Yuxarı

Boykot - Məğlubiyyət formulu

Boykot - Məğlubiyyət formulu

Məlum olduğu kimi, "Yurd” sədri Əli Kərimli və Milli Şura aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılmaqdan imtina edib. Hər iki tərəfin boykot qərarını Əli Kərimli açıqlayıb.

Tərəfdarlarını seçkilərə qatılmamağa çağıran təşkilat sədri həmçinin kütləvi mitinqlərə başlayacaqlarının da anonsunu verib. Əli Kərimli iddia edir ki, oktyabr ayında keçirilməsi nəzərdə tutulmuş seçkilər üçün vaxtın gözlənilmədən dəyişməsi Azərbaycan hakimiyyətinin maraqlarına xidmət edir. O və nəzarətində olan Milli Şura da bu iddia üzərindən boykot qərarı verib.

Müxalifət seçkilərə hazırlaşır, Əli Kərimli isə....

Müxalifətin konkret tarix müəyyən ediləndən sonra seçki hazırlıqlarına başladığı bir vaxtda Əli Kərimlinin bu qərarı siyasi və ictimai cameə tərəfindən birmənalı qarşılanmayıb. Əslində indiyədək ölkədə keçirilmiş heç bir prezident seçkilərində namizəd kimi iştirak etməyən "Yurd” sədrinin bu dəfə də növbəti oyununu oynayacağı gözlənilən idi. Digər yandan isə Əli Kərimli və Milli Şuranın boykot qərarı müxalif cameənin seçki hazırlığına təsir etmədiyi də nəzərdən qaçmır. Əlbəttə, bu qərarın demokratik qüvvələrin işinə təsir etməyəcəyi də anlaşılandır. 2013-cü ildən ayrı-ayrı vaxtlarda keçirdiyi mitinqləri azsaylı iştirakçı ilə "yola verən” Şura və "Yurd” sədrinin bu baxımdan istədiyi nəticəyə nail olmayacağı da dəqiqdir. Bundan əvvəlki təcrübələr də göstərir ki, boykot qərarı ilə proseslərə təsir etmək mümkün deyil. 

1998 və 2008-ci illərin təcrübəsi

Azərbaycanın seçkilər tarixində ən ciddi boykot qərarları 1998 və 2008-ci illərdə keçirilmiş prezident seçkilərində verilib. İlk olaraq Azərbaycan müxalifəti 1998-ci ildə eyni mövqedən çıxış edərək seçkilərə qatılmaqdan imtina edib. Həmin dönəmdə sıralarında yüz minlərlə üzvü və tərəfdarı olan Azərbaycan Xalq Cəbhəsi (AXCP) ilə yanaşı, nəhəng sosial bazaya - elektorata sahib olan Müsavat, ALP, Ədalət və digər siyasi partiyalar da seçkilərə qatılmaqdan imtina edərək Bakıda izdihamlı mitinqlərə başladılar. Aksiyalarda 100 minlərlə insan iştirak edirdi. Seçkilərlə bağlı boykot elan edildi. Amma...

Amma nəsə dəyişdimi? Seçkilərə, onun nəticələrinə boykotun hansısa təsiri oldumu? Təbii ki, yox. Çünki sözlə boykot olmur. Boykotun isə sözdən başqa hansısa mexanizmi yoxdur. 98-ci ilin boykot qərarı heç nəyi dəyişmədi və proseslər necə gözlənilirdisə, elə də getdi. Müxalifət isə sözün həqiqi mənasında itirdi. O zamankı mitinqlər, nümayişlər seçkidə iştirak etməklə bağlı qərar olardısa, prosesləri başqa məcraya yönəldə bilərdi. Müxalifətin daxili problemləri ona imkan vermədi və boykot qərarı öz əleyhinə işlədi. Yəni, mübarizə meydanını daraltdı. Birləşmiş müxalifət yeni bir seçki ilini gözləməyə məhkum oldu. Çünki boykotun hansasa bir mexanizmi yoxdu. Yalnız sözlə mümkün olan kampaniyanı reallaşdırmaq üçün son dərəcə nüfuz və informasiya imkanlarına malik olmalısan. Eyni zamanda cəmiyyətin bütün qütbləri, qüvvələri sənin kimi düşünə və boykot yolunu tuta. 
Növbəti boykot ideyası 2008-ci ildə keçirilmiş prezident seçkilərində də təkrarlandı. Hələ də sosial bazasını itirməyən siyasi partiyaların qərarları vəziyyəti dəyişmədi. Seçkilər baş tutdu və nəticələr də rəsmiləşdi. 

Qərar verilib, amma...

Son illərdə siyasi meydanda ən ağır dönəmlərini yaşayan və bu illər ərzində dəstək elektoratının az qala 99,99 faizini itirmiş Əli Kərimli və 100-dən az tərəfdarının olduğu Milli Şura boykot qərarı verir. Bundan əvvəlki ciddi təcrübələri nəzərə alsaq, Əli Kərimlinin bu təşəbbüsünün baş tutmayacağını indidən demək mümkündür. Ən sakit dönəmlərdə belə kiçicik  stadionu dolduracaq qədər etirazçı yığa bilməyən bir təşkilat və bu təşkilatın "tək papkalı” sədrinin bu baxımdan, boykot qərarına hansı məntiqlə getdiyi də gülməli lətifəyə oxşayır. Şübhəsiz ki, bu qərarın arxasında duran əsas səbəb Əli Kərimlinin siyasi meydanda çoxdan məğlubiyyətə uğradığını etiraf edə bilməməsidir. Etiraf edə bilməmək və geri çəkilməmək onun yersiz özünəinamından qaynaqlanır ki, bu ambisiyası hər dəfə onu açıq meydandan başıaşağı yola salır. Bu dəfə də eynisi olacaq, həm də tamamilə eynisi. Əli Kərimli yenə növbəti seçkiyə qədər siyasi oyunlarını davam etdirmək ümidi ilə Facebook-da canlı yayımlara və saxta profillərlə özünübəyənməyə geri qayıdacaq...

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları