Yuxarı

ABŞ-ın Qarabağ yanlışlığı

ABŞ-ın Qarabağ yanlışlığı

Bölgənin ən ağrılı probleminə- Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq müstəvidə fərqli yanaşma mövcuddur.Xüsusilə, ATƏT-in Minsk Qrupunun üzvləri və həmsədr dövlətlərin Qarabağ münaqişəsinin həlli çərçivəsində problemə daim ikili standartlardan yanaşıblar.

ATƏT-in Minsk Qrupunun həmsədr dövləti olan Rusiyanın mövqeyi aydındır.Bütün zamanlarda Ermənistanı öz forpostu kimi idarə edən Rusiya, bu münaqişə çərçivəsində də işğalçıların mövqeyini müdafiə edir.Fransa da bu məsələyə daim xristian təəssübkeşliyi prizmasından yanaşıb.ABŞ-ın mövqeyi isə birmənalı deyil.Bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də müxtəlif yollarla işğalçılara dəstək verirlər.Belə ki, ABŞ tərəfindən maliyyələşən "HALO Trust” adlı şirkət Azərbaycanın işğal altındakı ərazilərində mina təmizləmək adı ilə qeyri-şəffaf fəaliyyət göstərir və bununla da işğalçı rejimə faktiki dəstək göstərir.Məsələnin ən təhlükəli tərəfi odur ki, bu şirkət öz fəaliyyəti barədə Azərbaycan hökumətindən icazə almır və fəaliyyətinin nəticəsi barədə hesabat vermir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində ABŞ-ın hümanitar yardım adı ilə zaman-zaman separatçılara yardım etdiyini deyib:

"ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədri kimi 20 ildən artıqdır ki, vasitəçi ölkədir. Minsk Qrupunun həmsədrləri vasitəçi olaraq, beynəlxalq hüquq çərçivəsində, ərazilərin toxunulmazlığı və suverenliyini rəhbər tutaraq Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı fəaliyyətdə olmamalıdır.Qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyü BMT və beynəlxalq təşkilatlar, həm də ABŞ başda olmaqla digər ölkələr tərəfindən tanınır.Qeyd edim ki, ABŞ Qarabağ nizamlanmasında illər ərzində maraqlı və ədalətli mövqe ortaya qoyub, yaxud da münaqişəyə ikili standartlar səviyyəsində münaqişə kimi yanaşıb.Təəssüf ki, ABŞ-ın münaqişəyə baxışında humanitar yardım adı ilə Azərbaycanın işğal olunmuş ərazilərində separatçılara texniki və maliyyə yardımı edir.Həmçinin burada müəyyən şirkətlərinin fəaliyyətinin qarşısını almır.Amma Vaşinqtonun bu siyasəti beynəlxalq separtizmin bütün təzahürlərini dəstəklədiyinin açıq göstəricisidir.

Ermənistanın fəal hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazilərində separatçı rejim qrulub və bu işğalın davam etməsinə səbəb olub. Məhz bu separatizmdən istifadə edərək Azərbaycanın bir hissəsində "dövlət" qurmağa çalışırlar.Təbii ki, Ağ Ev və Konqres prosesləri çox gözəl başa düşür. Amma ABŞ-da erməni lobbisinin təsiri ilə bu kimi təxribatlara yol verir.ABŞ-la bağlı olan bir şirkətin Azərbaycanın razılığı olmadan işğal olunmuş ərazilərimizdə mina təmizləməsi ilə məşğul olması, Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən pozulması və işğala dəstək verməsidir. Bununla bağlı Vaşinqtondan izahat tələb olunmalı,qanunsuz fəaliyyət göstərən şirkətlərin bağlanması tələbi qoyulmalıdır. Hazırda Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar davam edir.ABŞ-ın hər hansı xüsusi təklifi olmasa da, Ermənistana bu dəstəyi Azərbaycanda təəssüf doğurur.ABŞ kimi bir ölkənin beynəlxalq hüquqa qarşı bu kimi addımı qəbuledilməzdir.Amerika rəhbərliyi daim erməni lobbisinin Qarabağla bağlı istəklərinə müsbət yanaşıb.Məşhur 907-ci düzəliş də Azərbaycana qarşı Amerikanın ədalətsiz qərarı idi.Azərbaycan Vaşinqtonla sıx diplomatik əlaqələri inkişaf etdirməli, orada olan səfirliklərimiz Amerika qurumları ilə sıx işləməlidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları