Yuxarı

AXCP sədri üçün imza toplanır

AXCP sədri üçün imza toplanır

Prezident seçkilərində namizədliyini irəli sürmüş şəxslərə imzatoplama kampaniyası davam edir. 

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayevin də namizədliyi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınıb. Partiyadan verilən məlumata görə, artıq imzatoplama kampaniyasına start verilib. 

AXCP Ali Məclisinin sədri, Razi Nurullayevin seçki qərargahının rəhbəri Rafiq Daşdəmirli Cebhe.info-ya açıqlamasında imzatoplama kampaniyasını fevralın sonuna qədər bitirəcəklərini deyib. R.Daşdəmirli bəzi yerlərdə imzatoplama kampaniyasına maneə yaradanların olduğunu da qeyd edib:

"Seçkidə iştirak etmək hüququm çatandan bu günə qədər demək olar ki, bütün seçkilərdə fəal  şəkildə iştirak etmişəm. Seçki komissiyalarında da iştirakım olub. Hətta hərbi xidmət dövründə seçkidə müşahidə aparmışam. Müstəqillik referendumunda da məntəqədə olmuşam. Əksər vaxtlarda dairə və seçki qərargahında çalışmışam. Hər zaman haqqın, ədalətin bərqərar olması üçün əlimdən gələni etmişəm. İndi də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevin seçki qərargahına rəhbərlik edirəm.  Məlum olduğu kimi, imza vərəqələrini götürdükdən sonra bank hesabı açdıq və səhəri gün seçki qərargahında üzvlərimizlə geniştərkibli iclas keçirdik. İmza vərəqələrini bütün bölgələr üzrə payladıq. Prosesdən iki gün keçməsinə baxmayaraq, artıq imzaların xeyli hissəsi yığılıb. Bəzi yerlərdə insanlar səs vermə ilə imza verməni səhv salırlar. Əyalət rayonlarında kənd rəhbərləri, bələdiyyə üzvləri radikallıq göstərib imza yığanlara təzyiq edir. Kənd sakinlərinə vəsiqə verməmək üçün qeyri-qanuni göstərişlər verilir. Bizim üçün 45 min imza toplamaq asandır. Bütün bu kimi maneələrə baxmayaraq, gələn ayın ilk günlərində imzatoplama kampaniyasını bitirib, MSK-ya təhvil verməyi planlaşdırırıq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları