Yuxarı

Kremldən Qarabağa dair yeni təkliflər

Kremldən Qarabağa dair yeni təkliflər

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsdəri Metyru Brayza Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ilə bağlı ilginc iddia irəli sürüb. "Cümhuriyət” qəzeti xəbər verir ki, diplomatın Qarabağ problemi ilə bağlı Azərbaycanın lehinə olan təklifləri var. Brayza hesab edir ki, 2016-cı ilin aprelində Qarabağ cəbhəsində baş verən döyüşlərdən sonra Rusiya prezidenti Vladimir Putinin konfliktin həllində vasitəçiliyi stimullaşdırıldı.

Keçmiş səfirin sözlərinə görə, Vladimir Putin ilk olaraq cəhd etdi ki, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olmadan təşəbbüsü ələ alsın: "Sonradan ABŞ və Fransa bu səylərə inteqrasiya olundu. Azərbaycanın aprel döyüşlərində hərbi əməliyyatlarla öz ərazilərini geri qaytarması bir çox beynəlxalq müşahidəçini təəccübləndirdi və bu, onu göstərdi ki, Azərbaycan ordusu həqiqətən də lazımi islahatları uğurla həyata keçirib.Üstəgəl, Putin Azərbaycanın əleyhinə olmayan konstruktiv təkliflər vermişdi, lakin Ermənistan bunu qəbul etməkdən boyun qaçırdı.2016-cı ilin iyul ayında etirazçılar İrəvanda polis binasını tutub, bir neçə nəfəri girov saxladılar.Bununla Qarabağla bağlı təkliflərə qarşı çıxdıqlarını bəyan etdilər”.

Şoyqunun Bakıya sürpriz zəngi

Həqiqətən də aprel döyüşlərindən sonra o məsələ gündəm mövzusuna çevrilmişdi ki, Rusiya tərəfindən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın lehinə həll edilməsinə dair təkliflər verilib.Həmin vaxt Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya gözlənilməz zəngi bu məsələ ətrafında ilginc ehtimalları qızışdırmışdı.Brayzanın döyüşlərin 2-ci ildönümündə verdiyi açıqlama bu məsələni yenidən gündəmə çıxardı ki, həmin vaxt Şoyqu məhz Putinin Azərbaycanın lehinə olan təkliflərini Bakıya çatdırmaq müqabilində qarşıdurmanın dayandırılmasında vasitəçilik edib. Təkliflərin detalları məlum olmasa da döyüşlərin getiyi vaxt ağır itkilər verən Ermənistanın prezidenti Serj Sarkisyanın kompromisə hazır olduqlarını bəyan etməsi bu gün o ehtimalı sübut edir ki, həmin dönəmdə rəsmi İrəvan Moskva tərəfindən ciddi tənbeh edilib və Putinin yeni təkliflərinə razı salınıb. Lakin danışıqların sonrakı mərhələsində münaqişənin həll prosesində müsbət irəliləyiş olmasa da isti yay aylarında təkliflərin yenidən masaya yatırılacağı gözlənilir.Bununla da o ehtimal reallaşır ki, Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra Qarabağ münaqişəsi üzrə danışıqların həlledici mərhələsi başlayacaq. Xatırladaq ki, bir müddət əvvəl Polşada erməni həmkarı Edvard Nalbandyanla görüşdükdən sonra sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da, münaqişə ilə bağlı hər iki tərəfi razı salan variantın olduğunu demişdi.

Putinin təklifləri nədən ibarətdir?

Putinin yeni təkiflərinə gəlincə, analitiklər də münaqişənin Azərbaycanın lehinə həll edilməsi ilə bağlı Moskvanın şərtlərinin olduğunu istisna etmirlər.Bu da problemin mərhələli həll prosesinə girdikdən sonra ilkin addımlar atılıb - 6 rayonun Azərbaycana qaytarılmasıyla Dağlıq Qarabağın aralıq statusunun müəyyən edilməsi ilə həlledici mərhələnin başlayacağı ehtimallarını təsdiq edir.Növbəti mərhələdə də münaqişədə "açar tərəf” olan Rusiyanın Qarabağa Azərbaycanın suverenliyi daxilində statusun verilməsinə razılıq verməsi müqabilində Bakı qarşısında qoyduğu şərtlərin yerinə yetirilməsi ilə bağlı addımların atılacağı şübhəsizdir. Ehtimal etmək olar ki, Dağlıq Qarabağa Azərbaycan daxilində status o halda veriləcək ki, Azərbaycan Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olmağa razılıq verəcək və bu istiqamətdə ilk addımı atacaq. Bu məsələdə münaqişə üçün mərhələli həllin təklif edilməsi ona hesablana bilər ki, 6 rayon rəsmi Bakının nəbzini yoxlamaq üçün qaytarılacaq.Prosesin bundan sonrakı gedişatında isə digər məsələlərin həllinə baxılacaq.Əlbəttə, bununla bağlı Rusiyanın Azərbaycandan qarantiya almağa çalışacağı da dəqqiqdir.

"Putinin şərtləri var”

Politoloq Vasif Əfəndi "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Metyu Brayzanın gündəmə gətirdiyi məsələ bugünkü reallığı əks etdirmir. Politoloq qeyd edib ki, bu məsələ aprel döyüşləri ərəfəsində gündəmə gəlsə də, sonradan guya "Ermənistan bu təkliflə razı deyil” bəhanəsi gətirildi və mövzu qapandı:

"Əslində Metyu Brayza bundan əvvəlki çıxışında Qarabağın işğaldan azad olunması ilə bağlı daha maraqlı fikirlər irəli sürdü. Həmin çıxışında Brayza ilk növbədə BMT-nin 4 qətnaməsini xatırladır və işğalıçının torpaqları azad etməsinin vacibliyini vurğulayır. Diplomat Qarabağ, Dnestryanı bölgə, Krım, Abxaziya və Cənubi Osetiyanın işğal edilməsinin arxasında Rusiyanın dayandığını bildirməklə yanaşı, Suriyada qruplaşan İŞİD terrorçularının da bu ölkəyə bağlılığının olduğunu iddia edir. "Qroznısayaq siyasətə sivil dünyada yer yoxdur”, ifadəsinin müəllifi də Metyu Brayzadır”.

Vasif Əfəndi hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın lehinə həll edilməsi üçün Putinin Bakıdan tələbləri var:

"Rusiya istəyir ki, Dağlıq Qarabağ Rusiyanın idarəçilyində hüquqi statusa malik olsun. Digər yandan, Azərbaycan sərhədlərinin Rusiya qoşunları tərəfindən qorunmasının təmin edilməsi ilə yanaşı, Rusiya Azərbaycanda öz hərbi bazasını qurmaq niyyətindədir.Azərbaycanın Avrasiya İttifaqına daxil olması və Azərbaycan neft sektorunun tamamilə Rusiyanın inhisarına keçirilməsi niyyəti də, Moskvanın şərtlərinə daxildir”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları