Yuxarı

"İndi də sağ qalanlara ölüm torbası tikirsiniz"

"Bu gün seçkidə iştirak etmək, öz təbliğatını qurmaq, cəmiyyətə təsir etmək 3 il, 5 il, 10 il bundan əvvəlkindən daha asan və rahatdır. 5 il, 10 il bundan öncə seçki təbliğatı üçün ayrılan zaman daha uzun, amma təsir mexanizmi zəif idi. Auditoriyanı cəlb etmək ancaq televiziya imkanları ilə məhdudlaşırdı. Bu gün isə sosial şəbəkələr var. Heç televiziyaya ehtiyac yoxdur. Kimdir televiziyaya baxan?" 

Bunu "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov seçki kampaniyasından danışarkən deyib. Baş redaktor bildirib ki, hər kəsin texniki imkanları var: 

"Hər kəsin əlində bir smartfon var. Ölkə əhalisinin az qala hamısı internet imkanlarına malikdir. Bütün yazılanları, deyilənləri anında izləmək imkanları var. 

Belə bir məqamda seçkini boykot etmək, yaxud iştirakdan imtina gücsüzlüyün, sosial bazanın olmamasının göstəricisidir. İmza toplamağı da sosial şəbəkələrin imkanlarından istifadə etməklə asanlaşdırmaq mümkündür. 

Ənənəvi müxalifət imkanlarının məhdudluğunu bildiyindən seçkidə iştirakdan imtina etdi. Seçkinin vaxtının ertələnməsi sadəcə bəhanə oldu. Dəstək məsələsi önəmli idi. Bəhanə nədir? Seçki təbliğatının vaxtı qısaldılıb. O uzun deyilən müddətdə ancaq bəlli saatlardakı televiziya çıxışları ilə, mitinqlə məhdud sayda tərəfdarlarla əlaqə yaratmaq mümkün idi. İndi isə 23 günə daha böyük auditoriyanı əhatə etmək olar. Əli Kərimlinin, Milli Şuranın boykotu gözdən pərdə asmaq üçündür. İştirak etməmək qərarının da arxasında dayanan hansısa şərt deyil, sosial bazanın olmaması, gücsüzlüyün etirafıdır. Biryolluq bacarmadığınızı etiraf etsəniz, nə olar ki? Cəmiyyət yenilənər, aldatdıqlarınız da öz həyatlarını yaşayar. Bu adamları aldatmaqla qəbiristanlığa qədər apardınız. İndi də sağ qalanlara ölüm torbası tikirsiniz. 

Ötən 25 ildə sıralarını artırmaqdan, ətraflarında olanları itirənlərin bundan qeyri yolu yox idi. Çürük fikirlər cəmiyyəti arxasınca apara bilmir. Partiyada birinci olmaq, müxalifətdə birinci olmaq iddiaları keçmir. Kimdir illərin yalanına yenidən inanan? İllərini sizə verən adamlara nə verdiniz ki? İndi də seçkidə iştirak edənlərə, xalqın təmsilçisi olmaq istəyənlərə qara yaxmaq, böhtan atmaq peşənizdən əl çəkmirsiniz. Adamları qaralamaq, özlərinin həyat kredosu olan satqınlığı başqasının adına yazmaqla müxalifətçilik olmur".

Cebhe.info





Həftənin ən çox oxunanları