Yuxarı

Sülh üçün son 3 ay

Sülh üçün son 3 ay

Bölgənin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün görünmür. Ən azından, işğalçı Ermənistanın siyasi rəhbərliyinin sərgilədiyi mövqe bunu deməyə əsas verir.  Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) son çıxışı zamanı sülh prosesinin tamamilə əleyhinə olan fikirlər səsləndirib.

"Sözlərinizdən aydın olur ki, maksimal olanı, mümkünsüz olanı- Qarabağı Azərbaycanın tərkibinə qaytarmaq istəyirsiniz. Təəssüf ki, Azərbaycanda ksenofobiya o qədər artıb ki, indi açıq şəkildə Qarabağı ermənilərsiz istədiyinizi deyirsiniz. Mümkün deyil, bu, heç vaxt olmayacaq”-Sarkisyan AŞPA-da çıxışı zamanı deyib.

Ekspertlər bu açıqlamanı birbaşa olaraq danışıqlar prosesindən imtina kimi dəyərləndirir. Təbii ki, Azərbaycanın hərbi gücünü Ermənistan prezidenti də bilməmiş deyil. Ən azından, Ermənistan siyasi elitası və cəmiyyəti aprel döyüşləri zamanı bunun əyani şahidi olub. Bu baxımdan, Sarkisyanın çıxışında səsləndirdiyi fikirlər populizmdən başqa bir şey deyil. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bütün zamanlarda bəyan edib, ancaq bunun baş tutmayacağı tədqirdə hərbi müdaxilənin olmasını da istisna etməyib. Bütün hallarda, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün lazımi addımlar atmaq iqtidarındadır, bu hüququ özündə saxlayır və Ermənistan rəhbərliyini də narahat edən əsas məqam bundan ibarətdir. Ona görədir ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ üzərindən manipulyasiya edir.

Sarkisyanın səsləndirdiyi fikirlərə münasibət bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında prezidentin sözlərini boş ritorika adlandırıb:
"Ermənistanın işğalçı siyasətinin davam etməsi, aparılan danışıqlar prosesi göründüyü kimi, Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən bu və ya digər formada sabotaj edilir. Danışıqların aparılıdığı sürəcdə elə bir bəyanatlarla çıxış edirlər ki, aparılan müzakirələrin üstündən xətt çəkilir və bundan sonrakı danışıqların əhəmiyyətini azaldır. Ermənistan prezidenti Serj Sarkisyanın AŞPA-dakı çıxışı bir daha müzakirələrə zərbə və Ermənistanın güzəştsiz siyasətinin bariz nümunəsidir. Ümumiyyətlə, erməni tərəfi daima optimizmdən uzaq fikirlər səsləndirib. Bu da olanların işğalçı maraqlarından irəli gəlir.

Qeyd edim ki, sentyabrdan aparılan danışıqların davamı olaraq ötən həftə xarici işlər nazirləri görüşdü və gələn ay Minsk qrupunun həmsədrlərinin regiona səfəri planlaşdırılır. Həmsədrlərin region səfəri öncəsi Sarkisyanın qeyd etdikləri masada olan hər hansı razılaşdırılmış detalların üstündən xətt çəkir.  Xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərin kreativ təklifləri olduğunu vurğulamışdı. Əgər bu kreativ təkliflər Azərbaycanın leyhinə idisə, görünür, Sarkisyan AŞPA tribunasında bir daha güzəştə hazır olmadıqları mesajını verir.

Xüsusi olaraq vurğulayım ki, Qarabağ müharibəsindən istifadə edərək hakimiyyətə gəlmiş Sarkisyan komandasından münaqişənin həlli ilə bağlı müsbət təkliflər gözləmək əbəsdir. Bu komanda ilə təzyiq və güc dilində danışmaq lazımdır. Azərbaycan daim sülh danışıqlarına hazırdır və Ermənistanın da bu təşəbbüsdə olmasını tələb edir.  Əgər Sarkisyan bu ritorikanı davam etdirirsə, danışıqlar bundan sonra mənasızdır. Aprel ayından sonra da danışıqlarda qeyri-müəyyənlik yaranması gözlənilir. Çünki Ermənistan parlamenti əsas söz sahibi olaraq danışıqlara nəzarət edəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları