Yuxarı

Aprel islahatları kimləri "aparacaq”?

Aprel islahatları kimləri

Ölkə 11 aprel prezident seçkilərinə hazırlaşır. Martın 19-dan  prezidentliyə  namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib. Namizədlərin teledebatlarda çıxışlarından  belə bəlli olur ki, seçkidən sonra ölkədə ciddi kadr islahatları aparılacaq. İlk olaraq bir sıra rayon icra hakimiyyəti başçılarının vəzifələrini itirəcəyi gözlənilir. Ölkə prezidenti İlham Əliyevin pambıqçılığın inkişafına dair Bərdədə keçirdiyi ümumrespublika müşavirəsində bir sıra icra başçılarının işlərindən razı olmadığını bildirib və konkret adlar çəkib.  Dövlət başçısı çıxışı zamanı pambıqçılıqda yüksək məhsuldarlığa nail olmayan rayonların adlarını açıqlayıb.

"Elə rayonlar var ki, məhsuldarlıq 10 sentnerdən də aşağı olub. Mən onların da adlarını çəkmək istəyirəm ki, onlar həm nəticə çıxarsınlar, həm də gələcəkdə öz işlərini daha düzgün qursunlar. Beləliklə, aşağıdan birinci yerdə Neftçala rayonudur - 8,2 sentner. Aşağıdan ikinci Hacıqabul - 8,3, Samux - 8,8, Ucar - 9,3, İmişli - 9,7 sentner. Mən məhsuldarlıq 10 sentnerdən aşağı olan rayonların adlarını çəkdim. Digər rayonlarda 10 sentnerdən çoxdur”-  İlham Əliyev müşavirədəki çıxışında belə deyib. Bir sıra rayon rəhbərlərinə ölkə başçısı səviyyəsində xəbərdarlıq olunması, onların yaxın zamanlarda, yəni, prezident seçkilərindən sonra öz postları ilə vidaşaması ehtimalını artırır. Ümumiyyətlə, seçkinin nəticəsindən, yəni prezident seçiləcək şəxsin kimliyindən asılı olmayaraq kadr islahatları aparılacağı bəllidir və bu siyahıda ilk olaraq kimlərin adının olacağı müzakirə mövzusudur. Namizədlər çıxışlarında kadr islahatlarının anonsu verilir.  Deməli, bütün hallarda kadr islahatları qaçılmazdır. İndiki prezident İlham Əliyev də yenidən seçilərsə, kadr dəyişiklikləri təkcə icra hakimiyyətləri ilə yekunlaşmayacaq. Seçkilərdən sonra ciddi dəyişiklərin olacağı istisna deyil. Təbii ki, mövcud iqtidardan fərqli olaraq, digər namizədlər qələbə qazandıqları təqdirdə hakimiyyətə öz komandaları ilə gələcəklər. 

Hələlik görünən odur ki, mövcud iqtidar növbəti dəfə hakimiyyətdə qalarsa belə, bəzi məmurlar postlarından göndəriləcək. Bu, həm də idarəetmənin optimallaşdırılması, büdcə xərclərinə qənaət proqramı ilə bağlı  olacaq. Bir sıra büdcə təşkilatlarının, komitələrin və bəzi nazirliklərin ləğv olunması və ya birləşdirilməsi məsələsi artıq uzun zamandır ki, gündəmdədir. Hətta hökumət rəsmiləri özləri də bu prosesin aparılacağını istisna etmirlər.

Yarıtmaz fəaliyyət göstərən, üzərinə düşən məsuliyyəti tam şəkildə dərk və icra etməyən məmurlar kifayət qədərdir və onların vəzifədə qalması ölkənin inkişafına və imicinə ciddi zərbə vurur. Bu prosesin "qurbanına” çevrilmək ehtimalı yüksək olan şəxslər isə ilk növbədə adı iclaslarda çəkilən məmurlar olacaq. Yəqin ki, bunu adları tez-tez hallanan məmurların özləri də bilməmiş deyillər.

Seçkilərdən sonra veriləcək qərarlar hər bir düşərgədə, istər siyasi, istərsə də cəmiyyətdə böyük maraqla gözlənilir. 

Digər önəmli məsələ isə büdcə vəsaitlərinin səmərəsiz xərclənməsidir ki, bunun da məsuliyyətini daşıyan məmurlara "yol” görünəcək. Bu proses bir müddət öncə Beynəlxalq Bank ətrafında baş verənlərdən sonra başlanılmışdı. Ölkədən qanunsuz olaraq milyardlarla vəsaiti çıxaran şəxslər haqqında qərar verildi. Ancaq ehtimal olunur ki, bu proses də davam etdiriləcək. Xüsusilə, banklara "krişalıq” edən məmurların "vurulacağı” istisna edilmir.

Hazırda seçki marafonu davam edir və bu proses 11 apreldə  bitəcək. Cəmiyyəti düşündürən bütün suallara məhz 11 apreldən sonra tam şəkildə aydınlıq gətiriləcək. Təxminən 15 gündən sonra kimin gedəcəyi, kimin isə qalacağı məlum olacaq. Bu müddət ərzində isə kreslosu laxlayanlar özlərinə xal qazanmağa çalışacaq. Ancaq uzun illərdir vəzifədə ola-ola etimad qazana bilməyənlərin 10-15 gün ərzində nəyəsə nail olacağı çox aşağı ehtimaldır. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları