Yuxarı

AXCP sədri: "Boykotçular xalqın mübarizə əzmini qırdılar”

AXCP sədri:

Razi Nurullayev: "Ölkənin prezidenti dövlətin  simvoludur,  toxunulmazdır”

Azərbaycanda prezident seçkiləri kampaniyası davam edir. Prezidentliyə namizədliyi "Cəbhəçilər” Təşəbbüs Qrupu tərəfindən irəli sürülmüş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Razi Nurullayev Talk TV-yə müsahibəsində seçkiqabağı durumu dəyərlənidirib, ölkədə baş verən ictimai-siyasi vəziyyət haqıqnda  danışıb.

"Boykotun mexanizmi yoxdur”

AXCP sədri ənənəvi müxalifəti təmsil edən bir sıra partiyaların seçki taktikasını tənqid edib: 

"Mən seçkini niyə boykot etmirəm? Seçkini boykot etmək, nə xalqa, nə müxalifətə, nə iqtidara, nə də ki bizə siyasi partiya kimi heç nə verməyəcək. Ümumiyyətlə, boykotu ona görə qəbul etmirəm ki, Azərbaycanda bunun yerinə yetirilməsinin bir mexanizmi yoxdur. Tutaq ki, mən də seçkini boykot edirəm. Seçkiyə qoşulmuram, amma yenə 11 aprel prezident seçkiləri baş tutur. Ümumiyyətlə, Azərbaycanın qanunvericiliyi belə qurulub ki, əgər seçkiyə 100 nəfər də gəlsə, seçki baş tutmuş hesab olunacaq. Daha hansı boykotdan söhbət gedir? Mən də qoşulmayım, o da qoşulmasın... Bu gün Azərbaycan insanlarının bəzisi də boykotçulara qoşulur, "boykot edək” deyir. Amma onlar bu boykotun arxasında dayanan fəlsəfəni tam anlaya bilmir. Çünki onlar qanunvericilikdən xəbərsizdir, 11 apreldən sonra nə baş verəcəyini bilmirlər. Sadəcə olaraq, bir neçə nəfər boykot deyir, əsaslandırmağa çalışır və insanlar da onlara qoşulub, "boykot edək” deyir. Amma 11 apreldən sonra xalq görəcək ki, onun istədiyi olmadı. Yaxud, ona verilən vədlər yerinə yetirilmədi.Yenə də hakimiyyət seçkini keçirdi, bir nəfər də prezident oldu. Yəqin xalq da düşünür ki, 11 apreldə prezident elə İlham Əliyev olacaq. Sonra da xalq ayılacaq və deyəcək ki, biz 7 il də bundan sonranımı gözləməliyik, seçki olsun və biz iradəmizi ortaya qoyaq. Bu hansı anlama, hansı məhfuma sığır? Ümumiyyətlə, bu hansı qanuna sığır?”

"11 apreldə biz qələbə çala bilərik”

Razi Nurullayev deyib ki, boykot taktikası xalqın mübarizə əzminə mənfi təsir edib:

"Hazırda xalq haqq qılıncını seçkidə iştirak edənlərə yönəldib. Sonra xalq qılıncını, kəsərli sözünü boykotçulara yönəldəcək. Çünki boykotçular bu gün xalqın mübarizə əzmini qırdılar. Bu gün ümumiyyətlə, əgər müxalifət seçkidə iştirak etsəydi, bütün siyasi partiyalar bütün gücü ilə tam olardıq. O zaman 11 apreldə mən inanıram ki, biz dəyişiklik edə bilərdik. Bu gün də mən bu dəyişikliyə inanıram. Bu dəyişikliyə inanıb, bu seçkiyə qoşulmuşam. İnanıram ki, 11 apreldə biz qələbə çala bilərik. Mən buna inanıb seçkiyə gedirəm və bunun üçün də çalışıram. Amma əgər bütün müxalifət qoşulsaydı, çalışsaydı, bütün güclərimizi bir yerə toplasaydıq, əminəm ki, 11 apreldə biz dəyişiklik yarada bilərdik. İkincisi, biz hər zaman, 2013-2015-ci ildə də demişik ki, xalq, hər zaman bilin, növbəti 5 ildə İlham Əliyevə işləməyə imkan verməyəcəyik. Bizim bundan sonra 5 ildə dözmək səbrimiz yoxdur. Demişik ki, çalışacağıq ki, seçkiləri önə çəkək. Və doğrudan da, 2013-cü ildən 2015-ci illərədək seçkilərin önə çəkilməsi böyük bir müzakirəyə səbəb olmuşdu. Biz müxalifət olaraq, hər bir kəs, seçkini boykot edənlər də - həm Azərbaycanda, həm də xaricdə olanlar – onlar seçkinin önə çəkilməsinin tərəfdarı idi. Onlar ümumiyyətlə, istəyirdilər ki, seçki sabaha təyin olunsun. Yəni, 2018-ci ilə kimi bizim dözmək imkanımız yoxdur, xalq buna dözməyəcək. Nəticə nə oldu, indi seçki irəli çəkilir, biz buna sevinməkdənsə, qarşı çıxırıq. Nə dəxli var, 5 ay qabağa, yaxud 1 iləarxaya çəkildi? Əgər biz bu 30 ildə hazırlıq edə, xalqı inandıra bilməmişiksə, yenə də nəsə edə bilmiriksə, 6 ay bizə nə verəcək? Bununla da heç nə dəyişməyəcək. 6 ayda bu hakimiyyəti dəyişə biləcəkdik? Hakimiyyəti dəyişə bilən 11 apreldə də bunu edə bilər. Amma onların hamısı bir nöqtəyə vurmalı idi. Bu gün seçkiyə qoşulan müxalifəti digər müxalifət vurmaqdadır. Bu, xalqda hansı hisləri yaradır? Axı bizim hamımız "xalq üçün”, "millət üçün” deyirik?! Mən bu gün də xalq və millət üçün çalışıram. Amma "xalq üçün”, "millət üçün” deyənlər də "xalq üçün”, "millət üçün” deyənləri vurur”.

