Yuxarı

Seçkidən əvvəlki seçim: Müxalifət düşərgəsi qərar mərhələsində

Seçkidən əvvəlki seçim: Müxalifət düşərgəsi qərar mərhələsində

AXCP: "Seçkidə iştirak qərarı qüvvədədir, amma...”

Əli Əlyev: "Qərar qurultayda verilib”

Razim Əmiraslanlı: "Son qərar Məclisdə veriləcək”

Xəzər Teyyublu: "Təkbaşına qərar vermək olmaz”

Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkə başçısının məlum sərəncamından sonra ənənəvi müxalifətdə çaşqınlıq yaranıb.  Qeyd edək ki, seçkilər 17 oktyabrda keçirilməli idi. Lakin  seçkiləri ölkə başçısının sərəncamı ilə 11 aprel tarixinə təyin olunub. Məlumdur ki,  müxalifət partiyalarından da seçkidə iştirak edəcəyini açıqlayanlar var idi. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədr Razi Nurullayevin, Vətəndaş və İnkişaf Partiyası (VİP) sədr Əli Əliyevin, Müsavat Partiyası sabiq başqan İsa Qəmbərin, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədr Mirmahud Mirəlioğlunun, AG Partiya sədr Tural Abbaslının namizədliyi ilə seçkiyə qatılacağını açıqlamışdı. Növbədənkənar seçkilərlə bağlı fikirlərini bölüşən partiya rəhbərləri bu qərarın onlar üçün gözlənilməz olduğunu bildiriblər.

Maraqlıdır, seçkidə iştirakla bağlı qərar verən partiyalar hansı addımı atacaq, qərar qüvvədədir, yoxsa dəyişklik gözlənilir?

AXCP-dən Cebhe.info-ya verilən məlumata görə, partiya seçkidə iştirakla bağlı qərarını qüvvədə saxlayıb: "AXCP Rəyasət Heyətinin iclası keçirilib. İclasda  11 aprel prezident seçkiləri və partiyanın seçkidə iştirakı məsələsi müzakirə olunub. Rəyasət Heyəti məsələni yenidən müzakirə edib və partiyanın seçkidə iştirak etməsi qərarı qüvvədə saxlanılıb, amma qeyd olunub ki, situasiyadan asılı olaraq, boykot və ya müxalifətdən başqa bir namizədin də dəstəklənə biləcəyi nəzərdən keçirilə bilər. Müzakirələr hələlik davam etdirilir. Yaxın günlərdə bununla bağlı yekun qərar veriləcək”

VİP sədri Əli Əliyev də açıqlamasında seçkidə iştirak edəcəklərini açıqlayıb:"Seçkidə iştirakla bağlı qərar qurultayda qəbul olunub. Qurultayda həmçinin seçki ilə bağlı səlahiyyətlər partiyanın Ali Məclisinə verilib. Əgər boykotla bağlı hər hansı bir qərar olarsa, o zaman gərək yenidən partiya qurultay çağırsın”.

Müsavatın Divan üzvü Razim Əmiraslanlı isə partiyanın seçki ilə bağlı son qərarını fevralın 10-da verəcəyini açıqlayıb: "Seçkilərin 11 aprel tarixinə salınması proseslərdə bir qədər dəyişiklik yaratdı. Hazırda partiyada bu haqda intensiv müzakirələr gedir. Müsavat Partiyası yekun qərarını şənbə günü keçiriləcək Məclisin iclasında verəcək”.

Qeyd edək ki, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı danışan Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər deyib ki, vaxtından əvvələ çəkilmiş seçkilərdə iştirak edib-etməmək barədə qərarı Müsavat Partiyası verəcək və o da bu qərara müvafiq hərəkət edəcək.

KXCP sədrinin müavini Xəzər Teyyublu da partiyanın seçkidə iştirakilə bağlı qərarı ümumi müzakirələrdən sonra verəcəklərini deyib: "Hal-hazırda KXCP-nin ofisində müxalifət partiya sədrlərinin də iştirakı ilə geniş müzakirə keçirilir. Bu elə bir prosesdir ki, təkbaşına qərar vermək doğru deyil. Vəziyyət Azərbaycanın ümumi ictimai-siyasi həyatına uyğun dəyərləndiriləcək. Sonda da təşkilat olaraq qərarımızı verəcəyik”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları