Yuxarı

AXCP-nin 2015-ci ildən başlayan seçki yolu

AXCP-nin 2015-ci ildən başlayan seçki yolu

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçki marafonuna aktiv qoşulan siyasi qurumlardan biridir. "Cəbhəçilər” Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən AXCP sədri Razi Nurullayevin imzatoplama kampaniyası artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, bu barədə Razi Nurullayevin seçki qərargahının rəhbəri, AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli məlumat verib.Ümumiyyətlə, AXCP seçki marafonuna uzun zamandır ki, başlayıb.

Hələ 2015-ci ildə AXCP sədri Razi Nurullayev hədəflərinin 2018-ci il prezident seçkilərində iştirak olduğunu bəyan edib və seçki ilini "dəyişiklik ili” elan etdiklərini vurğulayıb. Elə həmin vaxtdan etibarən mütəmadi olaraq mediada bu haqda fikirlərini bildirən AXCP sədri dəfələrlə bəyan edib ki, siyasi partiyanın əsas məqsədi seçkilərdə iştirakla hakimiyyətə gəlməkdir.

Xatırlatma...

AXCP sədri Razi Nurullayev partiya funksionerləri ilə birgə 2015-ci ilin sonlarında Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti, mərhum Əbülfəz Elçibəyin məzarını ziyarət edərkən etdiyi çıxış zamanı 2018-ci ili dəyişiklik ili elan etdi.

"Biz Azərbaycan xalqının istəyini verməliyik.Bu təklifim hələ də qüvvədədir.Azərbaycanda çox ağır sosial-iqtisadi vəziyyət mövcuddur. Belə bir ağır durumda hələ də Azərbaycan hakimiyyətinin istədiyimiz addımları  atmasını görmürük. Çünki Azərbaycan xalqını bu bəladan çıxarmaq üçün onların nə kadrları, nə iradələri, nə də proqramları var. Əslində proqramlar çoxdur, gözəl yazılır, ancaq onları həyata keçirənlər yoxdur.Həmin proqramları həyata keçirmək üçün lazım olan vəsaitləri də büdcədən oğurlayıb ciblərinə qoyurlar.Xalq da bütün bunları görür.Bu gün xalqın istəyi dəmir yumruqlu bir lider görməkdir. Düşünürəm ki, heç bir güzəşt, heç kimə amnistiya olmadan xalqın istədiyi kimi dəmir yumruqlu bir lider 2018-ci ildə ola bilər. Biz də 2018-ci ilə hazırlaşmalıyıq və hazırlaşırıq.Biz 2018-ci ildə birliyimizlə Azərbaycan xalqının istəyini, arzularını həyata keçirə bilərik. 2018-ci ili siyasi dəyişiklik ilidir. Bu dəyişiklik ilini elə liderimiz Əbülfəz Elçibəyin məzarı önündə elan etmək istəyirəm. Biz Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq 2018-ci ili siyasi dəyişiklik ili elan edirik və hakimiyyət iddiası ortaya qoyuruq. Azərbaycan xalqının hakimiyyətini bərpa etmək üçün bu, bizim son şansımız olsun. 2018-ci il siyasi dəyişiklik ilimizdir. Hər birimizə bu yolda birlik arzu edirəm və təbii ki, bu əzab, əziyyət tələb edən bir məsələdir, ona görə də hər birinizdən bu məsələdə ciddi səy göstərməyinizi rica edirəm”-deyə Razi Nurullayev çıxışında bildirmişdi.

Əslində, bu mesajların Əbülfəz Elçibəyin məzarı önündə verilməsi önəmli və vacib addım idi.Çünki Razi Nurullayev hər zaman Əbülfəz Elçibəy xəttinin davamçısı olduğunu bəyan edib və belə qəbul olunur.

Müxalifətə birlik təklifi...

AXCP prezident seçkisində iştirak edəcəyini bəyan etdikdən sonra bu istiqamətdə müəyyən addımlar atdı.Ölkədə fəaliyyət göstərən bir çox müxalifət partiyasına birlikdə mübarizə üçün müraciət edildi.Beynəlxalq Mətbuat Mərkəzində bununla bağlı geniş tərkibdə "dəyirmi masa” keçirildi."Dəyirmi masa”da bir sıra müxalifət nümayəndələri, ziyalılar iştirak etdi.Razi Nurullayev çıxışı zamanı yenidən müxalifəti birliyə çağırdı və 2017-ci ilin son gününə qədər bu istiqamətdə müzakirələrə açıq olduqlarını bəyan etdi.

Ancaq  bu çağırış da cavabsız qaldı. Seçki elan edildikdən sonra ənənəvi müxalifət müxtəlif bəhanlərlə seçkidə iştirakdan imtina etdi, real müxalifət isə ayrı-ayrılıqda öz namizədləri ilə seçki marafonuna qoşuldu.Hazırda ölkə seçki ərəfəsindədir və növbəti prezidentin seçilməsinə sayılı günlər qalıb.Artıq 15 nəfərin namizədliyi qeydə alınıb və imzatoplama kampaniyası davam edir.

AXCP-nin seçki marafonunda son durum

AXCP-dən verilən məlumata görə, artıq Razi Nurullayevin imzatoplama kampaniyası yekunlaşmaq üzrədir.Son müzakirələr gedir və bu günlərdə imza vərəqələri Mərkəzi Seçki Komisiyasına təqdim ediləcək.Razi Nurullayevin komandası artıq təbliğat-təşviqat kampaniyasına hazırlaşır.Görüləcək işlər, atılacaq addımlarla bağlı müzakirələr aparılır.Təbliğat-təşviqat kampaniyası ilə bağlı AXCP öz mövqeyini də açıqlayıb.

"Razi Nurullayevin təbliğat-təşviqat kampaniyasını geniş miqyasda həyata keçirməyi düşünürük.Bu, bizim üçün elə də çətin proses olmayacaq. Çünki AXCP fəaliyyəti dövründə respublika üzrə bütün rayonlarda konfrans, müxtəlif  tədbirlər və görüşlər keçirib. Artıq AXCP kabinetlərdə gizlənən partiyalar kimi fəaliyyət göstərməyəcək. Məqsədimiz hakimiyyəti dəyişməkdirsə, biz xalqın ayağına gedəcəyik. Ümumiyyətlə, vətəndaşları narahat edən problemlərin çözülməsi, regionların sosial-iqtisadi inkişafıyla bağlı partiyamızın geniş proqramı var. Bu, bizim seçki platformamızdan biri sayılır. Xalqın gözləntilərinə uyğun addım atacağıq”,- deyə partiyadan bildirilib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları