Yuxarı

Seçki-2018: Namizədlərə də qadağalar var

Seçki-2018: Namizədlərə də qadağalar var

11 aprel prezident seçkilərində namizədlərin qeydə alınması prosesi başa çatıb. Artıq 19 mart saat 08:00-dan etibarən prezident seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilib.

Qeyd edək ki, seçkilərdə namizəd olmaq üçün müraciət edən 15 nəfərdən 8-i qeydə alınıb. Bunlar hakim Yeni Azərbaycan Partiyasından (YAP) İlham Əliyev,  "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş  Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev,  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Demokrat Partiyasından (ASDP) Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasından (MDHP) Fərəc Quliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Zahid Oruc və Azərbaycan Demokrat Partiyasıdan (ADP) Sərdar (Cəlaloğlu) Məmmədovdur.

Artıq seçkiqabağı təşviqat kampaniyası başlayıb. Maraqlıdır, namizədlərin hansı  hüquqları var? Prezidentliyə namizədlər çıxışlarında nələrə diqqət etməli, hansi söz və ifadələrdən çəkinməlidirlər?
Qeyd edək ki,  prezidentliyə qeydə alınan namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan” qəzeti, ”Xalq qəzeti” və "Bakinski raboçi” qəzetlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılıb. Namizədliyi qeydə alınanlar üçün 10 dəqiqəlik ödənişsiz efir vaxtı veriləcək. 

Namizədlərin təbliğat-təşviqat kampaniyasının necə və hansı şərtlərlə aparılması Seçki Məcəlləsinin 78-ci maddəsində öz əksini tapır. Belə ki, 77-ci maddə, "Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılmasının ümumi şərtləri” aşağıdakı kimi göstərilib:

78.1. Bu Məcəllənin 77.1 və 77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına müqavilə əsasında dəyəri ödənilən efir vaxtı və dövri nəşrlərdə yer ayırmaq hüququna malikdirlər.

78.2. Ödənişin məbləği və şərtləri müvafiq olaraq qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır.

78.3. Müvafiq teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları efir vaxtı verilməsinin və dövri nəşrlərdə yer ayrılmasının mümkünlüyü barədə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına, Mərkəzi Seçki Komissiyasına, dairə seçki komissiyasına göndərilən bildirişlə yanaşı, ödənişin məbləği barədə məlumatı da seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən ən geci 30 gün ərzində dərc etməlidirlər.

78.4. Özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təşviqat materiallarını dərc etməkdən imtina edə bilərlər. Özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təbliğatla bağlı materialların dərc edilməsinə məcbur edilə bilməzlər. Bu cür materiallar dərc edilirsə, dərc edilmə şərtləri bütün namizədlər, siyasi partiyalar və referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır (bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövri nəşrlər istisna olmaqla).

Namizədlərə qadağandır...

Namizədlərə həmçinin hərbi hissələrin, hərbi təşkilatların və idarələrin ərazisində seçkiqabağı təşviqat aparılması qadağandır. Bununla yanaşı, seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd yerləşdirilməsi qadağandır. Namizədlərin keçirdikləri yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır. Seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır. Əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqat qadağandır.

Namizədlərin seçki fondlarına könüllü ianə ayırmaq yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir: Xarici dövlətlərə və xarici hüquqi şəxslərə; xarici vətəndaşlara; vətəndaşlığı olmayan şəxslərə; 18 yaşına çatmamış vətəndaşlara;  90.2.5. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında bu Məcəllənin 90.2.1, 90.2.2 və 90.2.3-cü maddələrində göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə; beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara; dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına; dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə; seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə; hərbi hissələrə; xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara; 

Namizədlər bunları edə bilər

Seçkiqabağı təbliğat-təşviqat üçün qeydə alınmış namizədlər xüsusi olaraq ayrılmış yerlərdə tədbirlər keçirə, regionlarda görüşlər təşkil edə bilərlər. Dövlət orqanları, bələdiyyə qurumları qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində və keçirilməsində kömək etməlidirlər. Qeyd edək ki, seçki komissiyalarının sifarişi ilə dövlət və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı tədbirlərin keçirilməsi üçün yararlı yer (bina, otaq) qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçki komissiyası ilə razılaşdırdıqları vaxtda seçicilərlə görüşlər üçün istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz verilir.

Qeydə alınmış namizədlər həmçinin seçicilərlə görüşlər, yığıncaqlar, digər seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün, mülkiyyət formasından asılı olmayaraq, vətəndaşlara və təşkilatlara məxsus bina və otaqları müqavilə əsasında icarəyə götürmək hüququna malikdirlər.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları