Yuxarı

Sədrlik dəyişdi: Qarabağ üçün dönüş ili?

Sədrlik dəyişdi: Qarabağ üçün dönüş ili?

Elçin Mirzəbəyli: "Dağlıq Qarabağ münaqişəsinə yanaşmada İtaliyanın ədalətli mövqe sərgiləyəcəyini gözləmək olar”

"İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk Qrupunun işini dəstəkləməyə davam edəcək”. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano ATƏT Daimi Şurasında ölkəsinin prioritetlərini açıqlayarkən deyib. ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki, diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək. O qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir.

Xatırladaq ki, İtaliya ATƏT-ə bu il yanvarın 1-dən sədrlik edir.

2007-ci ildə İspaniya ATƏT-ə həmsədrlik etməsi Madrid prinsiplərinin meydana çıxması ilə müşahidə olundu. İtaliya münaqişənin həlli istiqamətində konkret təkliflərlə çıxış etməsə də, Kataloniya probleminin həllində İspaniyanın ərazi bütövlüyünə verdiyi dəstəyi Azərbaycana münasibətdə nümayiş etdirə bilər. Ancaq Romanın rəsmi mövqeyində bu yanaşma hələlik müşahidə olunmur.

Maraqlıdır, İtaliya həmsədr kimi münaqişənin həllində dönüş yarada biləcəkmi?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, politoloq Elçin Mirzəbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, İtaliya ATƏT-in Minsk Qrupunun üzvüdür və prosesə kənar dövlət deyil: "Münaqişənin həlli ilə bağlı İtaliyanın kifayət qədər məlumatı var. Bu baxımdan, İtaliyanın ATƏT-ə sədrlik etməsi müsbət haldır. Avropanın önəmli dövlətlərindən biridir, eyni zamanda Azərbaycanla yaxından əməkdaşlıq edir. İtaliya Azərbaycanın ərazi bütövlüyünə dəstək verən Avropa ölkəsidir. Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri var. Bu aspektdən təbii ki, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada İtaliyanın ədalətli mövqe sərgiləyəcəyini gözləmək olar.

Bütövlükdə İtaliyanın Dağlıq Qarabağ məsələsinə diqqət ayırması və münaqişənin həlli məsələsini daimi gündəmdə saxlayacağını bildirməsi hesab edirəm ki, müsbət bir yanaşmadır. Təbii ki, proses təkcə İtaliyanın səylərindən asılı deyil. Burada ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər də aktiv şəkildə iştirak etməlidir. Həmçinin münaqişənin həllinə nail olmaq üçün beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqindən çəkinməməliyik. Bu zaman da Ermənistanı sülhə məcbur etmək istiqamətində prinsipial addımlar atılmalıdır. Yəni, bəyanatlarla işğala məruz qalan tərəflə işğalçı arasında bərabərlik işarəsi qoymaqla münaqişənin həllinə nail olmaq olmaz. Amma bütün hallarda yanaşmanın özü müsbətdir”.

Yeganə Oqtayqızı   





Həftənin ən çox oxunanları