Yuxarı

Məmurların "əzələ nümayişi”: Əziyyət çəkən xalq olur

Məmurların

İnsanları dövlətdən narazı salan bəzi səriştəsiz məmurlar və onların tabeliyində olan şəxslərdir.Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında müşahidə edilən fikir ayrılığı, yaxud koordinasıyanın olmaması son nəticədə əhalinin səbrini sınağa çəkir. Təbii ki, bu məsələnin gündəmə gəlməsində hər iki nazirliyin rəhbərliyinin böyük rolu var. Məsələn, pensiyaların gecikdirilməsi, veteran təqaüdlərinin zamanında ödənilməməsi, ümumiyyətlə, sosial təminatla bağlı dövlətin əhalinin müəyyən hissəsinə ayırdığı vəsaitin vaxtında verilməməsi məhz iki nazirlik arasında fikir ayrılığının pik həddə çatması ilə əlaqələndirlir. Məlumatlara görə, bir çox məsələlərdə ortaq məxrəcə gələ bilməyən Samir Şərifovla Səlim Müslümovun mövqelərindən geri çəkilməməsi nəticədə əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqənin narazılığını artırmağa xidmət edir.

Prosesin şəffaf və zamanında həyata keçirilməsi bu iki şəxsin rəhbərlik etdiyi qurumun birbaşa vəzifə məsuliyyəti olsa da, görünən bircə fakt var- laqeydlik.Əllərində olan resurslardan istifadə edərək bir-birilərinə nəyisə sübut etməyə çalışan məmurların hərəkətləri son nəticədə əhalinin sosial müdafiəyə ehtiyacı olan kəsiminin vəziyyətini daha da pisləşdirməklə onları dövlətdən narazı salır.Məsələnin maraqlı tərəfi ondadır ki, hər iki qurum da bir-birini ittiham edir.Bəs əhali bu vəziyyətdə nə etməlidir?Maliyyə Nazirliyi əhalinin ən həssas təbəqəsinin, təqaüdçülərin səbrini niyə imtahana çəkir?Və ya pensiyaları zamanında verməyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaşlı insanlara əziyyət verməklə nəyə nail olmaq istəyir?Onsuz da əhali hər iki nazirlikdən narazıdır, şikayətlərdə də ən çox bu qurumların adları çəkilir.

Xatırladaq ki, hələ iki devalvasiya zamanı maliyyə naziri Samir Şərifov əhalinin "qara siyahı”sına düşmüşdü.Məlumatlara görə, həmin dövrdə dollar kreditlərinə güzəşt məsələsi gündəmdə olub və Milli Məclisə təklif olunan layihə reallaşmaq üzrə idi.Ancaq Samir Şərifovun bu məsələdə göstərdiyi dirəniş əhalini son ümiddən də məhrum etdi.Nəticə göz qabağındadır.Əhali hələ də dollar kreditlərindən əziyyət çəkir və artıq güzəşt məsələsi də reallıqdan uzaq görünür.Samir Şərifov isə mətbuata "Dollarla kredit götürəndə bizdən soruşmuşdular ki, indi biz onlara güzəşt edək?” şəklində açıqlama verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır.Digər tərəfdən problemli kreditlərin həcmi getdikcə artır və artıq bank sektoru üçün ciddi problemlər yaradır.Səlim Müslümov isə ünvanlı sosial yardım məsələsinə münasibəti ilə mənfi imic qazanıb. Xatırladaq ki, ötən ildən etibarən sosial yardım alan şəxslərin sayında ciddi azalma müşahidə olunur. Bu da Səlim Müslümovun "xidməti” kimi qiymətləndirilir.Digər tərəfdən, hələ uzun illərdir ki, ictimai rəydə belə bir fikir formalaşıb Azərbaycanda ünvanlı sosial yardımı yoxsullar yox, məhz imkanlılar alır.

Bütün hallarda görünən odur ki, iki məmurun və ya onların tabeliyində olan qurumlar arasındakı fikir ayrılığının "hesabı” məhz əhaliyə "kəsilir”.Bütün hallarda insanların səbri tükənir.Təqaüdçünün yaşamaq üçün alternativ gəlir yeri yoxdur.Digər sosial yardımlar da bu qəbildən olan insanlarla verilir və ya verilməlidir.Bu da məsələnin aktuallığını və problemin qısa zamanda həll olunmasını zəruri edir.Ancaq görünən odur ki, bu problemlər hələ uzun müddət davam edəcək.

Digər tərəfdən qaçqın və məcburi köçkünlərə verilən aylıq müavinət (Çörək pulu - müəl.) ayın sonu olmasına baxmayaraq hələ də hesablara köçürülməyib.Qeyd edək ki, ölkə rəhbərinin verdiyi qərarla bu müavinətlər artırılaraq 36 manata çatdırılıb.Bunun müqabilində məcburi köçkünlər kommunal ödənişlərini özləri ödəməli oldu.Ancaq ayın yekunlaşmasına baxmayaraq hələ vəsaitlər hesaba köçürülməyib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və onun rəhbərliyi isə sükuta qərq olub.Ancaq aidiyyatı qurumlar kommunal ödənişlərin həyata keçirilməsini tələb edir.Maraqlıdır, dövlət qurumundan asılı olan problemin cəzasını niyə insanlar çəkməlidir?Vəsaitin köçürülməsində problemlər varsa, bunu kommunal xidmətləri göstərən qurumlara da çatdırsınlar.Bütün hallarda qurumlar arasında rabitəsizlik və idarəetmənin optimallaşdırılmaması bu kimi problemlər yaradır.Bu da nəticədə əhalini hakimiyyətdən narazı salır.Dövlət qurumları fəaliyyətini şəffaf və dövlətçilik, xalqa xidmət prinsipləri üzərində qursalar, bu kimi problemlər də yaşanmaz.Şəxsi münasibətlərini əhali üzərindən aydınlaşdırmaq ilk növbədə onların "xidmət” etdiyi hökumətin imicini korlayır.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları