətçi, heç vaxt işğal olunmuş əraziləri sülh və danışıqlar yolu ilə geri qaytarmaz. Sentyabr ayından başlayan növbəti danışıqlar raundu hələ ki, davam edir. Burada əsas niyyət atəşkəsin qorunması və etimad mühitinin formalaşdırılmasıdır. Həmçinin Vyana və Sankt-Peterburq görüşündə əldə olunan razılaşmaları qüvvədə saxlamaqdır. Ermənistan rəhbərliyinin bu danışıqlarda məqsədi əsasən özünü bir daha beynəlxalq aləmə danışıqlar niyyətində olduğunu göstərməkdi. Əslində əldə olunmuş razılığa əsasən Madrid prinsiplərinə söykənərək, konflikt həllini tapmalı idi.

Hesab edirəm ki, Serj Sarkisyanın növbəti dəfə hakimiyyətdə qalması Qarabağ danışıqlarında itirilmiş il olacaq. Bu rejimlə danışıqlar aparmaq səmərəli və perspektivli deyil. Ermənistanın müstəqilliyini Qarabağa görə Rusiyaya güzəşt edən erməni dövlət başçısı işğal olunmuş ərazilərin qaytarılmasında maraqlı olmayacaq. Çünki İrəvan ilkin şərt kimi Qarabağın müstəqilliyini irəli sürür. Bu şərt tamamilə aparılan danışıqların formatına ziddir. Qeyd edim ki, gələn il danışıqlar aparılsa da müsbət irəliləyişlər olmayacaq. Hər iki ölkədə seçki ili olduğu üçün real müharibə ehtimalı 2019-cu ildə baş verə bilər. Buna baxmayaraq yay aylarında da təmas xəttində gərginləşmə olması istisna deyil”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları