Yuxarı

AXCP ATƏT-in "bəraətinə” cavab verdi

AXCP ATƏT-in

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu” (DTİHB) müşahidə missiyasının 11 apreldə keçiriləcək prezident seçkilərində təxribat hazırlandığı ilə bağlı məlumatlar var. Məlumatlara görə, qurum seçkiləri boykot etmiş "Yurd” sədri Əli Kərimlinin maraqlarını müdafiə etmək məqsədilə, seçki məntəqələrinə yerli müşahidəçi qismində çox sayda ona yaxın adam yerləşdirib. Məsəd isə Əli Kərimlini siyasi səhnədə saxlamağa hesablanıb. 

Görünən odur ki, ATƏT Əli Kərimli ilə birləşib və artıq onun maraqlarından çıxış edir. Ən azından bu birliyin planları haqqında səslənən fikirlər bunu deməyə əsas verir. Belə ki, DTİHB seçki məntəqələrinə Əli Kərimliyə yaxın olan adamları yerləşdirməklə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, "Cəbhəçilərin Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullayevə verilən səslərin əslində digər namizədlərə verildiyini göstərməkdir. Razi Nurullayevin real olaraq alacağı səslərə kölgə salmaq niyyəti, prezidentliyə namizədin siyasi nüfuzuna xələl gətirmək istəyi açıq şəkildə görünür.

Qeyd edək ki, DTİHB-nin bundan öncə prezdident seçkiləri ilə bağlı yaydığı aralıq hesabatda namizədlər tərəfindən qəbul olunmadı, yayımlanan mövqeyinin qərəzli olduğu ifadə edildi. Bu məlumatlar ortaya belə bir sual çıxarır. ATƏT Azərbaycana niyə gəlib: "Ölü” dirildir, yoxsa müşahidə aparır?

AXCP-nin mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev "Cümhuriyət” qəzetinə şərhində deyib ki, ATƏT nümayəndələri Bakıya heç də öz vəzifəsini icra etməyə yox, həmişəki kimi sadəcə, gəzməyə gəlir. Partiya funksionerinin sözlərinə görə, ATƏT heç vaxt Azərbaycan maraqlarından çıxış etməyib: "Azərbaycanda seçki prosesinin şəffaf, problemsiz olduğunu deyə bilmərəm. Problemləri biz özümüz dəfələrlə dilə gətirmişik. Lakin bu, o demək deyil ki, məğlubiyyəti qəbul edib, mübarizəni bir kənara qoyub sakitcə oturmalıydıq. Biz keçmişə yox, gələcəyə baxmalıyıq və bu gün nə edəcəyimizə düzgün qərar verməliyik. Biz də düzgün addım atıb seçkidə iştiraka qərar verdik. O ki qaldı ATƏT-in hesabatına, mən ümumiyyətlə, bu qurumun fəaliyyətinə, hesabatlarına inanmıram, şəffaflığa, qərəzsizliyi barədə iddialarını da qəbul etmirəm.

Buna görə də bu hesabatı ciddiyə almıram. ATƏT Azərbaycanın maraqlarını düşünsəydi, illərdir Qarabağ məsələsində gözlə görüləcək bir addım atardı. Minsk qrupu illərdir bölgəyə turistik səfərlər edir Azərbaycanın  xeyrinə, bizim maraqlarımızı təmin edəcək, haqq mübarizəmizi beynəlxalq arenada müdafiə edəcək bir hesabat hazırlayıblarmı? Yox. Ona görə də, seçkilərlə bağlı hesabatı da qərəzsiz, obyektiv qəbul etmirəm. Ümumiyyətlə, onların nə dediyi artıq ictimaiyyətə də maraqlı deyil”.

Vüsal Qarayev deyib ki, təmsil etdiyi qurum fəaliyyətini, gördüyü işləri kiminsə maraqlarına qurban vermək niyyətində deyil. AXCP yetkilisi buna imkan verməyəcəklərini bəyan edib: "Dediyim kimi, problemlər həmişə olub. Biz çalışacağıq bu seçkidə eyni problemlər təkrarlanarsa, qarşısını alaq və ictimaiyyətə çatdıraq. 

Biz partiya olaraq bu yolda çox zəhmətlər çəkmişik, indi də çəkirik. Hər kəs görür ki, biz çalışırıq, seçkiqabağı təşviqat kampaniyasında yüksək aktivlik göstəririk, namizədimiz Razi Nurullayev hər gün xalqın arasındadır, bölgələrdədir, insanlarla vətəndaşla birbaşa təmasdadır. Biz bura gəlib çatana kimi söyüşlərə, təhqirlərə məruz qaldıq, bizi ləkələməyə, şərləməyə çalışdılar. Lakin dönmədik, yorulmadıq. Demək istədiyim odur ki, bu əziyyətimizə hansısa hesabat kölgə sala bilməz. Biz bir müxalifət partiyası olaraq əlimizdən gələni edirik. Kimsə bizim gördüyümüz işləri, fəaliyyətimizi öz şəxsi maraqlarına qurban verə bilməz. Buna imkan verməyəcəyik”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları