Yuxarı

Əli Kərimlinin "demokratları” İranın qulluğunda

Əli Kərimlinin

Yanvarın 13-də Bakıda bir qrup dindar İran rəhbərliyinə dəstək aksiyası keçirib. Aksiya İranın Azərbaycandakı səfirliyinin qarşısında təşkil olunub.

Dindarlar İranın dini lideri Ayətullah Əli Xamneyinin şəkillərini qaldırıb, İran hökumətini dəstəkləyən şüarlar səsləndiriblər. Bildirilib ki, Xamneyi təkcə İranın deyil, bütün dünya müsəlmanlarının lideridir. Artıq aksiyanın təşkilatçıları, daha doğrusu, təşkilatçısı məlum olub. Həmin şəxsin adı Elçin Manafovdur. Onun ayın 13-də keçirilən aksiyaya rəhbərlik etdiyi bildirilir. Vaxtilə Milli Şuranın üzvü olan Elçin Manafov "Yurd” sədri Əli Kərimli ilə eyni tribunanı ("Məhsul” stadionunda Milli Şuranın təşkil etdiyi 3-5 nəfərlik mitinqlərdə - red.) bölüşənlərdəndir. 

Əli Kərimlinin "dini dövlət” arzusu

Bu hadisə və İranda hakimiyyət əleyhinə aksiyalar davam etdiyi vaxt Əli Kərimlinin bu ölkənin dini-siyasi rejimini dəstəkləyən irihəcmli yazı yazması "Yurd” və Milli Şuranın keçirdiyi mitinqlərə daha çox radikal dindar kəsimin nümayəndələrinin qatılmalarının gizlinlərini açdı. Heç kəsə sirr deyil ki, Əli Kərimli və Milli Şuranın mitinqlərinə ən çox İranın təsirində olan şəxslər və bu ölkəni idarə edən teokratik rejimin dini-siyasi əqidəsinin daşıyıcıları olan insanlar qatılırlar. Əlbəttə, son zamanlarda Əli Kərimli ətrafında radikalların baş qaldırmasını onun dini əqidəsinə də bağlamaq olardı, lakin məsələ bu deyil. 

Son zamanlarda istər sosial şəbəkədəki fəaliyyətində, istərsə də təşkil etdiyi mitinqlərə o şəxslər qatılırlar ki, həmin insanlar açıq formada Azərbaycanda da İrandakı kimi bir rejiminn qurulması iddiasının təbliğatçıları kimi çıxış edirlər. Ən maraqlısı da budur ki, Əli Kərimli mütəmadi olaraq həmin şəxslərə qarşı siyasi basqıların olduğunu iddia edərək, vəziyyəti gərginləşdirməyə yönəlik çağırışlar edirlər. 

Radikalların "hüquq müdafiəçisi”

Əlbəttə, "Yurd” sədrinin niyyətini anlamaq çətin deyil. Bu məsələdə onun radikal dindarların "hüquq müdafiəçisi” qismində çıxış etdiyi dəqiqdir, amma burada yenə də onun şəxsi maraqları özünü qabarıq formada göstərir. Nardaran hadisələri (təxribat) və ayrı-ayrı vaxtlarda təxribatçı fəaliyyətlərinə görə həbs edilmiş şəxsləri "siyasi məhbus” adlandırararaq bu haqda böyük bir siyahı da tərtib edən Əli Kərimli bunun müqabilində "siyasi məhbus” adlandırdığı həmin şəxslərin ailələrinə "yardım” məqsədilə İrandakı qurumlardan aldığı pulların "azarındadır”. Bir müddət "Yurd” sədri çox çalışdı ki, Avropa İttifaqı və digər beynəlxalq insan haqları təşkilatları həmin şəxsləri siyasi məhbus kimi qəbul etsin, amma bu cəhdi baş tutmadı. Avropa İttifaqının Bakıdakı nümayəndliyinə Əli Kərimli haqda o məlumat çatdırıldı ki, o, siyasi fəaliyyətini İranın maraqlarının təmin edilməsi yönündə dəyişərək, "siyasi məhbus” məsələsi üzərindən alverlə məşğuldur.

"Niyə xalqı qanmaz yerinə qoyursunuz?”

İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elibəyi Həsənli də son illərdə Əli Kərimlinin İranın dini-siyasi rejiminin təsiri altında fəaliyyət göstərməsini sərt şəkildə tənqid edib: "Əli Kərimli "Azərbaycanın dindar şiə vətəndaşlarına münasibəti İrana münasibətlə eyniləşdirmək yanlışdır”, deyir. Və nə qədər absurd olsa da həmin bəyanatda Nardaran hadisələrinə görə həbs edilmiş Hacı Talehin adını ayrıca çəkir və onun müdafiə olunmasının zəruriliyini vurğulayır. Soruşmaq ayıb olmasın, Hacı Talehin məqsədi nədir? Bəlkə o, Əli Kərimlinin arzusunda olduğu Rəsulzadə respublikasının bərpasının tərəfdarıdır? Niyə yalan-palan danışırsız? Niyə xalqı qanmaz yerinə qoyursunuz? İran rejiminə xidmət edən Hacı Taleh də, onun ətrafında olan islamçılar da, o cümlədən, Milli Şuranın keçirdiyi mitinqlərdə gözə girən saqqallılar da İran mollakratiyasının oxşarını Azərbaycanda qurmaq arzusundadır. Məsələ bu qədər bəsitdir”.

Mənsur






Həftənin ən çox oxunanları