Yuxarı

Partiyalar üçün son qərar günü

Partiyalar üçün son qərar günü

11 aprel prezident seçkilərinə hazırlıq prosesi başlayıb. Hakim Yeni Azərbaycan Partiyası (namizədi İlham Əliyev), Azərbaycan Xalq Cəbhəsi Partiyası (namizədi Razi Nurullayev), Vətəndaş və İnkişaf Partiyası (namizədi Əli Əliyev), Müasir Müsavat Partiyası (namizədi Hafiz Hacıyev) və AG Partiya (namizədi Tural Abbaslı) seçkilərdə iştirak edəcəklərini rəsmən açıqlayıblar.

Maraqlıdır, digər siyasi partiyalar seçki ilə bağlı qərar vermək üçün nə zamana qədər gözləyəcək?

Xatırladaq ki, 2014-cü ildə Müsavat Partiyası qurultay keçirərkən sabiq başqan İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürmüşdü. Bir müddət öncə Müsavat Partiyası bununla bağlı rəsmi açıqlama verdi və seçkidə iştirak edəcəklərini bəyan etdi. Ancaq seçkilərin erkənə çəkilməsinə dair  məlum sərəncamdan sonra Müsavat Partiyası prosesdə iştirakı barədə qərarını yenidən gözdən keçirmək istəyir. Müsavat Partiyası başqanının müavini  Razim Əmiraslanov Cebhe.info-ya açıqlamasında təmsil etdiyi partiyanın 10 fevralda keçirilək Məclisdə qərar veriləcəyini bildirib. Qeyd edək ki, İsa Qəmbər özü də növbədənkənar seçkilər haqqında danışarkən partiyanın verəcəyi yekun qərara uyğun addım atacağını deyib.

Seçkidə iştirak qərarı verib sərəncamdan sonra yenidən müzakirələrə başlayan digər partiya KXCP-dir. Klassik Xalq Cəbhəsi Partiyası  sədrinin müavini Xəzər Teyyublu Cebhe.info-ya açıqlamasında bir neçə siyasi partiyanın iştirakı ilə müzakirələrin aparıldığını deyib. Qeyd edək ki, KXCP-nin qərargahında keçirilən toplantıda  Ümid, Müsavat, KXCP, ADP, Xalq, Böyük Azərbaycan, Vətəndaş və İnkişaf, Liberal Demokrat, və Aydınlar Partiyası iştirak edib. Toplantıda iştirak edən Vətəndaş və İnkişaf Partiyası artıq yekun qərarını verib və seçkidə öz namizədi ilə iştirak edəcək.

Seçkilərdə xüsusi aktivliyi ilə seçilən Ümid də hələ qərarsız qalan partiyalar siyahısındadır. Partiya sədrinin müavini Taleh Əliyev Cebhe.info-ya açıqlamasında partiyanın fevralın 10-da qərar verəcəyini açıqlayıb. Qeyd edək ki, Ümid Partiyası bu günə qədər keçirilən 2 parlament, 2 prezident və 2 bələdiyyə seçkilərində iştirak edib. Ümidin 11 aprel prezident seçkilərində də iştirak etmək ehtimalı yüksəkdir.

Prezident seçkilərində bu və ya digər formada iştirak edəcəyini açıqlayan partiyalar da var. Belə ki, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da növbədənkənar prezident seçkilərinə münasibət bildirərkən namizəd olmaq fikrində olduğunu açıqlayıb. Ancaq BQP hələ də rəsmi olaraq yekun qərarını açıqlamasa da, seçkidə bu və ya digər formada iştirak edəcəyini istisna etməyib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) isə fevralın 9-da (bu gün) yekun qərarını açıqlayacaq. Partiya sədrinin müavini Niyaməddin Orduxanlı Cebhe.info-ya açıqlamasında boykot qərarının qəti əleyhinə olduqlarını, seçkilərdə bu və ya digər formada iştirak edəcəklərini bildirib. "BAXCP sadəcə olaraq seçkidə hansı formada iştirak edəcəyini müzakirə edir. Bu gün yekun qərar qəbul olunacaq və ictimaiyyətə açıqlanacaq”,-deyə partiya yetkilisi açıqlamasında qeyd edib.

Seçkidə iştirakla bağlı hələ də müzakirə mərhələsində olan digər partiyalar isə Ədalət Partiyası, Azərbaycan Demokrat Partiyası (ADP), Azərbaycan Liberal Partiyası (ALP),  Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP), Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) və bir sıra digər partiyalardır. Ədalət Partiyasının sədri İlyas İsmayıl mətbuata açıqlamasında seçkilərdə iştirak edi- etməyəcəklərinin hələ məlum olmadığını deyib. ADP sədri Sərdar Cəlaloğlu da yekun qərarın müzakirələrdən sonra veriləcəyini deyib.

ALP sədri Əvəz Temurxan də açıqlamasında yekun qərarın müzakirələrdən sonra veriləcəyini bildirib. AMİP Siyasi Şurasının üzvü  Əli Orucov isə seçkilərdə iştirakla bağlı partiyanın hər hansı bir qərarının olmadığını deyib. ASDP sədri Araz Əlizadə də seçkilərdə iştirakla bağlı partiyada hələ müzakirələrin aparıldığını, yekun qərarın da müzakirələrə uyğun veriləcəyini bildirib. ALDP sədri Fuad Əliyev isə seçkilərdə iştirak edəcəyini rəsmən bəyan edib.

Qeyd edək ki, partiyaların əksəriyyəti növbədənkənar seçkilərlə bağlı son qərarını həftənin şənbə gününə, yəni 10 fevral tarixinə saxlayıblar. Partiyalardan verilən məlumata görə, 10 fevral tarixində müzakirələr keçiriləcək və yekun qərar da onda veriləcək. Ehtimal olunur ki, partiyalar əksəriyyəti seçkilərdə iştirakla bağlı qərar verəcək. Çünki indiyə qədər boykot qərarının alındığı heç bir seçki müxalifətə  uğur gətirməyib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları