Yuxarı

AXCP sədri üçün təbliğat-təşviqat – Partiyada hazırlıqlar davam edir

AXCP sədri üçün təbliğat-təşviqat – Partiyada hazırlıqlar davam edir

Növbədənkənar president seçkilərində namizədliyini irəli sürmüş şəxslər imzatoplama kampaniyasını davam etdirir. Sonrakı mərhələdə isə namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləcək. 

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev də prezidentliyə namizədliyini irəli sürüb və hazırda imzatoplama kampaniyası davam edir. Maraqlıdır, AXCP sonrakı prosesə necə hazırlaşır? 

AXCP sədrinin müavini Ehtiram Mehtiyev Cebhe.info-ya açıqlamasında təbliğat-təşviqat prosesinin çətin olmayacağını deyib:

"İmza toplama kampaniyası uğurla davam edir. Artıq imza vərəqələrini tamamlamaq üzrəyik. Bundan sonrakı mərhələdə namizədimizin təbliğat-təşviqat kampaniyasını geniş miqyasda həyata keçirməyi düşünürük. Bu bizim üçün elə də çətin proses olmayacaq. Çünki, partiyamızın fəaliyyəti dövründə respublika üzrə bütün rayonlarda konfrans, tədbirlər və görüşlər keçirmişik. Artıq AXCP kabinetlərdə gizlənən partiyalar kimi fəaliyyət göstərməyəcək. Məqsədimiz hakimiyyəti dəyişməkdirsə biz xalqın ayağına gedəcəyik. Ümumiyyətlə, vətəndaşları narahat edən problemlərin çözülməsi, regionların sosial-iqtisadi inkişafıyla bağlı partiyamızın geniş proqramı var. Bu bizim seçki platformamızdan biri sayılır. Xalqın gözləntilərinə uyğun addım atacayıq. Xalq öz liderinə dəstəyi əsirgəməyəcək”.

AXCP yetkilisi sonda mətbuatla bağlı da problemlərinin olmadığını qeyd edib: 

"Hesab edirəm ki, bu mərhələni də uğurla keçmişik. Bu gün siyasi camiədə mətbuatda Razi Nurullayev qədər görünən və siyasi proseslərə münasibət bildirən lider yoxdur”.

Vilayət Muxtar