Yuxarı

Seçkinin kölgəsində qalan ənənəvi müxalifət

Seçkinin kölgəsində qalan ənənəvi müxalifət

Prezident seçkilərinə start veriləndə ənənəvi müxalifət ciddi-cəhdlə özünün siyasi səhnədə varlığını sübut etməyə çalışdı. Sonradan bəzi müzakirələrdə seçkilərlə bağlı müxtəlif fikirlər sələndirildi və nəticədə ənənəvilər seçkidə iştirak etməkdən imtina etdi. Bundan öncə isə siyasi şərhçilər ənənəvi müxalifət üçün bu seçkilərin son şans olduğunu deyirdi. Ənənəvi müxalifət seçkidə iştirak etsəydi, bu, onların siyasi səhnədə daha br müddət qala bilməsinə müəyyən qədər kömək olardı. Ancaq ənənəvi müxalifət seçkini boykot etməklə onsuz da kölgədə qalan simalarını tamamilə unutdurdular.

Reallıq ondan ibarətdir ki, hazırda ənənəvi müxalifət heç kimin yadına düşmür. Bu düşərgə siyasi proseslərdən tamamilə kənarda qalıb, özünü hər vəchlə bu proseslərə pərçim etmək cəhdləri də nəticə vermir. "Yurd” sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının rəhbərləri və digərləri artıq siyasi səhnədə yoxdur. Digər tərəfdən, ənənəvi müxalifət cəmiyyət tərəfindən çoxdan boykot olunub, onlar bu reallıqla barışmasalar da bu, heç nəyi dəyişmir. Ənənəvilər siyasi səhnədə qalmaq üçün müxtəlif addımlar atsa da, effektli olmur. Martın 10-da keçirilən mitinq, sosial şəbəkələrdəki vaxtaşırı canlı yayımlar, videoçıxışlar da onları xilas edəcək qəbildən deyil. Faktiki olaraq ənənəvi müxalifət liderləri prezident seçkilərində iştirak edən müxalifət təmsilçilərinin kölgəsində qalıb. Bu gün cəmiyyətin diqqəti bütövlükdə seçki prosesinə yönəlib. Seçki prosesində iştirak edən müxalifət təmsilçiləri bu gün hər kəs tərəfindən diqqətlə izlənilir, onların debatda səsləndirdiyi fikirlər cəmiyyətdə ciddi müzakirə olunur. Görünən odur ki, bu namizədlər ənənəvi müxalifəti kölgədə qoyublar. Maraqlıdır ki, seçkini boykot etdiklərini deyən ənənəvi müxalifət təmsilçiləri, özəlliklə də Milli Şura və "Yurd” rəhbərləri hər çıxışında seçkidən danışırlar. Əslində boykot qərarı verən şəxslərin seçkidən bütün çıxışlarında danışması da anlaşılan deyil. Çünki öz təbirlərincə desək, seçki onlar üçün maraqsız olmalıdır və ya ən azından belə görüntü yaratmalıdırlar. Eyni zamanda, siyasi kursda da bir sabitlik olmalı, siyasi etikaya uyğun davranış sərgilənməlidir. 

Milli Şura və Müsavat Partiyasının mart ayı üçün nəzərdə tutduqları mitinqlər də iflasa uğrayandan sonra növbəti dönəm üçün bəhanələr axtarışı başlayıb.10 martda keçirilən mitinqdən öncə bunun müəyyən qədər təbliğatı qurulsa da, nəticədə ondan əvvəlkilərlə heç nə ilə fərqlənmədi. 

Əslində ənənəvilərin mitinq strategiyası da yanlışdır. Çünki seçkini boykot edib, ardınca mitinq qərarı vermək doğru yanaşma deyil. Milli Şura və Müsavat Partiyası növbəti mitinqi 31 marta təyin edib. Ancaq demək olar ki, bu haqda ümumiyyətlə, danışılmır. Məlumdur ki, mitinq qərarı onların siyasi səhnədə varlığını sübut etməyə hesablanıb. Ənənəvi müxalifət bu təcrübədən dəfələrlə istifadə edib. Məsələ ondadır ki, mitinqlərin heç biri gözlənilən effekti verməyib. Əslində mitinqə gələnlərin sayının az olması və mitinqdən-mitinqə daha da azalmasının əsas səbəbi məhz budur.

Monoton çıxışlar, dəyişilməyən müxalifətçilik iddiası artıq cəmiyyət tərəfindən qəbul edilmir. Ancaq ənənəvi müxalifət liderləri hələ də köhnə üsullardan istifadə edərək nəyəsə nail olmağa ümid edirlər. Özləri kimi yanaşmaları da ənənəvi olan şəxslərin iddiası hakimiyyət yox, müxalifətdə qalaraq şəxsi maraqlarını həyata keçirməkdir. Lakin ənənəvi müxalifətin bütün cəhdlərinə baxmayaraq, dəyişən heç nə yoxdur. Görünən odur ki, ənənəvi müxalifət üçün artıq siyasi səhnənin son pərdəsidir. Seçkilərdən sonra pərdə bağlanacaq və ənənəvi müxalifət tarixin arxivinə gedəcək.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları