Yuxarı

Amnistiya siyasi məhbuslara da şamil olunacaq

Amnistiya siyasi məhbuslara da şamil olunacaq

Həbsdə olan bir çox siyasi və ictimai fəalların yaxın vaxtlarda azadlığa buraxılacağına dair məlumatlar yayılır. Qeyd edək ki, bu kateqoriyaya əsasən müxalifət nümayəndələri, jurnalistlər, NİDA-çılar, 1995-ci ilin OMON hadisələrində həbs olunmuş bəzi məhkumlar, eləcə də Nardaran hadisələri zamanı həbs olunmuş dindarlar daxildir. Sözügedən məhbusların bir qisminin Novruz bayramı ərəfəsində veriləcəyi gözlənilən əfv fərmanı, digərlərinin isə may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə veriləcək Amnistiya Aktı ilə azadlığa çıxacağı bildirilir. Artıq Prezident Yanında Əfv Komissiyası azadlığa buraxılmasına ehtiyac olan məhbusların siyahısını tərtib edərək dövlət başçısına təqdim edib.

Milli Məclisin deputatı Siyavuş Novruzov açıqlamasında deyib ki, parlamentin ilk yaz sessiyasında Heydər Əliyevin 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXCP) 100 illiyi münasibətilə "Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edilib. S.Novruzov onu da əlavə edib ki, bütün siyasi məhbuslar azad olunsun və beynəlxalq təşkilatların narazılığına son qoyulsun:

"Burada maddələrlə deyil, prinsip etibarı ilə əhatə dairəsi geniş olmalıdır.Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun.İkincisi, yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər.Həmçinin, himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər.Yaşı 70-dən yuxarı olan bütün kişilərə tətbiq oluna bilər.Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər.Müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər.Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq”.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, amnistiyaya konkret kimlərin düşəcəyini söyləmək çox çətindir. Amma çoxlarının buna şansı var:

"Sadəcə, arzum budur ki, tanıdığımız, yaxın bildiyimiz, günahı olmayanlar, yəni anlaşılmazlığa görə, yaxud sifarişlə həbs olunanların hamısı azadlığa çıxsın. Əfsuslar olsun ki, həbsdə günahı olmayanlar çoxdur və onların hamısının amnistiyaya düşmək şansı var. Əgər barələrində yeni iş açmasalar, hamısı azadlığa çıxa bilər”.

Siyavuş Novruzovun siyasi məhbusların azadlığa buraxılmasının vacibliyi ilə bağlı açıqlamasına gəlincə, hüquq müdafiəçisi millət vəkilini bu fikrinə görə dəstəkləyib:

"Təbii ki, biz istəyirik ki, Azərbaycana həmişə yüksək qiymət verilsin. Ancaq bir hüquq müdafiəçisi kimi biz xəcalət çəkirik ki, vətəndaş cəmiyyəti nə vəziyyətdədir.Siyasi məhbusların, dini məsələlərə və siyasi fəaliyyətinə görə həbslərin sayının olması yaxşı hal deyil.Əgər şəxs yalnız şübhəli şəxs qismində həbs olunursa, bu qeyri-professionallıqdır.Çünki bunun üçün əsaslı və çoxlu sübutlar gərəkdir.Hətta cinayət törətmək istəyən şəxs son məqamda özünü saxlayıb, əməli etmirsə, demək onun günahı yoxdur.Deməli, o, cinayətkar deyil. Amma Azərbaycanda hər ehtimala görə süni şəkildə şəxs barədə iş açılır və həbs olunur. Bu isə ölkə barədə mənfi rəy yaradır.Bu həm də Azərbaycanın və vətəndaşların azadlığına da bir zərbədir”. 

"Amnistiya aktının ömürlük həbs edilənlərə şamil olunmasına gəlincə, hüquq müdafiəçisi bunun mümkün olmadığını vurğulayıb:

"Ola bilsin ki, ömürlük həbs cəzası alan məhkumlar arasında çox xəstə və ya zəif olanlar əfv olunsun. Amma onların amnistiyaya düşəcəyinə inanmıram”.

Məlumat üçün bildirək ki, Amnistiya cəzanın yüngülləşdirilməsi, yaxud ləğv edilməsidir.Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir.Bu səlahiyyət təkcə cinayət qanunvericiliyi ilə məhdudlaşmır.Cinayət qanununa gəldikdə isə, Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər.Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.Həmçinin, belə şəxslər əlavə cəzadan azad edilə bilərlər.Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğunun götürülməsi də mümkündür.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları