Yuxarı

Seçki 2018: Birlik axtarışları davam edir

Seçki 2018: Birlik axtarışları davam edir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirdiyi dəyirmi masada 2018-ci il prezident seçkilərində müxalifətin iştirakını müzakirə etmişdi. Tədbirdə çıxışı zamanı AXCP sədri Razi Nurullayev prezident seçkilərində iştirak edəcəklərini rəsmən bəyan etmişdi. Seçkilərdə iştirakla bağlı bir sıra məsələlərə toxunan AXCP sədri seçkiyə müxalifətin birlikdə, güclü şəkildə getməsinin tərəfdarı olduğunu bildirmişdi. 

"Ötən il biz 2018-ci ili siyasi dəyişiklik ili elan etmişik. Bu haqda siyasi partiyalara çağırış olunub  və bir sıra şərtlər irəli sürülüb. İndi də dekabr ayının sonuna qədər bütün siyasi partiyaları müzakirələrə dəvət edirik. Bu müddətdən sonra artıq müzakirələri gecikmiş sayacaq və partiya öz namizədi ilə seçkiyə gedəcək. Seçkilərdə birlik vacibdir. İlk növbədə azad və demokratik seçki keçirilməlidir. Bu olmasa, siyasi islahatlar mümkün olmayacaq”-deyə AXCP sədri tədbirdə çıxışı zamanı deyib.

Tədbirdə iştirak edən digər müxalifət nümayəndləri də AXCP sədrinin fikrini dəstəklədiklərini, ancaq müxalifətin, xüsusilə də ənənəvi müxalifətin birləşəcəyinə inanmadıqlarını vurğuladılar. Görünən odur ki, yenə də müxalifət seçkiyə vahid şəkildə gedə bilməyəcək. AXCP müxalifət partiyalarına müzakirələr üçün 31 dekabra qədər vaxt vermişdi. Artıq dekabr ayı bitmək üzrədir. Maraqlıdır, bu məsələ ilə bağlı hansı partiya AXCP-yə müraciət edib?

"Davamlı aktiv siyasi fəaliyyətimizə qısqanc yanaşanlar oldu”

AXCP sədrinin müavini Ehtiram Mehtiyev "Cümhuriyət” qəzetinə şərhində partiyaların seçkidə birgə hərəkət  üçün müraciət etmədiyini deyib: "AXCP sədri Razi Nurullayev dəfələrlə müxalifətin birləşmə təşəbbüsünü irəli sürsə də bu günə qədər heç bir partiyadan bu istiqamətdə müsbət reaksiya, addım görmədik. Əslində gözləntimiz fərqli olmadı. Davamlı aktiv siyasi fəaliyyətimizə qısqanc yanaşanlar çox oldu. Ümumiyyətlə, biz siyasi partiyalarla əməkdaşlığı geniş formatda nəzərdə tutmuşuq. Xalqın inandığı, etibar etdiyi siyasi mövqeyi təmiz olan liderlərlə bu birlik mümkün ola bilər. Eyni zamanda əməkdaşlıq elə qurulacaq ki, bizi istəyən vətəndaşlar bizdən üz döndərməsinlər. Çünki bu gün xalqın dəstəklədiyi, etibar etdiyi siyasi partiyalardan biriyik. Seçkiqabağı birləşib, seçkidən sonra parçalanmaqla xalqın gözləntisini qırmaq istəmirik. Bu gün bu birliyin yaranması üçün konkret strateji yollar tapılmalıdır. O cümlədən, xalqın inamını itirmiş ənənəvi müxalifətin kollektiv sifəti təzələnməli və çağdaş hala gətirilməlidir ki, xalq müxalifətə evinin içi kimi inansın. Əks təqdirdə, müxalifət bu seçkidə də məğlubiyyətlə üzləşəcək”.

"Xalqın gözləntisinə uyğun dəyişiklik yaratmağa çalışırıq”

AXCP yetkilisi həmçinin vurğulayıb ki, partiya seçkiyə getməkdə qərarlıdır və seçkiyə Razi Nurullayevin namizədliyi ilə qoşulacaqlar: "Biz AXCP olaraq hər zaman xalqın taleyüklü məsələlərinə həssas yanaşmışıq. Bu səbəbdən birlik baş tutsa da, tutmasa da prezident seçkilərinə qatılacağıq. 

Çünki, partiyamızın geniş elektoratı var. İki ildir biz bu istiqamətdə fəaliyyət göstəririk. Xalqın gözləntisinə uyğun dəyişiklik yaratmağa çalışırıq. Artıq ətrafımızda xeyli sayda elektorat toplamışıq. Ətrafımızda olan, bizi dəstəkləyən insanlar Razi Nurullayevin arxasınca getməyə hazırdılar”.






Həftənin ən çox oxunanları