Yuxarı

Milli Şuranın "hesabat mitinqləri”

Milli Şuranın

İstər seçkiöncəsi, istərsə də seçkidən sonra kütləvi aksiyaların keçirilməsi ictimai-siyasi həyatın bir parçası hesab edilir. Siyasi partiyalar, seçki blokları kütləvi aksiyalarda öz platformalarını açıqlayır, tələblərini irəli sürür, vədlər verir, xalqdan dəstək qazanmağa çalışırlar. Bu baxımdan Azərbaycan da istisna deyil və insanların sərbəst toplaşmaq hüququ var. Mitinq, yürüş, piket kimi aksiyalar etirazın bir forması olduğu kimi, xaqla müxalifət, hətta xalqla iqtidar arasında ünsiyyətin bir forması kimi qəbul edilir. 

Təbii ki, söhbət həqiqi ünsiyyətə hesablanan mitinqdən gedir, hesabat xatirinə xalqın itirilmiş inamı üzərində keçirilən aksiyadan yox. Ənənəvi müxalifətin son illərdə keçirdiyi mitinqlər adətən, hesabat xarakterli olub. Amma hesabat xalqa verilməyib, hər bir aksiya adlandırılan şou üçün alınan maliyyə vəsaitinin hesabatı olub. Kimlərinsə qarşısında götürdükləri öhdəliklərin icrasına yönəlik mitinqlərlə xalqın inamını məhv edən "Yurd” da, onun törəmə təşkilatı olan Mili Şura da yenidən "hesabat aksiyalarına” ehtiyac duyub. Özləri deyib, özləri eşitdikləri, ara-sıra da əl çalıb şüar qışqırdıqları aksiyaların siyasi proseslərə heç bir təsirinin olmadığını, nəticəni dəyişdirməyə kifayət etmədiyini hələ aksiyadan çox-çox əvvəldən bilən "Yurd” da, Milli Şura da xalqın itirilən inamının bərpasının mümkünsüzlüyünü anlayır. Kütləvilik baxımından "mitinq kasadçılğı” bu dediklərimizi təsdiqləyir, ancaq görünür, hesabat istəyənlər ayaqlarını yerə möhkəm dirəyiblər ki, Milli Şura yenidən mitinq qərarı vermək məcburiyyətində qalıb. Öz hesabatına başqalarını da ortaq etməklə iştirakçı sayını artırmağın mümkünlüyünə olan ümidlərinin də doğrulmayacağını bilirlər, amma necə deyərlər, ümid sonda ölür. 

Özünə tanıdığı "haqla” özünü demokratik düşərgənin təmsilçisi adlandıran Milli Şura yenidən mitinq marafonuna başladığını elan edib. Martın 10-na təyin edilən mitinq həmişəki kimi "Məhsul” stadionunda baş tutacaq. Milli Şura bu dəfə mitinqi Müsavat Partiyası ilə birgə keçirməyi hədəfləyib, qeyd etdiyimiz kimi, iştirakçı sayında cüzi də olsa, artıma ümid edirlər. Əks halda, hər iki qurumun bir araya gəlməsi başqa heç bir şərt daxilində mümkün olmazdı və olmayacaq da.

Defakto Milli Şuraya rəhbərlik edən "Yurd” sədri Əli Kərimlinin illərdir ancaq xalqı aldatmağa, ümidlərini məhv etməyə, sonuncu insanı da "xərcləməyə” yönəlik siyasəti artıq bütün istiqamətlərdən yaxşı görünür. Əli Kərimlinin pərdələmə bacarığı da bu siyasətə kölgə sala bilmir, Kərimlinin imkanlarından böyük iddiasını təmin etmək üçün lazım gəlsə, xalqın, ölkənin, dövlətin mənafeyini belə qurban vermək bacarığı mübahisəsizdir. Mübarizəsində heç vaxt səmimi olmayan, daim xəyanətlə, siyasi yalanlarla gündəmə gələn Əli Kərimli də, onun nəzarətindəki Mili Şura da xalqı meydanlara çıxarmaq gücündə deyil. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin keçmiş rəhbəri Vüsal Qarayev "Cümhuriyət” qəzetinə şərhində mitinq üçün öncə insanların inamını qazanmağın vacib olduğunu deyib: 

"Hətta inkişaf etmiş ölkələrdə belə mitinqlər zaman-zaman gərəkli olur. Çünki mitinq toplumun tələblərinin yuxarı dairələrə çatdırılmasının ən təsirli vasitəsidir. Vətəndaşın haqsızlıq, ədalətsizliklə qarşılaşdığı ölkələrə gəldikdə isə mitinq daha da vacib amilə çevrilir. Ancaq keçirilən mitinq hesabat xatirinə olmamalı, kütləvi aksiya nəticəyə hesablanmalıdır. Təəssüf ki, biz son illərdə belə mitinqlərin şahidi olmamışıq. Bu gün insanlar mitinqlərə həvəs göstərmirlər. Çünki zamanında ənənəvi müxalifət, mitinq təşkilatçıları tərəfindən aldadıldıqlarını anlayırlar. Əslində haqsız da deyillər. Ənənəvi müxalifətin xalq arasında etibarı yoxdur, onlar ciddiyyətlərini çoxdan itiriblər. Belə olan halda kütləvi mitinqlərdən danışmaq yersizdir. Öncə xalqın inamını qazanıb, vətəndaşı ciddi təşkilatlandırıb, sonra mitinq qərarı vermək daha doğru olar. İştirakçısı olmayan, ancaq hesabat xatirinə keçirilən mitinqlər vətəndaşın olan-qalan inamını da sarsıdır. Hakimiyyət isə hər gün uğursuz mitinqdən sonra daha da arxayınlaşır, rahatlaşır. Xalqın ağır güzəranında dəyişən heç nə olmur. Vətəndaş konkret nəticə görmək istəyir. Biz AXCP olaraq buna çalışırıq. Oncə insanların inamını, etibarını, hörmətini qazanmaq lazımdır ki, sonra minitnqlər keçirmək mümkün olsun. Və biz leqal, etik mübarizə tərəfdarıyıq. Təəssüf ki, bu gün siyasi mübarizədə etik dəyərlərə hörmət edilmir, heç bir meyar gözlənilmir. Bu da xalqı daha da məyus edir, vətəndaşın ümidini qırır. Soyüşlə, trollar vasitəsilə virtual mübarizə bu ölkəyə heç nə qazandırmayacaq. İlk növbədə xalqın etibarını, inamını, qazanmaq lazımdır. Yalnız bu halda xalq adından danışıb, onun dəstəyinə güvənmək olar”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları