Yuxarı

Ənənəvi müxalifətə boykot tapşırığı

Ənənəvi müxalifətə boykot tapşırığı

Növbədənkənar prezident seçkilərinə sayılı günlər qalıb. Seçkidə iştirak edən partiyalar hazırlıqlara başlayıblar.

Ənənəvi müxalifət "ənənəsinə uyğun olaraq” seçkini boykot edir.  Lakin  boykot qərarına istər müxalif düşərgədə, istərsə də cəmiyyətdə münasibət birmənalı deyil. Ənənəvi müxalifətin boykot qərarına gətirdiyi arqumentlər isə ümumiyyətlə, məntiqsizdir. 

"Boykotçular cəmiyyətin maraqlarını nəzərə almırlar”

Siyasi şərhçi Elşən Manafov "Cümhuriyət” qəzetinə şərhində bütün hallarda seçkidə iştirak etməyin vacib olduğunu deyib. Onun sözlərinə görə, partiyaların seçkilərə qatılması, həm ölkədə siyasi mədəniyyətin formalaşmasına təsir edir,  həm də siyasi mühitin təkmilləşməsinə səbəb olur: "Digər tərəfdən, seçkinin özünün yaratdığı və yarada biləcəyi gerçəkliklər var. Siyasi partiya əgər gerçəkdən sosial bazaya malikdirsə, özünün elektoral bazası ilə işləmək istəyirsə, məramını, məqsədini və ya hakimiyyətə münasibətdə konseptual baxışlarını cəmiyyətə ötürmək istəyirsə, seçkilərin yaratmış olduğu imkandan istifadə etməyə  borcludur. Əslində seçkini boykot edən partiyaların mövqeyinə hörmətlə yanaşsam da, etiraf etmək lazımdır ki, onların bu qərarı bütün seçkinin boykot edilməsi anlamında qəbul edilmir. Boykot ancaq onların özünə aid olan qərardır. Cəmiyyət, siyasi sistem, xalq bu seçkiləri boykot etməyəcək.

Bu, gün kimi bəllidir. Azərbaycanda  növbədənkənar prezident seçkilərinin keçirilməsinin obyektiv və subyektiv səbəbləri var. Təbii ki, seçkilərə qatılan partiyalar bu səbəbləri bilirlər. Təəssüflər olsun ki, seçkiləri boykot qərarı həmin partiyaların daha çox konyuktur və korporativ maraqlarından irəli gəlir. Burada cəmiyyətin maraqları nəzərə alınmır. Həmin partiyaların uzun müddətdir Azərbaycanda seçki mühitinin formalaşdırılması üçün mübarizə apardıqlarını deyirlər. Amma əslində bu istiqamətdə heç bir ciddi iş görməyiblər. Heç bir nəticəyə nail olmayıblarsa, etiraf etməlidirlər ki, ciddi sosial və elektoral bazaya malik deyillər. Seçki elə bir marafondur ki, iştirak etmək üçün hər bir partiya ciddi resurslara malik olmalıdır. Etiraf etmək lazımdır ki, qısa zaman kəsiyində 45 min vətəndaşdan imza almaq, müvafiq sənədləri MSK-ya təqdim etmək üçün partiyaların inzibati resursları, mobil komandası olmalıdır. Güman edirəm ki, əslində seçkiləri boykot etmək qərarı bunların olmamasından irəli gəlir”.

"Prosesə mane ola bilməyəcəklər”

Elşən Manafov deyib ki, boykot qərarı verən partiyalar prosesə mane ola bilməyəcəklər: "Artıq Milli Şura, Müsavat Partiyası və Əli Kərimlinin rəhbərlik etdiyi partiya boykot qərarı verib. Amma sual olunur ki, onların bu qərarı seçkiləri bütünlükdə boykot etməyə gətirib çıxarırmı? Azərbaycanda seçkilərin legitimliyini beynəlxalq institutlar, dünya və region dövlətləri, o, cümlədən, ictimaiyyət də birmənalı olaraq qəbul edir. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Ona görə də ayrı-ayrı siyasi partiyaların, məlum kəsimin verdiyi mesajları heç özlərində də qəbul olunmur. Hesab edirəm ki, məhdud imkanlara malik olsalar da, Azərbaycanda mövcud siyasi partiyaların seçkilərə qatılmaq şansları var.

Hakimiyyət özü də seçkilərin keçirilməsi üçün əlverişli mühitin yaradılacağını  bəyan edib.. Amma müxalifətin məlum qanadının boykot qərarı sadəcə olaraq onların konyuktur və korporativ maraqlarına söykənən qərardır. Zaman-zaman bu partiyalar eyni addımı atıblar, amma bu günə qədər onların boykot qərarı Azərbaycanda keçirilən seçkilərin nəticəsinə kölgə salmayıb. Həmin partiyalar istəsələr də, istəməsələr də bu seçkilərdə alternativlik təmin olunacaq. Artıq bir sıra partiya liderləri seçkilərə qatılacağını bəyan ediblər. Maraqlı məqamdır ki, həmin liderlər də bu seçkilərdə hazırkı prezidentin qalib gələcəyini bəyan edirlər. Görünür, onlar seçkilərin yaratdığı imkanlardan istifadə edərək lazımi mesajları cəmiyyətə ötürmək, öz reytinqlərini yüksəltmək istəyirlər. Bu da tamamilə anlaşılan məsələdir”.

"Tapşırıq gəlsə, qərar dəyişə bilər”

Elşən Manafov  hesab edir ki, boykot qərarı xarici dairələrin tapşırığıdır: "İstisna etmirəm ki, məlum qanadın boykot qərarında  Azərbaycanda marağı olan xarici güclərin təsiri  var. Həmin güclərin fikri dəyişərsə, bu gün boykot qərarı verən partiyalar seçkiyə qatıla bilərlər. Bu onu göstərir ki, həmin partiyalar öz maraqlarını xarici güclər hesabına təmin etmək istəyirlər. Bu da yolverilməzdir”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları