Yuxarı

Gələcəyini keçmişində dəfn edən Əli Kərimli

Gələcəyini keçmişində dəfn edən Əli Kərimli

Bu dünyada ona virtual gələcək vəd edən Markdan əzizi olmasın gərək...

Sosial şəbəkələrdə prezident "seçənlər” və "seçdirənlər” yeni mərhələyə qədəm qoyublar.Əslində əvvəlkilərdən heç nə ilə fərqlənmir.Eyni mətn, eyni təqdimat, eyni gözlənti və yəqin ki, eyni olacaq nəticə. "Yurd” sədri Əli Kərimlini prezident "seçirlər”, bunun üçün ən yaxşı məntəqə elə Facebook-dur, saxta profillər burda, bir kompyuterdən göndərilən çoxadlı "like”lar burda, siyasət burda, "lider” burda. Qalıb bircə seçici ki, onsuz da keçinmək olar. Əsas odur ki, Markın saxta profillərlə  mübarizəsindən sağ-salamat qurtulmuş adı var, özü olmayan bu proflil sahiblərinin hesabına "müxalifətin prezident seçkilərində əsas namizədi kimi” təqdim edilməkdən xoşlanan Əli Kərimlnin arzusu yerinə yetsin. 

Həyatda reallaşmayan arzusunun heç olmasa Facebok-da həyata keçməsinə heç Mark özü də mane ola bilməz. Virtual meydan genişdir, bacardığın qədər "like” topla, meydan sula. Bura sənin üçün "Məhsul” stadionu deyil ki, "kənarlara çəkilin, meydan boş görünməsin” deməyə məcbur qalasan. Bura Markın meydanıdır, nə qədər ki, Mark cin atına minib "bu meydanda at oynadacaq adam ancaq mənəm” deməyib, müxalifətçilik oyununun dadını çıxart...

İndi gələk əsas məsələyə.Əli Kərimlini prezident seçkisində müxalifətdən əsas namizəd kimi təqdim etmək cəhdinə."Onu da qeyd edək ki, Əli Kərimli namizəd olaraq heç bir prezident seçkilərində iştirak etməyib və hazırkı iqtidara uduzmayıb"- bu vitrual səsvermənin təşkilatçılarının arqumentidir. Güclü və ya zəif olmağının mübahisəsini etməyək, ancaq niyəsini araşdıraq ki, adamları arqumentin gücünə inandırmağa çalışanlar da bir az düşünsün. İqtidara uduzmaq üçün seçkidə iştirak etmək lazım idi, iştirak etmədən udmaq və ya uduzmaq olmur.Əli Kərimli indiyə qədər heç bir zaman prezident seçkisində iştirak etməyib, ona görə yox ki, bu posta müxalifətdə özündən daha layiqli namizədlər olduğuna inanıb və abrına qısılıb iddiaçı olmayıb.Ona görə ki, Əli Kərimlininki olsa -olsa parlament kreslosudur ki, onu da almaq üçün seçkiyə getmək yox, hansısa kabenetlərə getmək kifayət edib.

"Yurd” sədri iqtidar olmaq üçün yox, müxalifətdə qalmaq üçün mübarizə aparanlardandır, onun üçün "general olmaq istəməyən əsgər əsgər deyil” deyiminin "iqtidar olmaq istəməyən müxalifət müxalifət deyil” deyiminə çevrilməsi hələ baş verməyib. 2013-cü ildə Milli Şurada birləşən müxalifətin namizədi kimi məhz özünü təklif etdirməməsinin əsas səbəbi də məhz budur.

Görəsən, Milli Şurada namizədin müəyyənləşdirilməsi üçün gizli səsvermə keçirilsəydi və Əli Kərimli namizədliyini qoysayda,  ona öz həmfikirlərindən neçəsi səs verərdi? Bülletenlərdən yəqin ki, "Yurd” sədrinin adı çıxmayacaqdı, ya da özünə səs verən elə özü və ətafındakı 5-10 adam olacaqdı. İnanmayanların menyusuna: 2010-cu ildə mövcud olan və sonradan elə Əli Kərimlinin yersiz və boyundan hündür iddiaları hesabına dağılan İctimai Palatanı xatırladaq. Əli Kərimli nə qədər çalışsa da, Koordinasiya Şurasına seçkilərdə birinci ola bilmədi. Fakt və reallıq budur. Bütün tarix və təcrübə göstərir ki, Əli Kərimli seçkidə iqtidara da, müxalifətin istənilən namizədinə belə uduzacaq gücdədir. Öz keçmişi ilə qazandığı, hətta bir zamanlar həmfikir saydıqlarının belə patoloji nifrətindən başqa bir şey olmayan Əli Kərimli bütün bunları hər kəsdən daha yaxşı bildiyi üçün seçki onun üçün sevilməyən "əyləncədir”.

Onunku Facebook-da canlı yayımdır,  sözləri seçib bir-birinin ardınca düzə bilmək qabiliyyətin varsa, canlı yayıma çıxa bilərsən. Əgər bir az da səsinə əlavə çalar qatıb diksiyanı gözəlləşdirə bilsən, ulduza çevrilməyinə bir addım qalır. Hərçənd Əli Kərimli bu bir addımı illərdir ki, gedib başa çatdıra bilmir, amma cəhd edir, adamın Allahı var, təkrar-təkrar cəhd edir. Hətta 20 Yanvar şəhidlərinin məzarı başında da cəhdlərindən əl çəkmir, xalqın hiss və duyğularının bir az da qəzəbə yükləndiyi o gündə də xal toplamağa çalışır. Əli Kərimli özünə düşmən obrazı yaradıb, sağından-solundan bu düşmənlərlə əhatə olunduğunu deyib xalqın mənafeyinin müdafiəsi yolunda düşmənlərlə savaşdan qorxmadığını deyir.Ən böyük düşməni isə onu qarabaqara izləyən keçmişidir.

Siyasətdə keçmiş nə bağışlanır, nə də unudulur.Əli Kərimlinin bu keçmişi unutdurmaq cəhdləri nə qədər ciddi olursa-olsun, uğursuzluğa məhkumdur.Bir əlinin yox, iki əlinin də kimlərin cibindən çıxdığını bir zamanlar həmfikir olduğu müxalif düşərgə nümayəndələri də yaxşı bilir.Gələcək üçün keçmişdən qurtula bilməmək böyük dərddir, siyasətin ən böyük problemidir.Normal ölkələrdə siyasətçilər illər əvvəl etdiyi xırda bir səhvə görə istefaya ya könüllü gedir, ya da göndərilir.Əli Kərimli üçünsə siyasətdən könüllü getmək anlayışı olmadığı kimi, onu göndərənin də olmayacağını düşünür.Bəlkə də haqlıdır, xalqın Əli Kərimli dərdi yoxdur, olsa-olsa müxalifətin Əli Kərimli problemi vardı, onu da özü çözür. Gələcəyini keçmişində dəfn edən Əli Kərimli üçün bu dünyada ona virtual gələcək vəd edən Markdan əzizi olmasın gərək...

Elnarə Kərimova






Həftənin ən çox oxunanları