Yuxarı

Əli Kərimlinin söyüş maşını: Bu dəfə hədəfdə REAL var

Əli Kərimlinin söyüş maşını: Bu dəfə hədəfdə REAL var

REAL Hərəkatı Milli Şuranın təşkilatçılığı ilə keçiriləcək mitinqində iştirak etməyəcək. Hərəkat bəyanat yayaraq, bütün müxalifət partiyalarının qatılmadığı mitinqdə iştirak etməyin məqsədəuyğun olmadığını bildirib. Lakin REAL-dan fərqli olaraq, Milli Şuranın müraciət etdiyi digər siyasi partiya - Müsavat təşkilatçılardan biri kimi mitinqə qatılacaq.

Milli Şuranın sədri Cəmil Həsənli ənənəvi düşərgə və müxalif cameədən yalnız iki siyasi quruma müraciət etmişdi ki, bu müraciətə yalnız bir siyasi partiya cavab verdi. Seçkiləri boykot edən "Yurd”, qatılmayacağını açıqlayan Müsavat və REAL Hərəkatından fərqli olaraq Klassik Xalq Cəbhəsi Partiyası, ADR Hərəkatı və digər ictimai-siyasi  təşkilatların heç birinə müraciət göndərilmədi. REAL yetkililərinin  mitinqə qatılmamağının səbəbi ilə bağlı gətirdikləri arqument bu idi ki, birgə mitinq qərarı bütün müxalifət partiyalarının ümumi müzakirəsindən sonra verilməliydi. Bu baxımdan,  sözügedən təşkilatın qənaəti budur ki, mitinq kimlərinsə şəxsi mənafelərinə xidmət edir. Yəni, bu nümayişlər seçkilərin saxtalaşdırılacağı ehtimalına qarşı müxalifət və cəmiyyətin birgə etiraz aksiyası olmayacaq.

REAL hədəfdə

REAL Hərəkatının mitinqdə iştirak etməyəcəyi rəsmi qaydada dəqiqləşdiyi gündən "Yurd” və Milli Şura tərəfdarları sosial şəbəkələrdə sözügedən təşkilata və sədri İlqar Məmmədova qarşı kampaniyaya başladılar. Saxta profillərin, "trollar”ın "real-çılar”ı, həbsdə olan İlqar Məmmədovu  söyüş və təhqir marafonuna Əli Kərimlinin müavinləri, Milli Şura yetkililəri ilə yanaşı, müsavatçılar da qoşulublar. REAL hakimiyyətə işləməkdə ittiham edilir, hərəkat yetkililəri siyasi sifarişləri yerinə yetirməkdə suçlanır, həbsdə olan İlqar Məmmədov açıqdan-açığa söyülür, təhqir edilir. Elə ifadələr seçilir ki, onların işlədilməsi nəinki siyasi mübarizə əxlaqına, bütün insanı davranışlara ziddir. 
Milli Şura, Müsavat və "Yurd” təşkilatlarının rəhbərliklərində təmsil olunan şəxslərin açıq formada REAL-ı hədəf aldırmaları o ehtimalı gücləndirir ki, "söyüş kampaniyası”nın startı mitinq təşkilatçılarının müzakirəsindən sonra verilib. Yəni, bu məqsədyönlü şəkildə aparılan əks-təbliğatdır. Beləliklə, Feysbuk-da keçirilmiş virtual səsvermədə İlqar Məmmədova məğlub olduğu üçün bir müddət əvvəl REAL-a qarşı kampaniya başladan Əli Kərimlinin əlinə bu təşkilatı və İlqar Məmmədovu qaralamaq üçün yeni fürsət düşüb. Həmin dönəmdə "yurdçular” " virtual seçkinin YAP tərəfindən saxtalaşdırıldığını əsas gətirərək, Əli Kərimlinin qəsdən İlqar Məmmədov qarşısında məğlub duruma düşürüldüyünü iddia edirdilər. REAL və bütün müxalifət cameəsi bu ittihamları gülüşlə qarşılayırdı. Bu, hətta Əli Kərimli barədə gülməli lətifələrin yaranmasına səbəb olsa da "yurdçular” öz biabırçı əməllərindən çəkinmək yerinə, söz savaşını açıq qarşıdurma həddinə qaldıracaq addımlar atırdılar. Lakin REAL-ın davamlı susqunluğundan sonra Əli Kərimli tərəfdarları öz qınlarına çəkilərək səslərini kəsdilər.

Dünən düşmən idilər, bu gün isə....

Əli Kərimlinin əlinə növbəti dəfə REAL-ı "vurmaq”, "vurdurmaq” üçün fürsət düşüb. Onun bu fürsətdən lazım olan məqama qədər istifadə edəcəyi dəqiqdir. Lakin burada məsələ "Yurd” və Milli Şura tərəfdarlarının REAL-a qarşı hücumları deyil, məsələ, Əli Kərimlinin öz yanında yer almayan müxalifət təşkilatlarına qarşı olan antipatiyasıdır. Təsəvvür etmək çətin deyil ki, bir neçə gün əvvəl Müsavatı da hakimiyyətə işləməkdə, Milli Şuraya xəyanətdə ittiham edən "yurdçular” indi bu partiyaya tribunanın ən yüksək yerində niyə yer veriblər. Halbuki bir neçə gün əvvəlki söz davasında Arif Hacılının müavinləri və müşavirləri mətbuata açıqlamalarında az qala Əli Kərimlini söyürdülər. Əli Kərimlinin özü isə açıq formada Müsavatın indiki və keçmiş rəhbərliyini satqınlıqda ittiham etmişdi. Müsavat mitinq müraciətinə "hə” deyəndən sonra mehriban düşmənlər yenidən məcburi də olsa, bir araya gələrək, bir-birilərini tərifləməyə başlayıblar. Bəs, necə oldu ki, vaxtilə Milli Şuranı dağıtmaqda ittiham etdiyi Müsavat Əli Kərimli üçün bir anda şirin kökəyə çevrildi? Əlbəttə, söhbət şəxsi qazanclardan gedirsə, ən pis söyüşlərə rəğmən, "Yurd” sədri də Müsavat başqanının əlini sıxmağa, hətta öpməyə həmişə hazırdır.

Mənsur





Həftənin ən çox oxunanları