"Dövlət başçısı təhqir oluna bilməz”

AXCP sədri hesab edir ki, müxalifət lüsumsuz didişmələrə son qoymalı, əməkdaşlığa can atmalıdır:

"Bəzilər bu gün seçkiyə qoşulub, xalqı fəallaşdırmağa cəhd edən, Yeni Azərbaycan Partiyasına (YAP) qarşı mübarizə aparan, seçkilərdə ortaya iradə qoymaq istəyən və bü gün seçkilərə inamla, var gücü ilə qatılan insanlara qara yaxmaqla məşğuldurlar. Amma tənqidin də, təhqirin iki üzü var. Əgər bu gün mən təhqir olunuramsa, bunun sizə də cavabı olacaq. Əgər bu gün xalq təhqir olunursa, ona ən kəskin şəkildə cavab verəcək. Tənqid tənqid, təhqir də təhqir doğurur. Başqa bir məsələ- dövlətin simvolları var, kim necə gəldi təhqir edir. Nə dövlətçilik, nə hörmət, nə böyüklük qalıb, nə də Azərbaycan xalqının mentaliteti... Kim nə istəsə, onu danışır. Hansı söyüşü istəsə, onu söyür, kimi təhqir etmək istəsə, edir. Bu gün Azərbaycanın prezidenti İlham Əliyevdir. Bir prezident var. Biz qəbul etdik-etmədik, o, Azərbaycanın prezidentidir. Biz qəbul etdik-etmədik, Azərbaycanla bağlı dövlət sənədlərinə İlham Əliyev qol çəkir. Biz qəbul etdik-etmədik, dünya prezidentləri İlham Əliyevi qəbul edir, onunla görüşür. Biz qəbul etdik-etmədik, Azərbaycana gələn prezidentlərin hamısı İlham Əliyevin yaratdığı protokol üzrə hərəkət edir. "İlham Əliyevi qəbul etmirəm, İlham Əliyev mənim prezidentim  deyil” demək və təhqir etməklə heç nə düzəlmir. Bu, cəmiyyətdə uçurumu daha da dərinləşdirir. Bayraq Azərbaycanın simvoludur. Konstitusiyamız, ordumuz, ərazimizin toxunulmazlığı, gerbimiz, dövlətin simvolları, atributları toxunulmazdır. Ölkənin prezidenti də simvoldur. O da toxunulmazdır. Əgər bu gün mən İlham Əliyevi təhqir edərəmsə- bu gün prezidentlik iddiası ortaya qoymuşam-mən seçilirəm, prezident oluram, mən də təhqir olunuram. Eyni məsələlər mənə də şamil olunacaq. Söhbət burada İlham Əliyevdən də getmir. Burada söhbət dövlətin başçısından gedir. Dövlətin başçısı kim olur-olsun, təhqir oluna bilməz. Başqa bir millətin vətəndaşı öz simvollarının təhqir olunmasına göz yuma bilər? Heç kim bunu düzgün qəbul etmir və etməz də. Azərbaycanın qanunları da heç kimin təqhir olunmasına imkan vermir. Xüsusən də, dövlət simvollarının və başçısının təhqirinə. Buna yol verən insanlar həbs olunacaqsa, qanunazidd deyil. Təhqir yağdıranlar, insanın şəxsiyyətini aşağılayanlar həbs olunacaqsa, nə siyasi, nə vicdan məhbusu elan oluna bilər. Konkret olaraq, Azərbaycanın mövcud qanunvericiliyini pozan qanun  qarşısında cavab verməli olacaq. Bu gün minlərlə insan var ki, saxta profillər arxasında gizlənir. "YouTube”da, "Facebook”da bir çoxları öz adları ilə  var, onlar da Azərbaycanda deyil, xaricdə yaşayır. Onların "toxunulmazlığı”, bəhanəsi var ki, Azərbaycan hakimiyyətinin onlara əli çatmır. Yaxud Azərbaycanda Razi Nurullayevin ona əli çatmır, təhqir edir. Amma bir gün hər kəs etdiyi təhqirə görə cavab verəcək. Bu gün bu hakimiyyət hansı qanunsuz hərəkəti edirsə, ona da görə də cavab verməli olacaq. Yəni, kimliyindən asılı olmayaraq, qanunsuz hərəkət edirsə, onun cavabını verməli olacaq. Bu, mövcud qanunvericiliklə tənzimlənir. Kimisə təhqir etmək qanunaziddir. İstər prezident, istərsə də vətəndaş olsun, insanı necə təhqir etmək, şəxsiyyətini necə aşağılamaq olar? Məgər biz Azərbaycan insanının səviyyəsi o qədərmi aşağı düşdü ki, insanların ailəsini, uşağını təhqir edə bilsin? Axı bizim dədə-babalarımızda bu olmayıb. Ortada bir kişilik olub. İnsanlarımızda vətənpərvərlik, torpağa, vətənə, dövlətçiliyə bağlılıq olub. Bunların hamısı niyə aşındı, niyə itdi? Bunlar məni çox ciddi şəkildə narahat edir”. 

"Yalnız konstitusiya çərçivəsində siyasi dəyişikliyin tərəfdarıyıq”

AXCP sədrinin fikrincə, əldə olunmuş nailliyyətləri qoruyub saxlamaq və daha da inkişaf etdirmək lazımdır:

"Dövlət saxlamaq, ölkəni, torpağı qorumaq, qazanılan nailiyyətləri saxlamaq asan məsələ deyil. Nəyisə qorumaq, yaratmaq çox çətindir. Bir evi tikmək üçün ən azı bir il vaxt tələb olunur. Amma bir evi uçurmaq üçün bir saniyə kifayətdir. Altına balaca bir bomba qoy, 1 saniyə içərisində sənin bir il ərzində zəhmətlə tikdiyin ev dağılsın. Dövlətçiliyimiz də, Azərbaycan da belədir. Pis-yaxşı dövlətimiz var. Üstəlik, Azərbaycan  xüsusi maraqları olan qüvvələr tərəfindən sıxışdırılan bir coğrafi məkanda yerləşir. Onun üçün Azərbaycanın həm daxili, həm də xarici siyasətində müəyyən uzlaşmalar, tənzimləmələr olmalıdır. Belə bir zamanda Azərbaycanda ixtişaşla, inqilabla nəyəsə nail olmaq, Azərbaycanı dövlət, respublika kimi yer üzündən silməkdir. Demokratik qanunvericilik, mövcud konstitusiya çərçivəsində Azərbaycanda siyasi dəyişikliyin tərəfdarıyıq. Yəni, biz qanunsuz hərəkətlərə yol verə bilmərik. Dinc mübarizə və mövcud qanunvericilik çərçivəsində hakimiyyətin dəyişdirilməsi- mən bunun tərəfdarıyam. Düşünürəm ki, Azərbaycanda başqa yol mümkün deyil. Başqa yol fəlakətdir, ölkənin məhvidir, vətəndaşın vətəndaşı öldürməsidir. Azərbaycan vətəndaşlarının bir-birini məhv etməsi dırnağımızla yaratdığımız dövlətin də çöküşü deməkdir.  20 deyil, 50-60 faiz torpaqlarımızın da işğal olunması deməkdir. Separatizmin Azərbaycanda inkişafı deməkdir. Azərbaycana maraqlı olan qüvvələrin onları idarə etməsi deməkdir. Biz yaradılacaq bu cür fəlakətə göz yuma bilmərik. Amma məsələ burasındadır ki, boykotçuların dillərində bu var, düşüncəsində qan-qada var. Ölkə batsın, dağılsın, bu  hakimiyyət getsin.  Onlar hər bir şeyə hazırdır. Qan da tökülsün, sel kimi axsın, on minlərlə insan da ölsün, silahlı basqın da olsun və yaxud Azərbaycana ordu yeridilsin, təki bu hakimiyyət getsin. Yaxşı, getdi, bunun sonrasını düşünmək lazımdır. Sonrakı yüz milyon dəfə pis bir vəziyyət yaradacaq. Onun üçün də biz buna rəvac verə bilmərik. Bu, Azərbaycanın fəlakəti ola, ölkəni məhvə apara bilər”. 

"Cümhuriyət”





Həftənin ən çox oxunanları