Yuxarı

Facebookdan Avropaya uzanan "siyasi mühacirət”

Facebookdan Avropaya uzanan

Mühacirət sevdasına düşən "saxta siyasi fəalların” sayı günü-gündən artır. Təsadüfi deyil ki, bu gün "mühacirətdə” olan şəxslərin böyük əksəriyyətini heç kim tanımır. Bu isə onu deməyə əsas verir ki, bu şəxslərin nəinki siyasi, heç ictimai aktivliyi də olmayıb. Sadəcə, cəmiyyətdə özünə yer tapa bilməyənlər çıxış yolunu müxtəlif yollarla ölkədən qaçmaqda görürlər. Bu şəxslərin sayı az deyil və günü-gündən də artır. Gedənlərin və ya getmək istəyənlərin isə bir arqumenti var: 

Azərbaycanda siyasi fəaliyyət göstərməyə imkan vermirlər. Kim vermir, necə vermir - bu haqda isə ümumiyyətlə, anlayışları yoxdur. Onlar yalnız "müsabiqədən” keçərək mühacir statusu almaq üçün lazım olan cavabları əzbərləyirlər. Təbii ki, bunun üçün onlara bu sahədə "təcrübəsi” olan özləri kimiləri yardım edirlər. Saxta mühacir olmaq istəyənlərin birinci işi isə sosial şəbəkə fəaliyyətləridir. Görünən odur ki, mühacir olmaq üçün günaşırı "status” yazmalısan və yazdıqların isə həqiqətən uzaq, təhqirlə dolu cümlələrdən ibarət olmalıdır.

Məsələn, İsmayıl Əli ("İsmail Ali” adlı facebook istifadəçisi- müəl.) adı bir şəxs bir müddət öncə Gürcüstan üzərindən Almaniyaya gedib. Almaniyanın ecazkarlığı onu o qədər  valeh edib ki, orda qalmaq,  siyasi mühacir olmaq sevdasına düşüb. Ümumiyyətlə, bu adamı siyasi səhnədə kim tanıyır? Hansı fəaliyyəti ilə  hakimiyyət orqanlarının təzyiqi ilə üzləşib? Siyasi və ya ictimai nüfuzuna, apardığı fəaliyyətinə görə hansı təzyiqlərə məruz qalıb, həbs olunub? Bu suallara cavab tapmaq üçün uzun-uzadı araşdırma aparmağa ehtiyac yoxdur. Qısaca araşdırma aparsaz məlum olar ki, bu şəxsin-"İsmail Ali” adlı facebook istifadəçisinin nəinki siyasi, ümumiyyətlə, fəaliyyəti olmayıb. Yalnız bir müddət öncə Gürcüstanda internet resurslarının hesabına həftədə bir dəfə "radio veriliş” yayımlayıb. Bir də facebookda "Qarapapaq-tərəkəmə türkləri” adlı səhifədə "admin” olub. Fəaliyyəti isə birbaşa olaraq ənənəvi müxalifəti söyməkdən ibarətdir. İsmail Ali Almaniyaya gedəndən sonra mövqeyini 360 dərəcə dəyişib və ya buna məcbur olub. Axı "siyasi mühacir” olmaq üçün ənənəvi müxalifətin şinelindən keçməlisən. Müxalifət liderlərinə trolluq etməli,  ya da 3 min avro pul verməlisən. Bu artıq müxtəlif zamanlarda sübut olunmuş məsələdir. İndi İsmail Ali də birincini-yaltaqlıq etməyi seçib. Zamanında söydüyü "Yurd” sədri Əli Kərimlinin birdən-birə qatı tərəfdarına çevrilən İsmail Ali bu yolla Almaniyadan sığınacaq almaq niyyətinə düşüb. Bu və bunun kimilər həqiqətən saf adamlardır deyə düşünmək mümkün deyil, Sadəcə, öz "küt ağılları” ilə Almaniya hökumətini "ağılsız” hesab edirlər. Bu cür oyun quraraq Almaniya vətəndaşı olmaq istəyirlər.

Maraqlıdır ki, kimliyi bəlli olmayan insanlar cəmiyyətdə nüfuz sahibi olan şəxsləri təhqir etməkdən utanmırlar. Ancaq bu cür "ucuz” yollarla almanların "qucağına” sığınmaq istəyən şəxs niyə utansın ki???

Maraqlıdır ki, bir zaman məhz İsmail Ali və ətrafında olan (istisna deyil ki, Almaniyaya birlikdə gediblər - müəl.) şəxslər radikal dindarlıqla məşğul idilər. Bir zamanlar "dini” mövzu cəmiyyətdə aktuallıq qazanmışdı deyə, bundan divident qazanmağa çalışırdılar. Sonradan radikal dindarlığın Avropaya çıxış imkanı vermədiyini başa düşən bu və bunun kimi adamlar "inanclarını” dəyişməyə məcbur qaldılar və oldular ənənəvi müxalifətçi.

Məlumdur ki, Almaniya hökuməti saxta mühacirlərlə bağlı araşdırma başladıb. Buna görə də indi əl-ayağa düşüb özlərini siyasi təzyiqlərə məruz qalan şəxs kimi göstərməyə çalışırlar. Bunun üçünsə lazım olan ilk məsələ kiminsə, hansısa liderciyin "qucağına” sığınaraq ondan "dobro” almaqdır. Bunun üçünsə şərtlər var. İctimai-siyasi nüfuzu, cəmiyyətdə hörməti olan şəxslərə böhtan atmaq "saxta mühacir” olmağa gedən yolun başlanğıcıdır.






Həftənin ən çox oxunanları