Yuxarı

Pentaqonla gizli sövdələşmə

Pentaqonla gizli sövdələşmə

Prezident Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılacağına dair növbəti açıqlama verib. "Əsgərlərimizin evə geri dönməsini istəyirəm”-deyən Ağ Evin rəhbəri bunun vaxtının çatdığını bildirib. "İŞİD-ə qarşı mübarizədə ciddi uğur qazandıq. Hər kəsə qarşı silahlı mübarizədə uğur qazana bilirik. Ancaq bəzən evə dönməyin vaxtı gəlir. Bunu çox ciddi düşünürük. Hərbçilərimizi evə gətirmək, bu millətin yenidən qurulmasını istəyirik. Son yeddi ildə Orta Şərqdə yeddi trilyon dollar pul xərclədik. Amma əvəzində heç nə qazanmadıq ”-deyə prezident bəyan edib. Donald Tramp qeyd edib ki, ABŞ silahlı qüvvələri Suriyada qalarsa, onun maliyyələşməsini Səudiyyə Ərəbistanı ödəməlidir. 

Ancaq prezident Trampın açıqlaması ABŞ hökuməti daxilində əks-bəyanatlarla qarşılanıb. Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Jozef Voter və Amerika prezidentinin Terrorrizmlə Mübarizə üzrə müşaviri, general Bret Mak Kurk qoşunların Suriyadan çıxarılmasına qarşı olduqlarını deyiblər. 

"Biz İŞİD-lə mübarizə aparmaq üçün Suriyadayıq. Başa çatmayan bu vəzifəmizi tamamlamalıyıq”- Mak Kurq belə söyləyib. Baş qərargah rəisi isə bildirib ki, Suriyada sabitliyin təmin edilməsi üçün ABŞ hərbçilərinin bu ölkədə qalmasına ehtiyac var. Voter YPG terror təşkilatının bundan sonra da ABŞ-ın Suriyadakı əsas müttəfiqi olaraq qalacağını deyib: "Qarşımızda duran əsas vəzifə bu yerlərdə sabitliyi bərqərar etmək, insanların evlərinə qayıtmasını təmin etmək, yenidənqurma işlərinin problemlərini öyrənmək və onları həll etməkdir. Təbii ki, burada hərbi xidmətə ehtiyac var”- Bret Mak Kurqun sözlərinə görə, YPG-ni Fərat çayının sağ sahilinə keçirmək Menbiç bölgəsində Türkiyə ilə problemi həll etməyəcək. 

Lakin prezident Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılmasında israr edir. Hətta Ağ Evin rəhbəri Suriyada yenidənqurma məqsədilə 200 milyon dollarlıq vəsaitin ayrılmasını nəzərdə tutan fondun dondurulması barədə fərman verib. Buna baxmayaraq, qeyd edilən etiraz bəyanatları Suriya məsələsinə münasibətdə ABŞ prezidenti ilə Pentaqon arasında ciddi fikir ayrılığının yarandığından xəbər verir. 

ABŞ hakimiyyətində hərbçilərin Suriyada qalmasının tərəfdarı olan qüvvələr isə bunu daha çox İran amili ilə əsaslandırmağa çalışırlar. Ona görə də bəzi ekspertlər hesab edir ki, Vaşinqton yaxın gələcəkdə Suriyadan qoşunları geri çəkməyəcək, çünki onlar Dəməşq rejimində deyil, Amerikanın müttəfiqlərini təhdid edən İranı məhv etməkdə maraqlıdır.

Vaşinqtondan verilən son məlumata görə, sözügedən məsələ ABŞ Administrasiyasında müzakirə olunub. ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts jurnalistlərə açıqlamasında müzakirələrin nəticəsi olaraq, ABŞ qoşunlarının Suriyada qalması barədə qərar qəbul edildiyini deyib. Kouts onu da bildirib ki, məsələ öncə  prezident Donald Trampın sədrliyi ilə Ağ Evin Milli Təhlükəsizlik Şurasında müzakirə edilib. Kəşfiyyat rəhbəri qərarın mahiyyəti ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə açıqlama veriləcəyini deyib. 

Beləliklə, ABŞ hökumətində aparılan müzakirələrdən sonra alternativ mövqe tərəfdarlarının prezident Trampa qalib gəldiyini söyləmək olar. Ekspertlərin fikrincə, ABŞ siyasi istibleşmentində bu Suriya məsələsinə münasibətdə prezident Tramp ciddi siyasi təzyiqlə üzləşib. Hətta hərbçilər də bununla bağlı prezidentə qarşı  siyasi müxalifət rolunu oynayır.    

Politoloq Elşən Manafov hesab edir ki, D.Trampın Suriya ilə bağlı açıqlaması onun Rusiya prezidentini Vaşinqtonda ikitərəfli danışıqlara dəvət etməsi ilə bağlı ola bilər. Görünür, Amerika prezidenti görüş ərəfəsində hər iki dövlətin geosiyasi mənafelərinin toqquşduğu bir məkanda daha əlverişli bir mühitin yaradılmasında maraqlıdır: "Hadisələrin gedişatı göstərdi ki, Rusiya İran və Türkiyə ilə birləşərək Birləşmiş Ştatların Əsəd rejimini devirmək planlarının qarşısını ala bildi. Lakin Rusiyanın hava zərbələri olmasa idi, İŞİD-ə qarşı mübarizədə də müttəfiqlər ciddi uğur qazana bilməzdi. Donald Tramp hazırda Rusiya ilə Yaxın və Orta Şərqdə qarşıdurmaya getməyin yeni dünya nizamının yaradılmasında arzuolunmaz vəziyyət yarada biləcəyini nəzərə alır. Digər tərəfdən, Türkiyə ordusunun Afrin əməliyyatını başa çatdırdıqdan sonra Menbiç istiqəmətində irəliləyəcəyi gözlənilir. Əgər türk ordusu Menbiç əməliyyatına başlasa, həmin bölgədə PKK ilə yanaşı, ABŞ-ın hərbi bazaları arasında qarşıdurma yarana bilər. İndi bütün dünya həyəcanla nə baş verəcəyini izləyir. Əgər belə bir vəziyyət yaranarsa, çox güman ki, NATO vəziyyətə müdaxilə etməli olacaq.

Türkiyənin kifayət qədər, özünə inamlı addımlarının arxasında həm də Rusiya amili var. Türkiyə ABŞ-ın etirazlarına baxmayaraq, Rusiyadan "S-400” raketdən müdafiə sistemləri aldı. Düşünürəm ki, Menbiç istiqamətində Türkiyə ordusunun irəliləməsi dünyanı Üçüncü Dünya Müharibəsinın məngənəsinə doğru sürükləyə bilər. Görünür, Tramp bütün bu hərbi əməliyyatların aparılması üçün xərcləri həm NATO üzrə müttəfiqlərini, həm də Yaxın və Orta Şərqdəki strateji müttəfiqi olan Səudiyyə Ərəbistanının üzərinə yükləmək istəyir. Trapm prezident seçildikdən sonra NATO-dakı hərbi müttəfiqlərinə müraciət edərək ümumi daxili məhsulun 2 faizini alyansın məsrəflərinə ayırmağa çağırmışdı. NATO üzvləri bundan narazı qalsalar da, çağırışa əməl etmək məcburiyyətində qaldılar. Çünki Avropanın başı üzərində təhlükəsizlik çətirini ABŞ tutur. Digər tərəfdən, ola bilsin ki, ABŞ Suriyadan çıxmaqla İranla Səudiyyə Ərəbistanını üz-üzə qoymaq istəyir. Onsuz da bu iki düşmən dövlət arasında Yəməndə hərbi toqquşma gedir. Fikrimcə, Amerika bu addımı atmaqla özü üçün həyati maraqlarına cavab verən bir bölgədə iki müsəlman dövlətini qarşı-qarşıya qoymaq istəyir. 

Ümumiyyətlə, Tramp prezident seçildikdən sonra AB-ın maraqlarına cavab verməyən qərarlar qəbul edir. Bu da onun siyasi və hərbi cəhətdən səriştəsizliyindən irəli gəlir. Yəqin ki, ABŞ silahlı qüvvələrinin baş qərargah rəisinin bu məsələdə prezidentdən fərqli mövqe tutması ABŞ qoşunları bölgədən çıxarsa, hadisələrə hansı istiqamətdə gedə biləcəyi ilə bağlıdır. Güman edirəm ki, hərbi müttəfiqlərini Suriya bataqlığına salmaq, onların hərbi xərclərini artırmaq, onlara maliyyə kreditləri ayırmaqla özündən asılı vəziyyətə salmaq istəyir”. 

Politoloq onu da qeyd etdi ki, ABŞ prezidenti Suriya məsələsində siyasi deyil, daha çox daxili-iqtisadi maraqları üstün tutur. Yəni Donald Tramp məslələyə siyasətçi kimi deyil, biznesmen kimi yanaşır: "Tramp hələ 2016-cı ildə prezident seçkilərinə "Amerikanın işi biznesdir” şüarı ilə qatılmışdı. Tramp seçicilərinə vəd etmişdi ki, prezident olacağı təqdirdə, Amerikanın dünyada strateji maraqlarını qorumaqla yanaşı, diqqəti daxili problemlərin həllinə yönəldəcək. Pentaqonun isə maraqları bəllidir. Müdafiə Nazirliyi Ağ Evdən və Konqresdən əlavə vəsait, imtiyazlar istəyir. Prezident Tramp da həmin vəsaiti Birləşmiş Ştatlarda iqtisadiyyatın, sənayenin, bank sektorunun sağlamlaşdırılmasına, investisiya şəklində sosial sahəyə qoymaq istəyir. Ümumiyyətlə, Pentaqonun ABŞ prezidentinin əleyhinə çıxması çox nadir hallarda baş verib. 

Görünür, Pentaqonla Demokratlar Partiyası arasında, yəni Klintonun tərəfdarları ilə məxfi sövdələşmə var. Pentaqon tərəfindən Trampa təzyiqlərin güclənəcəyi təqdirdə, prezidentin impiçmenti məsələsi yenidən gündəmə gələ bilər. Bütün bu məsələlərə kompleks şəkildə yanaşmaq lazımdır. Donald Trampın isə silahlı qüvvələri Suriyadan çıxartmaqda məqsədi bu istiqamətdə ayrılan hərbi vəsaiti Birləşmiş Ştatların həyati maraqlarına cavab verən daxili problemlərinin həllinə yönəltmək istəyindən irəli gəlir. Bu da ABŞ prezidentinin məsələlərə siyasi deyil, biznes maraqlarından yanaşdığını göstərir”. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları