Yuxarı

Namizədlər ATƏT-i hədəfə aldı

Namizədlər ATƏT-i hədəfə aldı

11 aprel prezident seçkiləri ilə bağlı namizədlərin təşviqat kampaniyası davam edir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyası seçki kampaniyası ilə bağlı aralıq hesabat yayıb. "Seçki kampaniyası hal-hazırda ümumiyyətlə, zəif hiss olunur", ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyasının növbədənkənar prezident seçkisi ilə bağlı ilk aralıq hesabatında belə deyilir. Maraqlıdır, seçki kampaniyasını zəif hesab etmək olarmı? Hər namizəd nə qədər görüş keçirib? Bu suallarla prezidentliyə namizədlərin seçki qərargahına müraciət etdik.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, "Cəbhəçilərin Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullayevin seçki qərargahından Vüsal Qarayev "Cümhuriyət” qəzetinə açıqlamasında bu hesabatı qərəzli hesab etdiklərini deyib: 

"Mən bilmirəm ATƏT hansı ölkələrlə müqayisədə bu hesabatı yayıb. Onun üçün də konkret bu fikrə münasibət bildirə bilməyəcəm. Ümumilikdə isə mən öz fəaliyyətimiz noqteyi-nəzərindən deyə bilərəm ki, bizim təşviqat kampaniyamızı zəif hesab etmək haqsızlıq olar. Bütün partiya seçki kampaniyasına səfərbər olunub. 

Bu günə kimi Razi Nurullayevin Abşeron, Quba, Sumqayıt, İmişli, Masallı, Şamaxı rayonlarında seçicilərlə görüşləri olub. Bundan əlavə Razi Nurullayev mütəmadi paytaxt gəzintilərnə çıxır, şəhərin ayrı-ayrı yerlərində, bazarlarda olur, sakinlərlə söhbətlər edib, onların problemlərini dinləyir, suallarını cavablandırır. Kampaniyanın bitməsinə sayılı günlər qalsa da, qısa zamanda daha bir neçə rayona səfərlər planlaşdırmışıq. Bunların içərisində Bakının bir neçə rayonu ilə yanaşı, Zaqatala da var. Yəni biz əlimizdən gəldiyi qədər seçkiqabağı təşviqat kampaniyasını aktiv şəkildə aparırıq. 

Ola bilsin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyası digər namizədlərin də fəaliyyətini nəzərə alaraq bu qənaətə gəlib. Həqiqətən də hazırda namizədlər içərsində ən aktivi Razi Nurullayevdir. Digərlərinin fəaliyyətini mən də zəif hesab edirəm”.

Milli Dirçəliş Hərəkatı Partiyasından prezidentliyə namizəd Fərəc Quliyevin seçki qərargahından missiyanın hesabatını qəbul etmədikləri bildirib: 

"Bu komissiya məsələləri öz arşınları ilə ölçür. Demək olar ki, biz dayanmadan görüşlər keçirmişik. Bakıda qaçqın və məcburi köçkünləri qəbul etmişik. Biləsuvarda qaçqın şəhərciyində olmuşuq, Keşlədə görüş keçirmişik. Bu həftə 2 görüş keçirəcəyik. Teledebatlar oldu. Avtomobillərimiz təşviqat kampaniyası ilə məşğul olur. Naxçıvana qədər gedib çıxmışıq. O komissiyaya sual edirik, təşviqat kampaniyasını necə zəif hesab edə bilərsiz? Əgər zəif və ya güclü olmasında belə maraqlıdırlarsa, keçirdiyimiz görüşlərə gəlib baxardılar. Ofisdə oturublar, çölə çıxmaq istəmirlər. Biz bu iradları qəbul etmirik və seçki kampaniyasını zəif saymırıq”.

Müstəqil namizəd Zahid Orucun seçki qərargahı isə ATƏT-in realist mövqedən çıxış etmədiyini bildirib: 

"Namizədlərin fəaliyyətini qiymətləndirmək üçün gərək ATƏT-in Azərbaycanda 100 minə yaxın müşahidəçisi olsun və daima bizim yanımızda olub müşahidə aparsınlar. Biz qarşımıza nəyi məqsəd qoymuşuqsa, o, yöndə fəaliyyətimizi qururuq. Siz görmüsüzmü, Fransa prezidenti Makronu qınasınlar ki, niyə ancaq Parisin ətrafında görüşlər keçirmisən? Biz cəmiyyətə mesajlarımızı çatdırdıq. Realist yanaşan, hətta namizədlərə güclü yanaşmayan şəxslər də deyir ki, debatlarda çoxlu faydalı ideyalar səsləndi. Cəmiyyət həyatı isə seçki kampaniyası müddətinə xeyli əhəmiyyətli təkliflər oldu. Qarabağ savaşından tutmuş dövlət quruluşuna qədər müxtəlif müzakirələr oldu. Yeni rüşeymlər yarandı. Hətta bəyənmədikləri hallar belə insanları düşündürdü. Buna görə də çox arzulayırıq ki, ATƏT-in nümayəndləri də bu məsələdə realist mövqedən çıxış etsinlər. Biz onları ötən görüşlərimizə çağırdıq. Növbəti görüş Bərdə rayonunda olacaq. İsrarla onları görüşə dəvət etmişik. Hətta xaiş etmişik ki, BMT-nin nümayəndələrini də çağırsınlar. Biz onlara göstərəcəyik ki, Qarabağda görüşlər keçirmək, hətta hökumətin fəaliyyətini ən kəskin formada tənqid etmək imkanına sahibik”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları