Yuxarı

ATƏT Qarabağa "kreativ təkliflər” gətirir

ATƏT Qarabağa

Elçin Mirzəbəyli: "Səsləndirilən fikirlər danışıqlar prosesinin davamına xidmət edir”

Polşanın Krakov şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan arasında görüş keçirilib. ATƏT-in Minsk Qrupu həmsədrləri Endryu Şaffer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjiy Kaspşik də görüşdə iştirak ediblər.

Görüşdən sonra açıqlama verən Elmar Məmmədyarov bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürüblər. Nazir qeyd edib ki, bu ideyalar əsasında müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: "Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.

Qarabağ ətrafındakı qeyri-müəyyən vəziyyət

30 ilə yaxındır nazirlər arasında keçirilən bu tip görüşlər münaqişənin həll prosesində təkanverici qüvvə olmadığına görə əvvəldən də nə Azərbaycan, nə də Ermənistan ictimaiyyəti Polşa danışıqlarının hansısa nəticəyə gətirib çıxaracağına ümid edirdi. Lakin görüşdən sonra Məmmədyarovla yanaşı Nalbandyanın da ictimaiyyətə verdiyi açıqlama o ehtimalı yenidən gündəmə gətirdi ki, Minsk Qrupu konkret plan üzərində işləyir. Lakin bu variantın nədən ibarət olması barədə heç nə deyilmir. Yalnız Ermənistan tərəfi o iddianı irəli sürüb ki, Polşa görüşünün nəticəsi olaraq ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə nümayəndəsinin ofisi genişləndiriləcək. Amma bunun da nədən ibarət olduğu barədə rəsmi səviyyədə heç bir açıqlama verilmir.

"Əgər münaqişənin həllində yardıcı fikirdən söhbət gedirsə....”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, nazirlərin görüşü barədə heç bir ehtimalı yoxdur. Partiya yetkilisi hesab edir ki, görüş barədə irəli sürülən ehtimallar danışıqların davam etdirilməsi üçün ortaya atılmış məlumatlardan başqa bir şey deyil: "Görüşlərdə hansı variantlar və məsələlər üzərində danışıqların getdiyi də açıqlanmır. Bu baxımdan, görüş barədə fikir bildirmək mümkün deyil. Ümumiyyətlə, münaqişəni həll edəcək məsələ haqda fikir birmənalıdır.

Söhbət işğalçı ordunun geri çəkilməsindən, Azərbaycan vətəndaşlarının öz yaşayış yerlərinə qayıtmasından və Dağlıq Qarabağın statusunun Azərbaycanın suverenliyi daxilində müəyyən edilməsindən gedir. Dağlıq Qarabağ beynəlxalq hüquq tərəfindən də Azərbaycanın ərazi tərkibi kimi tanınır. Bununla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr nəzərə alınmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratlarını təyin etmək istəyi bu bölgədə yaşayan hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilməlidir. Bundan kənarda əldə ediləcək razılaşmalar Azərbaycanın suveren hüquqlarının pozulması demək olacaq. Əgər bu istiqamətdə anlaşma olacaqsa, bu zaman münaqişənin həllində ciddi irəliləyiş olacaq”.

Elçin Mirzəbəyli qeyd edib ki, görüşdən sonra Məmmədyarovun verdiyi açıqlama diqqət çəkdi: "Elmar Məmmədyarov açıqlamasında bildirdi ki, həmsədrlər münaqişənin həlli ilə bağlı kreativ fikirlər irəli sürüblər. Amma mən beynəlxalq hüquqdan kənarda "kreativ fikir” anlayışının kəşf olunduğunu bilmirəm. Münaqişələrin nizamlanmasında da bu haqda fikirlərin olduğu barədə məlumatsızam. Əgər münaqişənin həllində yaradıcı fikirdən söhbət gedirsə, Dağlıq Qarabağa Azərbaycanın suverenliyi daxilində statusun verilməsindən başqa heç bir fikir tanımıram. Amma indiki məqamda yaranan rəy budur ki, səsləndirilən fikirlər danışıqlar prosesinin davamına xidmət edir”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları