Yuxarı

Azərbaycan siyasətində yeni mərhələ

Azərbaycan siyasətində yeni mərhələ

Razi Nurullayev: "Təkliflərimi seçilən hər hansı namizədlə bölüşəcək və həyata keçirilməsinə çalışacağam”

Azərbaycan siyasətinin sivil müstəviyə daxil olması, cəmiyyətin inkişafı günümüzün və dövrün ən mühüm tələblərdindəndir. Zaman-zaman qarşılıqlı radikal ittiham və barışmazlıq cəmiyyətdə ciddi çat yaradıb. Əslində cəmiyyət sivil münasibətlər gözləyir. İstər iqtidar, istər müxalifət cəmiyyətin bu gözləntisini dəyərləndirməklə birlik və həmrəylik nümayiş etdirə bilər. Daha dərin qatda hər iki tərəfin də bunu istədiyi aydındır. Elə o səbəbdən də cəmiyyətdə iqtidar-müxalifət münasibətlərinin ən azı bundan sonra sivil formada davam etdirilməsi müzakirə mövzusuna çevrilib.  

Radikalizmin qanadı altında saxlananlar 

Son zamanlar iqtidar-müxalifət münasibətlərindəki sivil əlaqələrin formalaşması "Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevin timsalında yenidən müzakirəyə çıxarılıb. Demək olar ki, bütün debatlarda, çıxış və müsahibələrində Razi Nurullayev bu məsələyə toxunur, Azərbaycanın inkişafının iqtidar-müxalifət münasibətlərinin yeni müstəvidə formalaşmasından keçdiyini bəyan edir. 

Prezidentliyə namizəd bununla cəmiyyətin

 istəyini, amma çoxlarının deyə bilmədiyini gündəmə gətirir. Hər kəsə aydındır ki, bu günə qədər iqtidar-müxalifət münasibətlərində yaranan uçurumun əsas səbəbkarı radikal mübarizə və mübarizədən mənafelərini kullanan radikal müxalifətdir. Təbii ki, hökumətin içində də radikal münasibətlərin olmasından qazananlar var, amma bu radikalizm daha çox ənənəvi müxalifətin işinə yarayıb. Ənənəvi müxalifətin varlığını qorumaq üçün radikal münasibətlər bir növ qoruyucu qılafa çevrilib və bu adamların illərlə mövcud olmasının əsas səbəbi olub. 

Dünya təcrübəsini Azərbaycana daşıyacaq siyasət

Bəs dünyada bu münasibətlər necədir? Doğrudanmı iqtidar-müxalifət münasibətləri siyasi mübarizəni aşıb, sivil münasibətləri deqradasiyaya uğradıb radikalizmimi özündə ehtiva edir? Digər ölkələrin təcrübəsinə baxanda, Razi Nurullayevin yanaşmasının doğru olduğu görünür. Məsələn, qardaş Türkiyə və eləcə də Avropa ölkələrində iqtidar-müxalifət münasibətlərinin sivil müstəvidə formalaşması, siyasilərin radikallıqdan uzaq olmasının siyasi müstəvidə və ölkənin siyasi-iqtisadi inkişafındakı rolu açıq şəkildə görünür. 

Bütün bunları nəzərə alsaq, Razi Nurullayevin də dediyi kimi, radikal mübarizənin heç bir effekt vermədiyini görmək mümkündür.

25 ilə qurban gedənlər 

Uzun illər Azərbaycanın siyasi həyatında ənənəvi  siyasətini dəyişməyənlər və özlərini əsl müxalifət adlandıranların radikalizmini yaşamışıq. Amma bu düşüncə və mübarizənin xalqa, cəmiyyətə bir xeyri olubmu? Təbii ki, yox! 25 ildən artıq bir müddətdə eyni adamlar, eyni sözlər, eyni ittiahmlar və eyni mübarizə taktikası əks effekt verib. Sosial baza dağıdılıb, insanlar pərən-pərən salınıb, əvəzində isə özlərini müxalifət lideri sayanlar və saf, təmiz mübarizə adamlarını aldadanlar müxtəlif yollarla var-dövlət sahibi olublar.  Reallıq budur ki, hətta indiki hakimiyyət olmasa belə, heç bir iqtidar  radikalları özlərinə yaxın buraxmazlar.  Əksinə, onların radikallığından öz siyasətlərinin davamlı olması üçün faydalanarlar. 

Radikalizmin dövlətə və xalqa yaxşı heç nə vəd etmədiyi aydındır və tarixin təcrübəsində dəfələrlə təkrarlanıb. Bu gün ölkədə ciddi problemlərin olduğu danılmazdır. Əhalinin böyük bir hissəsi sosial problemlərdən əziyyət çəkir. Bu problemlər səslənir, təkrarlanır, ancaq nəticə etibarilə öz həllini tapmır. Sivil münasibətlər qurulduğu təqdirdə bu problemləri müzakirə etmək və həllinə nail olunması mümkündür. Çünki heç bir problem dərhal həll oluna bilmir. İşin qayəsi budur. Hazırda da bizim ölkəmizdə problemlər kifayət qədər çoxdur, amma onların mərhələ-mərhələ həllinə nail olmaq lazımdır. Bunun üçünsə xalq seçimini düzgün etməlidir. 


Güc mərkəzləri: Kim xalqın yanındadır?

Hazırda siyasi səhnədə mübarizə aparan 3 güc var ki, onları belə sıralamaq olar:Hakim komanda, sivil müxalifət və radikalizmi özlərinə peşə seçən ənənəvi müxalifət. Sonuncunun təmsilçiləri məlum Milli Şura, "Yurd” sədri Əli Kərimli və onlarla əməkdaşlıq edən bir-iki adamdır. Digər əsas qüvvə olan hakimiyyətin də imkanları və gücü məlumdur. Bəs xalqın sözünü deyən, hətta müxalifətdə olsa belə, onun problemlərini həll edəcək qüvvə hansıdır? Bu baxımdan Prezident seçkisinin 2018-ci ilin ilk yarısına təsadüf etməsi əslində dövlət və xalq adına yaxşı seçim imkanı verir. Burada əsas məsələ "xalq kimi seçəcək?" sualı deyil, "xalq kimə etimad edəcək" fikridir. Hətta proses elə məcrada davam edər ki, səsverməni uduzan, amma xalqın sözünü deyən namizəd xalqın fikirlərinin ifadəçisi ola bilər.  Bunun üçün cəmiyyətin seçim imkanı var. 

Bəs xalq kimi seçəcək?

Ümimiyyətlə, Azərbaycan cəmiyyəti üçün ən aktual suallardan biri budur: Cəmiyyət, o cümlədən, seçicilər, siyasilər sivil yolla mübarizəyə qoşulub xalqın qarşılaşdığı problemləri diqqət mərkəzinə gətirib həll yollarını göstərən müxalifəti,yoxsa boykot elan edib radikal mübarizə aparanları seçəcək? Ümidvarıq ki, xalqımız da, cəmiyyətimiz də,  siyasi dairələrimiz də hər zaman sivil münasibətlərin tərəfdarı olub və həm də biz bu münasibətlərə bir növ "acıq".. Əks halda, keçən illər ərzində xalq radikal "mübarizlər”in dağıdıcı siyasətinə dəstək verərdi. Ancaq görünən odur ki, xalq keçən bu müddət ərzində radikal, dağıdıcı ənənəvi müxalifətə dəstək verməyib və bu siyasətin xalq və  dövlət adına aparılmadığının fərqindədir. Ona görə də sivil mübarizənin bu dəfə qalib gələcəyinə inanrıq və əminik!

Dialoqa aparan seçki

Ona görə də əsas gözləntimiz bu seçkilərdə sivil mübarizə aparan, dialoq, əməkdaşlıq tərəfdarı kimi çıxış edən qüvvənin önə çıxacağıdır. Çünki radikalizmin yaratdığı problemlərin əziyyətini bütün zamanlarda xalq çəkib və indi də çəkməkdədir. Xalq güvəndiyi, səsini verdiyi, dəstək olduğu namizəddən problemlərinin həllini istəyir. Ən azından bu problemləri mütəmadi olaraq gündəmə gətirib mübarizə yolunu göstərənlərə ümid bağlayır. Xalqın problemlərinin həlli yolu isə sivil münasibətlərdən, iqtidar-müxalifət dialoqundan keçir. Seçkidən sonra hansı namizədin qalib gəlməsindən asılı olmayaraq iqtidar müxalifət arasında dialoq qurulmalıdır. Xalqın istəyi budur və ona görə də seçicilər bu seçkilərdə sivil müxalifətə dəstək verəcək. 

Siyasətində yeni səhifə

Bunun da əsas aparıcı qüvvəsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, prezidentliyə namizəd Razi Nurullayevdir. Çünki namizədlər arasında demək olar ki, hər çıxışını məhz bu istiqamətdə quran, bu səpkidə mesajlar verən yeganə namizəd Razi Nurullayevdir. Hesab olunur ki, 2018-ci il hakimiyyət üçün də əməkdaşlıq baxımından sınaq ilidir. Hakimiyyətə gələcək namizədin kiminlə əməkdaşlıq edəcəyi də önəmli məsələdir. Hakimiyyətə gələn namizəd sivil müxalifətlə əməkdaşlıq etməyi seçərsə, bu, Azərbaycan siyasətində yeni bir səhifənin açılması olacaq. Əgər belə olarsa, iqtidar-müxalifət arasında dialoq baş tutacaq və birgə müzakirə və fəaliyyətlə problemlər öz həllini tapacaq. Bu baxımdan, seçilən namizədin kiminlə əməkdaşlıq edəcəyi də vacib məsələdir. Bunun üçün qalib tərəf seçkidən qısa müddət sonra öz mövqeyini açıq şəkildə bildirməlidir. Seçkidən sonra iqtidar-müxalifət arasında sivil münasibətlər formamalaşmasa, dialoq mühiti yaranmasa, siyasi münasibətlərdə dəyişən heç nə olmayacaq. Yenə problemlər olduğu kimi qalacaq və radikal müxalifət bu problemləri özü üçün "gəlir" mənbəyinə çevirəcək. 

Problemlərdən çıxış yolu göstərən namizəd

"Cəbhəçilərin Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullyev də məhz bunu deyir. Demək olar ki, hər çıxışında radikal yox, sivil münasibətlərin qurulmasının vacib olduğunu vurğulayır. Görünən reallıqdır ki, radikal qüvvələr sivil mübarizə qaydalarına uyğun olmayan müxtəlif üsullarla qarşıdurmanı daha da dərinləşdirməyə cəhd edirlər. Onların əsas məqsədi isə çoxdan itirdiklərini qaytarmaqdır. Razi Nurullayev isə onlardan fərqli olaraq, problemlərin həlli üçün konkret təkliflər irəli sürür, proqramlar təklif edir. Bütün çıxışlarında "Prezident seçilməsəm belə, bu təkliflərimi seçilən hər hansı namizədlə bölüşəcək və həyata keçirilməsinə çalışacağam” deməsi onun fəaliyyətinin birbaşa dövlət və xalq üçün olduğunu göstərir. Razi Nurullayev açıq şəkildə bəyan edir ki, mübarizənin yolu da, qələbəsi də, xalqın problemlərinin həlli də məhz sivil münasibətlərdən, danışıqlardan, iqtidar-müxalifət dialoqundan keçir.

Həqiqət  də budur ki, problemlərini həll etməyin yeganə yolu dialoqdan keçir. Bir cəmiyyətin inkişafı, sabitliyi qarantı iqtidarla müxalifətin  əməkdaşlığıdır. 

Vilayət Muxtar






Həftənin ən çox oxunanları