Yuxarı

Razi Nurullayev: "Seçkidə Əbülfəz Elçibəyin böyük ideyalarının carçısı olacağam”

Razi Nurullayev:

"Mənim davam hakimiyyətlədir və mübarizəm xalq üçündür! İmkan verin aparaq! 30 ildir siyasi səhnədə gah boykotla, gah küsməklə, gah naz etməklə, gah seçkilərdə iştirak etməklə, gah hakimiyyətlə dialoq qurmaqla baş girələmisiniz. Gördüyünüz kimi də apardığınız siyasətin nəticəsi olmayıb. Mən nəticə deyəndə kasıblıqdan əziyyət çəkən, kredit yükü altında inildəyən, işsizlikdən əziyyət çəkən xalqımızı nəzərdə tuturam”. 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. Partiya sədri seçkidə iştiraka qarşı çıxanlara müraciətlə "İndi imkan verin ki, biz bildiyimiz siyasəti quraq, aparaq və məğlub olsaq, qoşulaq sizin sıralarınıza”,- deyə müraciət edib. 

Qeyd edib ki, dünya ilə bərabər Azərbaycan da dəyişib: "Daha gənc nəsil heç çoxunuzun adını da bilmir. Narahatsınız ki, siyasi səhnədə yeni simalar parlayır, sizi sıxışdırır? Bu, təbii prosesidr, önünü ala bilməzsiniz!

Bir dəfə bir ziyalı məni davamlı olaraq təhqir edirdi. Nə qədər səbrli olsam da, özümü saxlaya bilmədim və ona cəmi bir dəfə ağır bir cümlə yazdım. Yazdı ki, Razi müəllim, hamıdan gözləyərdim, sizdən gözləməzdim. Yəqin ki, şərhə ehtiyac yoxdur.

İndi də eyni hadisələr baş verir. Boykotçular bizi təhqir edir, söyür, nüfuzdan salmaq üçün hər cür yola əl atırlar, biz hərdən dözməyib bunların min təhqirinin birinə cavab verəndə dözümsüz olurlar. Ağrılısı budur ki, bunların başında duranlar ocağa benzin tökməklə məşğuldur, birbaşa dirijorluq edirlər.

Mənə "Dədə Qorqudluq” edənlər də var, məni günahlandıran və dözümlü olmağa çağıranlar da. Əfsus ki, ürəyim daşdan deyil, dözməyib bir kəlmə cavab verəndə, "Dədə Qorqudlar” başlayır mənə ağıl verməyə, dərs keçməyə və özünü böyük göstərməyə. O zaman sizlər niyə o təhqir yağdıranlara da "dur” demirsiniz? Onun başında dayanan və dirijor çubuğu ilə bunu idarə edənlərə niyə irad bildirmirsiniz? Yazıqlar olsun!

Deyirlər ki, hakimiyyətin tapşırığı ilə keçmiş səfir Arif Məmmədovu tənqid etmişəm. Birinci dəfədir ki, onun haqqinda yazdım. O, şəklimi qoyub və deyib ki, bu namizədə ləqəb qoyun. Öz statusu altında məni təhqir etdirib, aşağılatdırıb və seyrçi qalıb. Sonra çağırış edib ki, bununla kimin dostluğu var, mənim dostluğumu tərk etsin. Daha səninlə Nemət Pənahlıda nə fərq oldu? O da deyirdi ki, oturmayan ermənidir. Milləti döndərib eləmişdi "Fatı qalx, Fatı otur". Bu, bir səfirə, ziyalıya yaraşarmı? Mən yaraşdırmadım! Dilinizdə hədənin, söyüşün, təhqirin biri bir qəpik. Bəli siz söyüş söyənlər, təhqir edənlər, baş kəsmək, qan tökmək istəyənlər, qisas hissi ilə alışıb yananlar olun maksimum 3000 nəfər. Siz axı xalq demək deyilsiniz. 10 milyonluq xalqın da, dediyim kimi olun 0,001 faizi”.

R.Nurullayev bildirib ki,  Milli Şura, Əli Kərimli, Cəmil Həsənli iştirak etsəydi, seçki boykot edilməyəcəkdi: "Deyirsiniz ki, hakimiyyətə legitimlik qazandırmayın. O zaman 2013-cü ildə Milli Şura niyə legitimlik qazandırdı? İkincisi, legitimlik iştirakla ölçülümür. Beynəlxalq aləmin tanıması və Konstitusya Məhkəməsinin tanımasıdır əsas şərt. Bu da həmişə olub, yenə də olacaq.

Doğru düşünsəniz, mənə dəstək verərdiniz, daha yaxamı cırmağa çalışmazdınız! Mən xalq və millət üçün çalışıram və bu seçkiyə qatılıram. Əbülfəz Elçibəyin davamçısı olaraq bu seçkidə onun böyük ideyalarının carçısı olacağam. İnşallah, tale də üzümüzə gülər!”






Həftənin ən çox oxunanları