Yuxarı

Razi Nurullayev İlham Əliyevi təbrik etdi

Razi Nurullayev İlham Əliyevi təbrik etdi

AXCP sədri, namizədliyi "Cəbhəçilərin Təşəbbüs Qrupu” tərəfindən irləi sürülmüş Razi Nurullayev 11 aprel prezident seçkilərinin nəticələri ilə bağlı bəyanat verib.

Cebhe.info-ya daxil olan Bəyanatda deyilir:

"Səsvermənin ilkin nəticələrinə görə hazırkı dövlət başçısı İlham Əliyev qalibdir. Mən cənab İlham Əliyevi birincilik münasibətilə təbrik edirəm və Azərbaycanın siyasi və iqtisadi inkişafında yeni səhifə açmasını istəyirəm. Bu gün ölkəmizin hər bir vətəndaşının daha layiqli, daha xöşbəxt, daha uca yaşaması üçün resurslar var, bunun üçün də aparılan siyasi və iqtisadi islahatlar daha da dərinləşdirilməli, mövcud problemlərlə isə sistemli mübarizə genişləndirilməlidir.

Biz seçki kampaniyamız zamanı dedik ki, ölkədə sivil, kübar, siyasi mədəniyyətə söykənən bir siyasi mübarizənin, o cümlədən sivil iqtidar-müxalifət münasibətlərinin tərəfdarıyıq. Biz bu yöndə səylərimizi davam etdirəcəyik”.

AXCP sədri dinc siyasi mübarizənin və təkamül yolu ilə inkişafın tərəfdarı olduğunu bildirib: "Siyasi partiya olaraq tam demokratik inkişafın tərəfdarıyıq. Dedik ki, biz 30 illik tənqidin, barışmazlığın, radikallığın ziyanını çəkmişik, xalq da bizimlə bərabər bu narahatlıqların içində olub.

Onun üçün də seçdiyimiz yol, danışıqlar yolu ilə Azərbaycanda siyasi islahatları dərinləşdirmək, müxalifətin də ölkənin taleyüklü məsələlərində iqtidarla bərabər iştirakına nail olmaqdır. Biz demişdik ki, əgər proqramlarımızı özümüz həyata keçirə bilməyəcəyiksə, o zaman onu seçilən namizədə təqdim edəcəyik.

Əsas olan xalqın həyatını yüngülləşdirəcək proqramların həyata keçirilməsidir və biz səsləndirdiyimiz proqramların cənab İlham Əliyev tərəfindən həyata keçirilməsini istərdik. Biz də bu sahədə bütün köməklikləri göstərməyə hazırıq”.

Cebhe.info





Həftənin ən çox oxunanları